2024-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən təxminən 8,5 milyon sərnişinə səyahət xidmətləri təqdim edilib.
Bu barədə Marja-ya ADY-dən bildirilib.
Qeyd edilib ki, ardıcıl ikinci ildir ki, ADY xidmət göstərdiyi sərnişinlərin sayını rekord səviyyəyə çatdırıb, belə ki, 2023-cü ildə 7 milyondan çox sərnişinə xidmət göstərməklə rekorda imza atmışdı.
"Ötən il xidmət həcminin artmasının əsas səbəbləri yeni alınmış qatarların xəttə buraxılması, yeni dayanacaqların istifadəyə verilməsi, bayram günləri və həftəsonları əlavə reyslərin artırılması və ümumilikdə müştəri məmnuniyyətinin yüksəlməsi ilə əlaqədar olmuşdur. Bununla yanaşı, müştərilərə xidmətlərin təqdim edilməsi və müştərilərlə əlaqələrin qurulması sahələrində sürətli rəqəmsallaşma, eləcə də qatarların daxilində, stansiya və dayanacaqlarda modernləşdirmə və təkmilləşdirmə işləri də müştəri məmnuniyyətinin yüksəlməsinə xidmət etmişdir", - məlumatda deyilir.
Qeyd edilib ki, İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan yeni, müasir və komfortlu qatarlar sərnişinlərin mənzil başına daha rahat və təhlükəsiz çatdırılması məqsədilə 2024-cü ildə Bakı–Ağstafa–Bakı marşrutu üzrə istifadəyə verilib. Sərnişindaşımanın daha da genişləndirilməsi və sərnişin məmnunluğunun təmin edilməsi məqsədilə sürətli sərnişin qatarlarına ilk dəfə olaraq Ləki və Ucar stansiyalarında dayanacaq verilib. Bundan başqa, ADY-nin sərnişindaşıma strategiyasına uyğun olaraq, Bakı–Ağstafa–Bakı marşrutu üzrə reyslərin sayı yeni qatarların istismara verilməsi ilə 2-dən 4-ə çatdırılıb.
Azərbaycanın bütün regionlarını əlçatan etməyi hədəfləyən ADY 2024-cü ildə Bakı–Balakən–Bakı istiqamətində sərnişindaşımanın bərpası üçün bütün hazırlıqlarını tamamlayıb, Yevlax–Balakən sahəsində dəmiryol infrastrukturunda təmir işləri görülüb. 2025-ci il 3 yanvar tarixindən Bakı–Balakən–Bakı istiqamətində müntəzəm qatar reyslərinə start verilib. Hər iki istiqamətdə hərəkət edən qatarlar bölgənin əhalisi üçün nəqliyyat xidmətlərinin daha əlçatan olmasına, istər şimal-qərb istiqamətində yaşayan sakinlərə, istərsə də turistlərə səfərlərini rahat və təhlükəsiz planlaşdırmağa imkan verir.
Müştəri məmnuniyyətinin təmin edilməsi üçün sərnişindaşımada rəqəmsal həllərdən də geniş istifadə edilib. Əsas yeniliklərdən biri rayonlararası (şəhərlərarası) marşrutlar üzrə hərəkət edən sərnişin qatarlarına minik zamanı həm də elektron şəxsiyyət vəsiqəsinin göstərilməsinə imkan yaradılması olub. Belə ki, hər bir vətəndaşın “My.gov.az” portalından qeydiyyatdan keçməklə şəxsiyyətini təsdiq edən məlumatları QR kod şəklində əldə edərək səfər öncəsi qeydiyyatdan keçmək üçün vaqon bələdçisinin validatorunda (məlumatları yoxlama cihazı) oxutmağa təqdim etməsi kifayətdir.
Bundan əlavə, ötən ilin sentyabr ayında Bakı, Sabunçu, Sumqayıt, Gəncə, Qəbələ vağzallarında, Koroğlu, Bakıxanov, Pirşağı, Goran, Ağstafa stansiya və dayanacaqlarında pulsuz “Wi-Fi” xidməti istifadəyə verilib. Sərnişin rahatlığının tam təmin edilməsi məqsədilə rayonlararası marşrutlar – Bakı–Ağstafa–Bakı, Bakı–Qəbələ–Bakı və Bakı–Balakən–Bakı marşrutları ilə hərəkət edən qatarlarda da pulsuz “W-Fi” xidməti aktiv edilib, yazışmalar və onlayn axtarış üçün rahat internet bağlantısı təqdim olunub.
2023-cü ildə istifadəyə verilmiş “ADY Mobile” mobil tətbiqindən istifadə edənlərin sayı artaraq ötən il yüklənmə sayı 172 mini ötüb. 2024-cü ilin sentyabrdan tətbiqinə başlanılan loyallıq proqramı şəhərətrafı qatarlarla səfər edən sərnişinlərə “ADY Mobile” tətbiqi vasitəsilə daha sərfəli və rahat səyahət imkanları yaradıb. Belə ki, gedişlər üzrə 3% “cashback”, eləcə də qeydiyyat, dostun dəvət edilməsi, sorğularda iştirak və qiymətləndirmələr zamanı bonus qazanılması kimi bir sıra funksiyalar mobil tətbiqdən istifadəni populyarlaşdırıb. Həmçinin 2024-cü il 1 noyabr tarixindən rayonlararası (şəhərlərarası) marşrutlar üzrə dinamik qiymət siyasətinə keçilib. Artıq səfərə 30-25 gün qalmış və əks istiqamətdə oturacağa bilet almış sərnişinlər 15% endirimdən yararlana bilirlər.
