Prezidentin müsahibəsində Ermənistan və havadarlarına verdiyi mesajlar: “Düzgün dəyərləndirilməlidir” - ŞƏRH
“Prezident İlham Əliyev ötən gün yerli televiziya kanallarına verdiyi müsahibədə bir çox məqamla bağlı sualları cavablandırdı”. Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. Deputat bildirib ki, Prezident müsahibəsində Fransa və Ermənistanla bağlı da bəzi məsələlər toxunub. “Dövlət başçısı eyni zamanda Fransanın Ermənistanı qızışdırması, Ermənistana sülhün imzalanması ilə bağlı təzyiqin göstərilməsi, real addım atmasında maneçilik törətməsi xüsusilə qeyd edildi. 2020-ci il Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli bəyanat imzalanıb. Həmin bəyanatda Azərbaycanın və Ermənistanın üzərinə götürdüyü öhtəliklər var. Təəssüflər olsun ki, Ermənistan həmin öhtəlikləri yerinə yetirmir, boyun qaçırır. Xüsusilə də Zəngəzur dəhlizinin açılmasına əngəl törədir, müxtəlif bəhanələr gətirir. Zəngəzur dəhlizi açılmayacağı təqdirdə, yəni Azərbaycanın böyük hissəsi ilə Naxçıvan arasında quru əlaqəsi heç bir maneəsiz təmin olunmayacağı təqdirdə Ermənistanla hansısa digər kommunikasiyaların açılması, sərhəd məntəqələrinin açılması mümkün olmayacaq. Bu çox önəmli açıqlama idi”. Deputat deyib ki, Ermənistanı müharibəyə hazırlaşdıran əsas ölkə Fransadır. “Bu da istər-istəməz sülh prosesini müəyyən qədər ləngidir. Ancaq Ermənistan anlamalıdır ki, Fransa və digər hərhansı bir bir dövlətin Ermənistanı cəsarətləndirməsi çətin anda onlara dəstək verəcəkləri mənasına gəlmir. Həmin an hansısa açıqlamalar verəcəklər, uydurma bəyanatlar səsləndirəcəklər, nəticədə isə olan Ermənistana və erməni xalqına olacaq. Bu baxımdan Ermənistan mövcud reallığı düzgün dəyərləndirməlidir, Azərbaycanın uzatdığı əli geri çevirməməlidir. Əldə olunmuş bu yaxınlaşmanı düzgün dəyərləndirməli, Azərbaycanla sülh masasına oturaraq səmimi ortamda və real addımlar ataraq bu sülhü imzalamalıdır. Əks təqdirdə Ermənistan özünü dalana salacaq, bu da istər-istəməz Ermənistanın müstəqilliyinin daha da zəifləməsinə və yaxın gələcəkdə ümumiyyətlə milli təhlükəsizliyini təmin etməməyə qədər gətirib çıxara bilər”. “Mən düşünürəm ki, cənab Prezidentin ötən gün səsləndirdiyi fikirlərdən sonra, həm Ermənistanın hərbi-siyasi rəhbərliyi, həmçinin Ermənistanın havadarları prosesləri düzgün dəyərləndirərək Ermənistanda maneçilik törətməyəcək və real addım atmasına qarşırmayacaqlar” – deyə N.Həmzəyev əlavə edib: “Xüsusilə də cənab Prezidentin “əgər real təhlükə olacağı təqdirdə Azərbaycan bunun qarşısını alacaq” ifadələrini işlətməsi revanşist fikirlərlə yaşayan, revanşist düşüncələri təbliğ edən qüvvələrə də sərt mesaj idi. Onlar da düzgün nəticə çıxarmalıdırlar ki, Azərbaycanla güc, təhdid dili ilə danışmağın mənası yoxdur. Nəzərə alınmalıdır ki, Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə çaldıqdan sonra da öz ordusunu inkişaf etdirib, komando tipli hərbi hissələr formalaşdırıb, professional hərbçilərdən ibarət ordu birləşməmiz var, həmçinin müasir texninaların, silahların Azərbaycan Ordusuna cəlb edilməsi prosesi davam etdirilir”. N.Həmzəyev əlavə edib ki, Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü il sentyabrın 19-20-də Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri buna nümunədir. “Dövlət başçısı qeyd etdi ki, bu, antiterror tədbirləri Şuşa əməliyyatına bərabər idi. Bu da o deməkdir ki, Azərbaycan Ordusu daha da güclənib. Azərbaycan bütün strateji yüksəklikləri özündə saxlayıb. Ermənistanın Azərbaycana güc nümayişi, qalib gəlməsi faktiki olaraq düzgün deyil. Əksinə hər dəfə Ermənistanın təxribatlara əl atması özlərinin rəzil vəziyyətə düşməsinə gətirib çıxaracaq”. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. Cənab Prezident müsahibə zamanı insanları düşündürən bir çox sualı təfsilatlı şəkildə cavablandıraraq vacib məqamlara geniş yer verib.