AZ

Qədim tarix və mədəniyyətimizin keşikçisi - “Keşikçidağ” məbədi

Dünya tarixinin ən qədim mədəniyyət abidələrindən biri olan “Keşikçidağ” məbəd və mağaralar kompleksi xalqımızın bu torpaqlarda qədimliyini göstərən əyani nümunədir 2003-cü ildə redaktor kimi işlədiyim region televiziyasına müraciət edən tovuzlu iş adamı, araşdırmaçı Fikrət Nəsrəddinzadə məlumat verdi ki, Ağstafa rayonunun ərazisində Gürcüstanla sərhəddə yerləşən Keşikçi dağı adlı qədim alban məbədi kompleksində və qədim mağaralarda gürcülər qazıntı və dəyişdirmə işləri aparır, abidəyə öz qədim əlifbalarında yazılar qazıyır, qədim alban yazılarını və simvollarını silirlər. Onunla birlikdə əraziyə gedib, Tovuz televiziyası (SmTv) üçün oradan reportaj etdik, hazırladığımız məqaləni Tovuzda çıxan “SmPress” qəzetində də dərc etdik, materialları və müraciətimizi müvafiq dövlət orqanlarına göndərdik. Bu həyəcan təbilindən sonra əraziyə Bakıdan xüsusi qrup göndərildi, məsələ nəzarətə götürüldü, sonralar iki ölkənin müvafiq orqanları arasında müəyyən danışıqlar getdi. 2007-ci ildə isə Prezident İlham Əliyevin sərəncamı ilə həmin ərazidə “Keşikçidağ” Dövlət Tarix Mədəniyyət Qoruğu yaradıldı. Qoruq kompleksinə 70-dək mağara, 1 qala, 2 məbəd və 1 inanc yeri daxildir. Gürcülərin əsassız iddialarına qarşı əks arqumentlər Gürcülər bu kompleksdə yerləşən məbədin xristian monastrı olduğunu iddia edir və son dövrlərdə oraya gürcülərin ibadət etmək üçün getdiyini əsas gətirərək abidənin onlara məxsus olmasını tələb edirlər.Lakin unudurlar ki, əvvəla Qafqazda ilk xristianlar bizim ata-babalarımız olan albanlar olub və bu məbəd də onların irsidir. Sonradan islamı qəbul etməyə məcbur olan xalqımız xristianların abidəni ziyarət etməsinə şərait yaradıb.İkincisi, nəinki bu ərazi, əksinə Tiflisədək olan ərazi - Borçalı bizim qədim yurdumuzdur- ərazidəki qədim toponimlər, abidələr bunu əyani surətdə göstərir. Əhalinin etnik tərkibi, qədim tarixi mənbələrin qeydləri də bunu göstərir.Üçüncüsü, bu inanc yeri xristianlığa aid deyil, ondan əvvəlki dövrlərə- zərdüştlük dövrünə aiddir, sadəcə xristianlıq dövründə də istifadə olunub və əlavə tikililər də edilib. Gürcülər bu məbədə yalnız XI-XII əsrlərdə gəlməyə başlayıblar. Məbəddə və mağaralarda müasir dövrlərdə aparılan “düzəlişlər”- gürcücə divarlara qazılan yazılar, simvollar bunu açıqca sübut edir. Çünki bu yazılar, simvollar məbədin yaşından xeyli gəncdir. Tarixçi: “Bu xristian monastrı yox, sırf alban məbədidir” Araşdırmaçı Şəhla Cabbarlı deyir ki, babalarımız qədimdə buraya "Qaraca", yaxud da "Keşikçi" məbədi deyirdilər. Sırf alban məbədidir. Bu abidə orta əsrlər kilsə-monastr memarlıq üslubunda tikilib. Ərəb işğalından sonra Albaniya dövləti süqut etsə də, yenə də alban monastrı fəaliyyət göstərirdi. XI əsrdə bölgədə ərəb əmirlikləri zəifləyib, gürcü siyasi varlığı gücləndiyindən monastr siyasi olaraq gürcülərin əlinə keçir, onların kilsəsinə tabe edilir və qurucu Davidin adı ilə, David Qareci adı ilə fəaliyyət göstərir. Sonradan onun divarlarında gürcülərə aid bəzi oymalar və rəsmlər çəkilib”.Tarixçinin sözlərinə görə, son əsrlərdə məbəd istifadəsiz qalıb, amma indi nədənsə birdən yada düşüb: “Çar Rusiyası Qafqazı işğal etdikdən sonra monastrın ərazisi Gəncə və Tiflis Quberniyalarının sərhəddində qalıb. Çox az fəaliyyət göstərib, Sovet dövründə isə ümumiyyətlə fəaliyyət göstərmirdi. İndi gürcülərin buraya iddiası artıq həm siyasi, həm iqtisadi maraqlar güdür”.Bir çox tarixçilər və qədim mədəniyyətlərin tədqiqatçıları alban məbədlərinin çoxunun xristianlıqdan da əvvəlki dövrə- zərdüştlük dövrünə adi olduğunu qeyd edirlər. Bu məbədlərdə od ayinlərinin keçirilməsi, zərdüştlük dininin rituallarının hakim olmasını dünya tarixçiləri də qeyd edirlər. Sadəcə, Albaniyada xristianlıq hakim olanda həmin məbədlərdən də istifadə olunub. Tədqiqatçı: “Bu tapınaq xristianlıqdan daha qədim dövrə aiddir” Tədqiqatçı Fikrət Nəsrəddinzadənin sözlərinə görə, gürcülərin iddiası bu abidənin yaşını kiçildir: “Biz, bir neçə həvəskar tədqiqatçı 2000-2006 ci illərdə “Keşikcidag” mağaralarında