Müştəri məmnuniyyətinin ölçülməsi məqsədilə Abşeron dairəvi üzrə stansiyalarda QR kod sorğu stikerləri yerləşdirilib.
Bilet kassalarında yeni nəsil pos-terminalların bilet satış sisteminə inteqrasiya prosesi testi aparılıb. Azərbaycan Dəmiryol Muzeyində bilet satış sisteminin və özünəxidmət köşkünün avtomatlaşdırılması işi yekunlaşaraq Abşeron dairəvi bilet satışı sisteminə inteqrasiya edilib.
Sərnişinlərin rahat səyahəti üçün Abşeron dairəvi dəmiryol xəttində də bir sıra yeniliklər tətbiq edilib. Bu marşrut üzrə səfər edən sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Bakı Dəmiryol Vağzalı və Koroğlu dayanacağında turniketlərin sayı artırılıb, sərnişinlərin platformalara keçidi sürətlənib. Turniket sayı 28-dən 36-ya çatdırılmış Bakı Dəmiryol Vağzalında 1 dəqiqədə maksimum buraxılış gücü 750 nəfərdən 1000 nəfərə, turniket sayının 4-dən 10-a artırıldığı Koroğlu dayanacağında isə 108 nəfərdən 270 nəfərə yüksəlib.
"Bütün bu addımlar sərnişindaşıma göstəricilərində yüksək artım tempinə zəmin yaradıb. Belə ki, dəmir yolları ilə ölkə daxilində daşınmış sərnişinlərin sayı 2021-ci ildə 2,8 milyon, 2022-ci ildə 5,2 milyon, 2023-cü ildə isə 7,1 milyon, 2024-cü ildə isə təqribən 8,5 milyon nəfər təşkil edib. Yəni 2023-cü ildə olduğu kimi, ötən il də nəzərdə tutulmuş hədəf aşılaraq ilk dəfə il ərzində 8 milyondan çox sərnişin daşınıb. 2024-cü ildə həftəiçi bəzi günlərdə sərnişin sayı 37 minə qədər yüksəlib, 2023-cü ildə bu göstərici 30 min olub.
Hər kəsə bərabər imkanlar yaratmağı hədəfləyən ADY inklüziv cəmiyyət prinsiplərinə xüsusi önəm verir, maneəsiz səyahətin təmin edilməsi baxımından davamlı olaraq kompleks tədbirlər həyata keçirir. ADY əvvəlki illərdə olduğu kimi, ötən il də bütün sərnişinlərə bərabər səyahət imkanlarının yaradılması istiqamətində bir sıra işlər görüb. Buna misal olaraq autizmli şəxslərin cəmiyyətimizə inteqrasiyası üçün bir çox layihələr həyata keçirilib, qatar bələdçiləri həssas qruplarla davranış qaydaları barədə təlimlərə cəlb edilib. Həmçinin autizmli şəxslərin cəmiyyətə qazandırılması istiqamətində çalışan təşkilatlarla sıx əməkdaşlıq edilir, müntəzəm olaraq maarifləndirici tədbirlər həyata keçirilir.
Bununla yanaşı, qatarlarda inklüziv səyahətin təmin edilməsi məqsədilə əlilliyi olan şəxslər üçün yönləndirmə sistemləri və dəstəkləyici xidmətlər təklif olunur. İstər oturacaqlarda nömrələmə sistemi, istərsə də digər məlumat lövhələrində yazılar Brayl əlifbasında təqdim olunur, xüsusi giriş qapısı, sanitar qovşaq, oturacaqlar nəzərdə tutulub. Həmçinin onlayn bilet alışı zamanı sərnişinlərimiz üçün rəsmi saytımızda müyəssərlik menyusu seçimi yaradılıb. Müyəssərlik menyusu epilepsiya, disleksiya, görmə qabiliyyəti məhdud, koqnitiv pozğunluğu olan istifadəçilər, bir sözlə, sağlamlıq imkanları məhdud sərnişinlər üçün nəzərdə tutulub. Həmin şəxslər menyuya daxil olmaqla saytın görünüşünü, kontrastını, mətnin ölçü və aralığını dəyişərək öz fərqliliklərinə uyğunlaşdıra bilərlər.
Bütün bu işlərin görülməsində, mühüm irəliləyişlərin əldə olunmasında ADY-nin işçi heyətinin rolu əhəmiyyətlidir. Sərnişinlərlə birbaşa ünsiyyətdə olan əməkdaşlar yüksək keyfiyyətli xidmət göstərmək üçün etiket qaydaları, müştərilərlə davranış və ingilis dili üzrə təlimlərdə, həmçinin ətraf mühitin mühafizəsi mövzusunda seminarlarda iştirak ediblər.
Mütəmadi olaraq sərnişin yönümlü təşəbbüslərlə çıxış edən Azərbaycan Dəmir Yolları 2024-cü ildə də missiyasına sadiq qalaraq sərnişinlərin rahat və təhlükəsiz daşınmasını səmərəli şəkildə təşkil edib, xidmət keyfiyyətini yüksəldib",- məlumatda deyilir.