Çimərliklər yayın əvəzolunmaz istirahət məkanlarından sayılır. İnsanların böyük bir qisminin dincəlmək, sərinləmək, D vitamini qəbul etmək üçün üz tutduğu yer də məhz dənizdir.
Amma çox təəssüf ki, yayda sularda bitən insan həyatlarına tez-tez rast gəlirik.
Mövzunun aktuallığını əsas götürərək Bakıvaxtı.az olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Aqşin Əlili ilə müsahibəyə yollandıq.
Aqşin Əlili bizə çimərliklərdə olan vəziyyət, təhlükəli ərazilər və s. kimi ictimaiyyəti maraqlandıran bir çox məsələ ilə bağlı məlumat verib.
-Çimərlik mövsümü başlayıb. Mövsümlə bağlı hansı işlər görülüb?
- Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Nəzarət Dövlət Xidməti tərəfindən çimərlik mövsümünə hazırlıqla əlaqədar zəruri təhlükəsizlik tədbirləri görülüb. Belə ki, aprel ayından etibarən sahilboyu ərazilərdə yerli icra nümayəndələrinin iştirakı ilə monitorinqlər keçirilib. Bu monitorinqlərin keçirilməsində əsas məqsəd çimərlik üçün istifadəyə yararsız və təhlükəli ərazilərin müəyyən edilməsi, eyni zamanda xidmətin nəzarət etdiyi çimərliklərdə və İDEA ictimai birliyinin təşəbbüsü ilə yaradılan ictimai çimərliklərdə dalğıclar vasitəsilə sualtı müayinə aparılıb, sualtı təmizləmə işləri görülüb.
Onu qeyd edim ki, sualtı dalğıclarla müayinə aparmaq olduqca zəruri bir təhlükəsizlik tədbiridir.
-Nəyə görə?
- Çünki Xəzər dənizi elə bir relyefdə yerləşir ki, ilin təxminən 250 günü külək əsir. Məhz bu küləklər nəticəsində sahil zolaqlarına müəyyən daş-qaya parçaları, yad cisimlər gətirilir.
Bilirsiniz ki, son illər Xəzər dənizinin səviyyə tərəddüdü baş verir, su çəkilir. Suyun çəkilməsi nəticəsində vaxtilə su altında qalmiş bəzi tikililər üzə çıxır, yeni təhlükə mənbələri yarana bilir. Məhz bu təhlükələri vaxtında aradan qaldırmaq üçün mütləq dalğıclar vasitəsilə sualtı baxış keçiririk.
Məsələn, sizdə olubmu ki, dənizə girmisiniz və ayağınızı daş, dəmir parçası kəsib?
-Bəli...
- Məhz belə yad cisimləri təmizləmə prosesi də bizim nəzarət etdiyimiz çimərliklərdə sırf suyun altında görülür. Əgər hansısa bir çimərlikdə təhlükə aşkarlayarıqsa, məsələn, qəfləti dərinlik, burulğan, axınların sürətinin normadan artıq olan yer varsa, həmin əraziyə təhlükəli ərazi və ya çimməyin qadağan olunduğunu bildirən nişanlar yerləşdiririk.
Daha sonra dənizdə üzmə sərhədlərini müəyyən edən nişanlar qoyulur. Bu nişanlar 1,75 sm dərinliklərində olur. Bəlkə görərsiniz ki, dənizdə şarlar olur. Bu şarlarla biz təhlükəsiz bir çəpərləmə edirik. Yəni bu şarlıarın içərisində istirahət təhlükəsizdir. 1,75 sm normal bir boydur. Yəni Nazirlər Kabinetinin təsdiq etdiyi qərardan irəli gəlir. 1,75 sm-dən artıq dənizə üzmək qadağandır. O şarı keçəndə xilasedisilər səsucaldıcı vasitəsilə xəbərdarlıq edirlər.
Növbəti təhlükəsizlik tədbiri çimərliklərdə istirahət edən vətəndaşların təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi üçün məlumatverici nişanlar yerləşdirilir. Bu məlumat nişaları 11 addadır. Ölkəmizə turist axının çoxluğunu nəzərə alaraq eyni zamanda ingilis dilində də çap olunur.
Daha sonra xidmətin balansında olan xilasetmə texnika və vasitələr, dalğıc əməliyyatı üçün nəzərdə tutulmuş avadanlıqlar işlək vəziyyətə gətirilir və iyunun 15-dən xidmət gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Bir daha qeyd edirəm ki, bu işlər xidmətin nəzarət etdiyi və İDEA ictimai birliyinin təşəbbüsü ilə yaradılan çimərliklərdə həyata keçirilir.
-Mövsüm başlayandan neçə boğulma halı baş verib?