Ağstafa mədəniyyət mərkəzinin rəhbər işciləri ilə birlikdə araşdırmalar aparmışıq. O dövrlərdə bizim bu tarixi yer haqda coxsaylı məqalələrimiz dərc olunub və Tovuzda fəaliyyət göstərən “Simurq” televiziyasında bu haqda bir sənədli film də çəkib numayiş etdirmişdik. Mənim gəldiyim məntiqi nəticə budur ki, o mağaraların tarixi eramızdan əvvələ gedib çıхır və xristianlıqdan çox əvvəlin abidəsidir”.Həmsöhbətimiz bildirir ki, xristian-gürcü müqəddəsi sayılan David Qareci müsəlmanların təqiblərindən qaçaraq öz ardıcılları ilə ora sığınanda bu magaralar və məbəd artıq mövcud olub: “Tarixçilərimizin nəzərinə bir maraqlı faktı çatdırmaq istəyirəm ki, mağaraların yerləşdiyi dag silsiləsinin adı "Qanqlı"dır. Məlumdur ki, qədim Kəngərli soyunun da bir adı "Kanqlı" kimi səslənir. Alazan çayının da adı dilimizdə "Qanıx"dır.Biz orada araşdırma apararkən mağaraların ətrafında daha erkən inanc formalarına aid daş abidələrə rast gəlirdik. Onların foto və videosunu çəkib Tarix İnstitutuna və sair yerlərə göndərmişdik, məqalələrimdə də fotolarını dərc etdirirdim. Ancaq mənə məlum olduğu qədər peşəkar tarixçilərimiz tərəfindən bu barədə hec bir elmi araşdırma aparılmayıb. Çox əfsuslar olsun ki, biz öz qədim, islamdan qabaqkı dövrə aid tarixi abidələrimizə indiyə qədər sahib çıxmırıq, Alban dövrünə aid abidələrimizin çoxu dağ və dərələrdə məhv olub gedir, çox vaxt isə yerli əhali tərəfindən tövlə kimi istifadə olunur”. “Keşikçidağ” məbədi zərdüşti babalarımızın mirasıdır Araşdırmalarımız zamanı tədqiqatçının dediklərini təsdiq edən bəzi faktlara rast gəldik. "Qafqaz" qəzetinin 1847-ci il buraxılışlarının məcmusunun elektron kataloqunda Vışeslavtsev P.- adlı səyyah müəllif “Tiflisdən Vladiqafqaza qədər yol qeydləri” məqaləsində yazır ki, gürcülər özləri etiraf edirdilər ki, dağlarda oyulmuş kvadrat mağaralar Zərdüşti Gebrlərin dövrünə aiddir. Onları hətta gebrlərin sərdabələri də adlandırırlar, ölənləri yandırdıqdan sonra onların insan üçün əlçatmaz olan külünü burada saxlayırdılar. Gebrlər isə zərdüştlüyə sitayiş edən ən qədim icmadır. Gürcü tarixçiləri zərdüştlüyün Gürcüstan ərazisində xristianlıqdan əvvəl yayıldığını inkar etmirlər.Zərdüştlüyün isə gürcülərə heç bir aidiyyatı olmadığı dünya tarixinə dəqiq məlumdur. Qədim yunan mənbələri Zərdüşt peyğəmbərin və onun gətirdiyi müqəddəs kitab olan Avestanın Troya müharibəsindən 5-6 min əvvələ aid olduğunu qeyd edir, nüfuzlu avestaşünasların tədqiatlarında da bu təsdiq olunur. Bu tarix isə 8-9 minillik bir mədəniyyəti işarə edir. Bu mədəniyyətin Qafqazda varisləri isə Azərbaycan xalqıdır. Azərbaycanda zərdüştlüyə aid toponimlər, mədəni abidələr, məbədlər çoxdur. Onlardan biri də “Keşikçidağ” məbədidir. “Keşikçidağ" məbədlərinin strateji əhəmiyyəti Məlumdur ki, ərəb işğalı dövründə islama aidiyyatı olmayan abidələr dağıdılırdı və ya xristianlara verilirdi ki, bu da o dövr ücün başa düşüləndir. Biz bir həqiqəti anlamalıyıq ki, bugünkü müstəqil Azərbaycan dövləti bu ərazidə mövcud olan bütün qədim dövlətlərin, o cümlədən Albaniyanın varisidir. Buna görə də, torpaqlarımızda yerləşən bütün abidələr dünyaya rəsmi olaraq bizim mədəni irsimiz kimi təqdim edilməlidir.“Keşikçidağ” məbəd və mağaralar kompleksi ölkəmizdə, eləcə də bütün Qafqazda ən qədim tarix-mədəniyyət abidələrindən biridir. Belə tarixi abidələr, məbədlər Qafqazda kimin yerli xalq olduğunun əsas göstəricilərindən biridir. İkincisi də, buranı böyük tarixi turizm mərkəzinə çevirə bilərik və ölkəmiz bundan yüz milyonlarla pul qazana bilər.Ötən il “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğuna baxış keçirilərək orada təmir-yenidənquruculuq işlərinin görülməsinə qərar verilib. Ümidvaram ki, tezliklə bu qədim abidəmizi dünya turizminə açacaq və dini ziyarətçilərə təqdim edəcəyik.Yekun olaraq, “Keçikçidağ” kompleksi həddən artıq strateji, siyasi, iqtisadi, elmi, mədəni əhəmiyyətə malikdir. Ona görə də, dövlətimiz bu komplekslə bağlı heç bir güzəştə getməməli, onun bütünlükdə sərhədlərimiz daxilində qalmasını təmin etməlidir.Lalə Mehralı

Seçilən
522
sesqazeti.az

1Mənbələr