AZ

Tələbələrin geyim və saqqal qalmaqalı - məsələ böyüyür

Universitet deyir, “saqqalsız gəlin”, “abırlı geyinin”, tələbələr isə “üsyan” edir 

Xəbər verdiyimiz kimi, Bakı Biznes Universitetində bir qrup tələbə ilə rəhbərlik arasında gərginlik yaşanıb. Bildirilib ki, buna səbəb saqqal saxlayan oğlanların dərsə buraxılmaması olub. Zaman-zaman ölkəmizdə universitetlərin tələbələrə “şortik geyinmək qadağandır”, “saqqal saxlamaq olmaz”, yaxud da “qızlar açıq-saçıq paltarlar geyinməsinlər” tipli qadağalar tətbiq etdiyinə şahid oluruq. 

Əksər hallarda belə xəbərlər bir müddət ictimaiyyətin diqqətində qalır. Amma sonra unudulur. Növbəti geyim qalmaqalı yaşanana qədər həmin hadisəni yada salan belə olmur. Tələbələr etiraz edir ki, heç kim bizim geyim, saqqal formamıza qarışa bilməz. Universitet rəhbərləri isə bu qadağaların daxili intizam qaydalarına əsasən müəyyənləşdirildiyini bildirirlər. Bəs görəsən, qanun və dünya təcrübəsi bu haqda nə deyir? 

Qanun deyir ki, hamı istədiyi kimi geyinə bilər  - təhsil müəssisəsinin nizamnaməsi nə deyir? 

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 14.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasında bütün təhsil müəssisələrində (dövlət ümumi təhsil müəssisələri istisna olmaqla) təhsilalanların geyim formaları təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir:

Dövlət ümumi təhsil müəssisəsində təhsilalanların geyim formaları “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Təhsil müəssisəsi aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsasında bu qanuna, digər normativ hüquqi aktlara və öz nizamnaməsinə uyğun idarə edilir. Həmin qanunun 32.5-ci maddəsinə əsasən təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etmək, təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara əməl etmək təhsilalanların vəzifəsidir".

Qanunvericiliyin tələbindən göründüyü kimi, təhsilalanlar təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etməlidirlər. Lakin qeyd edilən saç-saqqal, geyim və s. tələblərlə ilə bağlı normativlər təhsil müəssisəsinin nizamnaməsində göstərilməlidir. Əgər nizamnamədə belə bir tələb qoyulmayıbsa təhsil müəssisəsinin tələbələrə müxtəlif qadağalar qoyması əsassızdır. Ekspertlər də günlərdir mövzu ilə bağlı bildirirlər ki, hər bir halda tələbələrə dress kod qaydaları ilə bağlı qoyulan qadağalar onların konstitusion və konvension hüquqlarını pozmamalıdır. Təhsil müəssisəsinin qadağalarını hüquqa uyğun hesab etməyən tələbə bunu məhkəmədə mübahisələndirə bilər.

Zaman-zaman yerli ali təhsil müəssisələrində tələbələrə geyim və arici görünüşlə bağlı qadağaların tətbiq edilməsi mövzusunda narazılıqlar səsləndirilir.  Son olaraq Elm və Təhsil Nazirliyi ümumi təhsil müəssisələri ilə bağlı hazırlanan qaydaları ictimaiyyətə təqdim etdikdən sonra bəzi universitetlərə bu qaydaları tələbələrə tətbiq etmək haqqında təlimat verildiyi bildirildi.

Bəs ali təhsil müəssisələrində tələbələrə bu kimi qaydaların tətbiqi nə dərəcədə doğrudur?

 

“Azərbaycan universitetləri” təhsil səhifəsinin idarəçisi Zöhrab Süleyman daha öncə AzEDU-ya açıqlamasında bəzi tələbələrin geyimlərinin görkəmli olduğunu söyləyib: “Hazırda universitetlərdə tələbələrin geyimlərinə hər hansı qayda tətbiq edilmir. Yalnız xüsusi təyinatlı universitetlər, Milli Aviasiya Akademiyası, Dövlət Dəniz Akademiyası, Gömrük Akademiyasında uniformalar tətbiq olunur. Səmimi söyləsək, bu akademiyaların tələbələri uniformalarla bir ayrı yaraşıqlı görünür. Əvvəllər vahid geyim formasına loyal yanaşa bilmirdim. Düşünürdüm ki, artıq yetkin tələbələr nə geyinəcəklərinə özləri qərar verməlidir.