- İyunun 15-dən bu günə kimi 25 nəfər xilas olunub. Onlar sağlam həyatlarını davam edirlər və bizim nəzarət etdiyimiz çimərliklərdə boğulub həyatını itirən olmayıb.
-Bəs sizin nəzarət etmədiyiniz çimərliklər?
- Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış kütləvi maarifləndirmə işlərinə baxmayaraq bəli, bəzi vətəndaşlar tərəfindən təəssüf ki, təhlükəsizlik qaydalarının pozulmasına rast gəlinir. Bu da sonda acı nəticələrə səbəb olur. Ümumiyyətlə, çimərliyə gedərkən diqqətli olmaq lazımdır. Hər hansı çimərlikdə xilasedici, xilasetmə texnika və vasitələri yoxdursa, nişanlar qoyulmayıbsa deməli, bu ərazidə təhlükəsizlik tədbirləri görülməyib.
Nəinki Bakı şəhərində, bəzən bölgələrdə bizim vətandaşlarımız inşası çimərlik üçün nəzərdə tutulmayan suvarma kanallarıdan, süni göllərdən, çaylardan, su arxlarından istifadə etməyə çalışırlar. Bunlar da mürəkkəb relyefə, məhdud görüntüyə, sürətli axına səbəb olması həmin su hövzələrindən istifadə edənlərin həyat və sağlamlığı üçün ciddi təhlükədir.
Götürək suvarma kanallarını. Suvarma kanallarının kənarları beton piltələr ilə örtülüb və həmin beton piltələrin su ilə təması nəticəsində orda yosun təbəqəsi əmələ gəlir. Bu isə çox sürüşkən bir təbəqədir. İnsan ayağını ora qoysa elə sürüşəcək, heç suya düşməyə ehtiyac yoxdur. Hətta bizim peşəkar xilasedicilərimiz belə ora tək düşəndə çıxa bilmirlər. Mütləq ora ya kəndir, ya da nərdivanlar vasitəsilə düşürlər. İndi siz təsəvvür edin ki, ordan uşaq və yeniyetmələr istifadə edirlər. Sonda da acı nəticələr təsadüf olunur.
-Yəqin ki, yalnız boğulma halları ilə bağlı sizə müraciət olunmur...
- Bizə uşaqların çimərlik ərazisində itməsi ilə bağlı məlumatlar daxil olur. Məsələn, uşaq anası və ya atası ilə gəlib və məlumat daxil olur ki, uşaq yoxdur. Deyirik, axrıncı dəfə harda olub? Deyirlər, "burda idi, yanıməzda idi. İndi yoxdur". Həmin an biz bilmirik uşağı sahildə axtaraq yoxsa suda...
Həftəsonları da çimərlikdə istirahət edənlərin sayı həddən artıq çox olur. Bəzən elə olur ki, o itdiyi deyilən uşağı biz təxminən 2-3 km kənarda öz həmyaşıdları ilə oynayarkən tapıb, gətirib valideyninə təhvil vermişik.
Baxın, həmin vaxt bizim işimiz necə çətinləşir. Bütün heyət artıq bir-birinə qarışır. Ona görə valideynlər diqqətli olsunlar. Ani bir diqqətsizlik bədbəxt bir hadisəyə gətirib çıxara bilir.
-İnsanlar üçün ən çox təhlükə daşıyan çimərliklər hansılardır?
- Deməli, xidmətin aidiyatı şöbə əməkdaşlarının monitorinqlərinin nəticəsinə uyğun olaraq Xəzər rayonunda Şüvəlan qəsəbəsində "Şimal Qress" və "Mil qaya" deyilən ərazi olduqca təhlükəli ərazidir.
Baxın, "Şimal Qress" dediyimiz hissədə elektrik stansiyası var. Elektrik stansiyasının aqreqatlarını, mühərriklərini soyutmaq üçün dəniz suyundan istifadə olunur. Deməli, dəniz suyu çəkilir, mühərriklər soyudulur və yenidən dənizə axıdılır. Məhz dənizə axıdılan hissədə bir kanal əmələ gəlir. Təsəvvür edin dənizin içərisində kanal əmələ gəlir və həmin o kanalın dənizlə birləşməsi nəticəsində orda burulğan effekti yaranır. Yəni ora düşən adam burulğana düşür və boğulur.
"Mil qaya" dediyimiz ərazidə olduqca qayalıqlar var. Qayalıqlar da təhlükə deməkdir. Çünki insan ayağını qoyub sürüşə bilir, o qayalıqların dib hissələrində qəfləti dərinliklər olur. Yəni Xəzər rayonunda bu iki ərazi təhlükəlidir.
