1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Yanvarın 6-da Şimali Koreyanın buraxdığı ən son hipersəs ballistik raketi ilə bağlı təfərrüat məlum olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyindən məlumat verilib.
Məlumata görə, raketin buraxılışını ölkə lideri Kim Çen In, eləcə də ölkənin hərbi rəhbərliyi şəxsən izləyiblər.
Uğurlu buraxılışı şərh edən Kim Çen In bildirib ki, yeni hipersəs raketinin yaradılmasında məqsəd özünümüdafiədir, hücum xarakterli məqsədlər deyil. Eyni zamanda, o vurğulayıb ki, Şimali Koreyanın yeni hipersəs raketi dünyada istənilən raketdən müdafiə sistemini effektiv şəkildə aşmağa qadirdir. Kim Çen Inın sözlərinə görə, yeni hipersəs raketi Asiya-Sakit Okean regionunda Şimali Koreyanın təhlükəsizliyinə təhdid yaradan istənilən rəqibi etibarlı şəkildə çəkindirmək üçün nəzərdə tutulub.
"Qlobal miqyasda yalnız bir neçə ölkə belə bir silah sisteminə sahibdir", - deyə o qeyd edib.
Kim Çen In, həmçinin, əmin olduğunu bildirib ki, sınaq buraxılışı Şimali Koreyanın hər hansı təhlükəyə cavab verməyə qadir olan tükənməz müdafiə texnologiyalarının potensialını, eləcə də onların inkişaf tempini nümayiş etdirib.
Bundan əlavə, Koreya Mərkəzi Teleqraf Agentliyi yeni raketin bəzi xüsusiyyətlərini də açıqlayıb.
Belə ki, hipersəs raketinin sürəti səs sürətini 12 dəfə üstələyib, buraxılış zamanı isə raket 99,8 km yüksəkliyə qalxıb. Raketin açıq sularda 1 500 km məsafədəki hədəf əraziyə dəqiqliklə düşdüyü də vurğulanıb.
Həmçinin, nəzərə çatdırılıb ki, hipersəs raketinin mühərrik korpusunun hazırlanması üçün karbon lifləri ilə gücləndirilmiş yeni kompozit materialdan istifadə edilib.
Xatırladaq ki, yanvarın 6-da Şimali Koreya Yapon dənizinə doğru ortamənzilli ballistik raket atıb və Pxenyanın bu son addımı yanvarın 20-də ABŞ-də hökumətin başına keçməyə hazırlaşan Donald Tramp və onun hökumətinə qarşı hədə-qorxu kimi şərh edilib.