Son zamanlarda isə bir çox universitetlərdə gördüyüm mənzərə fikirlərimi tamamilə alt-üst etdi. Bəzi tələbələr universitetlərə elə geyimdə, elə görkəmdə gəlirlər ki, tələbə biletini görməsən onun tələbə olduğunu anlaya bilməzsən. Bu, təbii ki, bəzi tələbələrə aiddir".

O, universitetin geyim qaydaları ilə bağlı qərarları tələbələrlə müzakirə etməli olduğunu bildirib: “Əgər tələbə səliqəli geyimlə dərsə gəlsə, inanmıram hər hansı müəllim və ya hər hansı universitet rəsmisi ona nəyisə qadağa qoysun. Məsələn, keçmiş ADNA-da illər öncə "şəpit və çəkələklə, şortiklə giriş qadağandır" elanı səhifəmizdə ictimailəşmişdi. Sumqayıt Dövlət Universitetində oğlan tələbələrə saqqal qadağası qeyri-rəsmi formada hələ də qüvvədədir. Açığını desək, biz bu məsələdə neytral mövqedəyik. Universitetlər müəyyən bir “dress code” tətbiq etməzdən öncə tələbələrlə bunu müzakirə etməlidir. Bunun tətbiq edilməsinə qarşı deyilik, sadəcə, tələbələrlə məsləhətləşmədən tətbiq edilməsini məqbul saymırıq".

“Tələbələr də geyimlərinə, görkəmlərinə fikir verməlidir. Hər bir universitetin daxili nizam-intizam qaydaları var. Universitetlər də tələbələr arasında bir növ maarifləndirmə işi aparmalıdır. Qadağalarla bu iş alınmaz”, - deyə o qeyd edib.

Tibb Universiteti də şort və mayka ilə bağlı qadağa qoymuşdu 

“Yeni Müsavat” xatırladır ki, 2022-ci ildə də Azərbaycan Tibb Universitetinin (ATU) kitabxanasına şort və mayka ilə girişin qadağan olunması qalmaqala səbəb olmuşdu. Həmin vaxt ATU-nun mətbuat xidmətindən bildirilmişdi ki, elan bəzi tələbələrin müraciəti əsasında yerləşdirilib və universitetin daxili nizam-intizam qaydalarına uyğundur. 

“Təhsil haqqında” Qanunda və Tədrisin təşkili qaydalarında təhsil müəssisəsinin geyim məhdudiyyəti tətbiq edə biləcəyi göstərilib: “Nümunəvi nizamnamənin 1.7-ci bəndində hər bir təhsil müəssisəsinin elmi şurasının bu tipli qaydanı qəbul etmək səlahiyyəti var. Amma bu o halda olur ki, həmin təhsil müəssisəsinin keyfiyyəti göz önündə olur. Bu gün Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq reytinqi o qədər yüksək deyil ki, bu tipli məsələləri tələb olaraq ortaya qoysunlar.

Amma müstəqil ekspertlər, tələbələr və onların valideynləri hesab edirlər ki, burada əsas məsələ təhsilin keyfiyyətidir. Ali məktəblər bəzən yüksək səviyyəli təhsil vermədikləri halda, belə məsələlərlə tələbələri incidir və diqqəti əsas problemdən yayındırırlar. Redaksiyamıza müraciət edən narazı tələbələrdən biri bildirdi ki, o, dərsdən sonra seriallarda aktyorluq edir və ona saqqallı imic lazımdır. Universitet isə onun xəfif saqqalına belə göz yummur və bunu problemə çevirir: “Halal zəhmətimlə pul qazanır, təhsil haqqımı ödəyirəm. Buna bu formada mane olanlar mənim təhsil haqqımı ödəyəcəklər?” 

Gənclərin, tələbələrin əndazəyə sığan, normativlərə uyğun geyinməsi yaşlı nəslin arzusu ola bilər. Amma bunu universitet həyatı üçün qadağaya, üstəgəl, dərsə buraxılmamağa qədər varan qadağaya daşıyanlar bir qədər düşünsələr yaxşıdır: doğrudanmı təhsilin tək problemi saqqallı tələbədir?

HAZIRLADI: Sevinc TELMANQIZI

Seçilən
202
musavat.com

1Mənbələr