Daha sonra Sabunçu rayonu, Bilgəh qəsəbəsinində Bilgəh ilə Nardaran arasında "12-ci dalan" və orda boş sahə var ki, təhlükəli ərazidir. Son günlər həmçinin orda bəzi hadisələr də baş verib. Təhlükəsi ondan ibarətdir ki, ərazidə qəfləti dərinliklər var. Məsələn, biz gedirik su dizimizdəndir, sonra ayağımızı atırıq ki, su boyumuzu ötür. Bundan əlavə orda sualtı axınlar normadan artıqdır. Biz həmin ərazidə çimməyin qadağan olunduğuna dair məlumatlandırıcı lövhə yerləşdirsək də, təəssüf ki, bəzi vətandaşlar buna məhəl qoymur, sındırılır.
Digər təhlükəli ərazilərdən biri Sabunçu rayonu, Nardaran qəsəbəsi "Yaxt klub" deyilən yerdir. Hansı ki, orda gəmilərin yan alması üçün bir bazadır. Bəzən vətəndaşlar gedib ordan çimərlik kimi istifadə edir. Yanalma körpüsünün tikintisində beton, armatur, dəmir kimi tikinti materiallarında istifadə olunub. Orda dərinlik kifayət qədərdir. Suyun içində təhlükə mənbələri olduqca çoxdur.
Bunlardan əlavə Gorandil Novxanı qəsəbələri arasında "Sarı Qaya" deyilən ərazi var. Ora da təhlükəlidir.
Yəni, bu saydığım ərazilərin təhlükəsizliyi əsasən həm sualtı axınların normadan artıq olması, həm qəfləti dərinliklərin olması, həm də həmin ərazilərdə qayaların, müxtəlif yad cisimlərin olmasıdır.
Bəzən insanlara deyirsən ki, filan ərazi təhlükəlidir, onlar düşünürlər ki, yəqin bunun altında nəsə gizlənir. Ancaq həmin ərazilər illərdir təhlükəli ərazilərdir.
-Ən çox hansı yaş aralığında boğulma-batma hallarına rast gəlinir?
- Ən çox uşaq və yeniyetmələr arasında olur. Xüsusən də bölgələrimizdə. Yenə qeyd edirəm ki, bölgələrimizdə suvarma kanalları, arxlar, süni göllərdə bu hadisələr baş verir. Məsələn, o gün bizə məlumat daxil oldu ki, Ağdaş rayonunda 2 qardaş su arxında balıq tutmağa gediblər. Böyük qardaş baxıb ki, balaca qardaşı yoxdur. Kanala düşüb. Bu, heç xoşagəlməyən bir haldır. Hərdən mən deyirəm ki, kaş mən orda olardım və uşağı çıxarardım.
Çaylarda da olur belə hadisələr. Bilirsiniz ki, son günlər Kür çayının səviyyəsi yağıntılar səbəbindən müəyyən qədər artıb. Vaxtilə dayaz olan hissələr dərinləşib. Yəni statistikaya nəzər salsaq əsasən boğulanlar uşaq və yeniyetmələrdir.
-Dediniz, "Mən orda olsam, xilas edərdim.".. Bədbəxt hadisə zamanı ətrafda xilasedici yoxdursa?...
- Yaxşı sualdır… Şübhəsiz ki, suda boğulan insana ilk yardım onun sudan çıxarılmasıdır. Bunun üçün diqqət etməli olduğumuz məqamlar var. Birincisi odur ki, əgər zərərçəkmiş bizim yaxınlığımızdadırsa, bir ağac parçası, köynəyimizi, kəmərimizi ona uzada bilərik. Yox əgər bizdən müəyyən qədər aralıdadırsa, suda batmayan bir əşyaya ipi bağlayaraq ona ata və onu özümüzə çəkə bilərik. Bu dediklərimin heç biri mümkün deyilsə, yalnız üzə biləcəyimiz halda suya girməliyik. Üzə bilmiriksə, biz heç bir halda kimisə xilas edə bilmərik.
Olduqca diqqətli olmalıyıq. Çünki suda batan insan sağ qalması naminə hər şeydən tutmağa çalışır. Hətta insanda elə bir refleks var ki, öz yaxınını belə özündən asılı olmadan suya çəkə bilir. Ona görə də, suda batan şəxsə mütləq arxa hissədən yaxınlaşmalı, ya köynəyinin yaxasından, ya saçından, ya da əlimizi qoltuq hissəsindən salırıq, başından tutub suyun səthinə qaldırırıq və sahilə doğru üzüb çıxarırıq. Sahilə çıxdıqdan sonra yaxınlığımızda olanlardan təcili yardıma zəng etmələrini xahiş edirik. Əgər zərərçəkmişin həyat əlamətləri özündə deyilsə, o zaman 30-un 2-ə nisbətində ürəyin qapalı masajı və süni nəfəs veririk. Özünə qayıtmasa belə 30 dəqiqə ərzində bunu icra etməliyik. Yox əgər həyat əlamətləri özündədirsə, onda onun ağız boşluğunu təmizləyirik, dizimizin üstündə çeviririk, kürəyindən boynuna doğru masaj hərəkətləri edirik, 2 barmağımızla onun dil kökünə sıxaraq onda qusma refleksi yaradırıq ki, tənəffüsdə olan su boşalsın.
Bunlardan sonra onun paltarlarını dəyişərək ona isti paltar və varsa isti çay-kofe veririk. Amma sudan çıxarılan insan özünü nə qədər yaxşı hiss etsə də mütləq həkim müayinəsindən keçməlidir.
-Bəs suda boğulmanın səbəbi yalnız təhlükəli ərazilərdən istifadə etməkdir?
- Suda boğulmanın səbəbləri çoxdur. Məsələn, bu yaxınlarda bir nəfər elə dəniz sahilində ürəktutmasından vəfat edib. Ürək-damar sistemi xəstəlikləri olan insanlar fasiləsiz olaraq günəş altında dayananda belə bədbəxt hadisələr baş verir.
Bəzən insanlar çıxır daşın üstünə və suyun altında nə olduğunu bilməyə-bilməyə suya tullanır. Suyun altında daş-qaya parçaları ola bilər ki, bu zaman zədələnmə baş verir.
Spirtli içki qəbul edərək suya girən vətəndaşlarımız da olur. Spirtli içki qəbul edəndə də insanda elə bir hisslər yaranır ki, o düşünür bundan yaxşı üzən yoxdur. Üzür dərinliyə doğru gedir və bir də onda ayılır ki, artıq müəyyən uzaq bir məsafəyə gəlib qayıda bilmir. Yorğunluq səbəbindən boğulur.
Bunlarla yanaşı, xüsusən gənclər belə deyək ki, üzmə sərhədləri müəyyən edilmiş nişanları üzüb keçməyə çalışırlar. Onu kənardakılar qəhrəmanlıq kimi nümayiş etdirməyə çalışırlar ki, bu da əlbəttə, boğulmaya gətirib çıxaran səbəblərdən biridir.
-Son olaraq insanlara məsləhətləriniz...
- İnsanlara onu məsləhət görürük ki, çimərlik seçimlərində diqqətli olsunlar. Birmənalı şəkildə nəzarətsiz çimərliklərdən istifadə etməsinlər. Məntiqlə düşünsək, əgər biz çimərlikdə boğuluruqsa, köməyimizə xilasedici gələcək. Əgər xilasedici yoxdursa, boğulacağıq. Düzdür hadisənin baş verdiyi yerdən, ərzidən asılı olmayaraq əgər bizə məlumat daxil olursa, dərhal axtarış-xilasetmə əməliyyatlarına reaksiya verib çıxırıq. Amma nəzərə almaq lazımdır ki, xilasetmə əməliyyatlarında saniyələrin önəmi olduqca vacibdir. Hər saniyənin hökmü var. Ona görə də nəzarət olunan ərzilərdən istifadə etsinlər. Nəzarət olunan ərazilərdə də diqqət edilməli lazım olan məqamlar var: Küləkli havada dalğalı dənizə girmək, küləyin sürəti 10 metr saniyədən artıq olduqda suya girmək, üzmə sərhədlərini müəyyən edən nişanları ötüb keçmək, suda kobud hərəkətlər etmək, çimərlik ərazisində balıq ovlamaq, spirtli içki qəbul edərək suya girmək, xilasetmə texnika və vasitələrindən başqa digər su nəqliyyatı vasitələri ilə çimərlik ərazisinə daxil olmaq qadağandır.
Yadda saxlamaq lazımdır ki, 13 yaşına qədər uşaqlar yalnız valideyn nəzarəti ilə çimərlikdən istifadə etməli və nəzarətsiz qoyulmamalıdır. Ərazidə quraşdırılmış maarifləndirici lövhə və nişanların tələblərinə, göstərişlərinə, xilas edicilərin çağırışlarına sözsüz əməl olunmalıdır, qızmar günəş altında fasiləsiz dayanmaq və hava qaraldıqdan sonra suya girmək təhlükəlidir. Çimərliklərdən təhlükəsiz istifadə səhər saat 9-dan axşam saat 8-dəkdir.
Əgər hər hansı hadisə baş verərsə, mütləq şəkildə 112-ə zəng edilməlidir. Unutmayın ki, qaydalara biganəlik həyatımıza təhlükəlidir.
Mina Mikayılova
Foto: Fatimə Əşrəfli