Eldəniz Əmirov: “Mövcud templər ilin yekununda hökumətin nəzərdə tutduğu səviyyədə iqtisadi artımın təmin olunmasına imkan verəcək”
2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanda iqtisadi artım 4,5 faizə çatıb. Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən bu dövrdə ölkədə 70 milyard 544,0 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz çox ümumi daxili məhsul istehsal olunub.
Yeddi ayda iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,2 faiz, qeyri neft-qaz sektorunda isə 6,7 faiz artıb. ÜDM istehsalının 38,4 faizi sənaye, 9,6 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,7 faizi tikinti, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 19,1 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,0 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 6921,4 manata bərabər olub.
Rəsmi statistikaya əsasən sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar-iyul aylarında 37,3 milyard manatlıq sənaye məhsulu istehsal edilib, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı 1,1 faiz, qeyri neft-qaz sektorunda isə 8,0 faiz artıb.
Sənaye məhsulunun 65,0 faizi mədənçıxarma sektorunda, 29,3 faizi emal sektorunda, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,3 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 6,4 faiz artıb.
Xatırladaq ki, yanvar-iyunda Azərbaycanda ÜDM artımı 4,3 faiz təşkil etmişdi.
Azərbaycan hökuməti ilin yekununda ölkə iqtisadiyyatının 3,8 faiz genişlənəcəyini gözləyir. Bu gözlənti əksər beynəlxalq maliyyə təşkilatları və agentliklərin proqnozlarından daha optimistdir. Belə ki, ötən həftə “S&P Global Ratings” beynəlxalq kredit reytinq agentliyi Azərbaycanda iqtisadi artımla bağlı yeni gözləntilərini açıqlayıb. Agentliyin hesabatında Azərbaycanın 2024-2025-ci illər üçün iqtisadi artım perspektivlərinin əksər region ölkələrindən zəif olduğu bildirilib. S&P analitikləri qeyd ediblər ki, iqtisadi artıma təzyiq əsasən neft hasilatının uzunmüddətli tədricən azalması ilə əlaqədardır: “2024-2025-ci illərdə real ÜDM artımını hər il təxminən 1,5 faiz səviyyəsində proqnozlaşdırırıq”.
Maraqlıdır ki, bundan əvvəl 2024-cü ilin iyun ayında S&P Azərbaycanda real ÜDM artımı ilə bağlı proqnozunu 1,5 faizdən 2,5 faizə qədər artırdığını açıqlamışdı. Xatırladaq ki, 2023-cü ildə S&P Azərbaycanda iqtisadi artım olmayacağını proqnozlaşdırsa da, 1,1 faizlik artım qeydə alınıb. Bu sə agentliyin proqnozlaşdırmasında yanlışlıq payının kifayət qədər yüksək olmasından xəbər verir.
Bu yanlışlığı göstərən əsas amillərdən biri budur ki, digər beynəlxalq agentlik və maliyyə qurumları Azərbaycanda iqtisadi artımla bağlı S&P-dan kəskin fərqli mövqedədilər. Belə ki, Niderlandın “ING Group” şirkəti son hesabatında 2024-cü il üçün Azərbaycanın iqtisadi artım proqnozunu 2,8 faiz, 2025-ci ildə 2,5 faiz, 2026-cı ildə isə 2,8 faiz səviyyəsində müəyyən edib. Bundan öncəki proqnoza nisbətən 2024-cü il üçün gözləntilər 0,3 faiz bəndi artıb, gələn il üçün isə 0,2 faiz bəndi azalıb.
Hesabata əsasən, 2024-cü ilin ikinci rübündə ÜDM artımı 3,5 faiz, üçüncü rübdə 2 faiz, dördüncü rübdə isə 1,5 faiz proqnozlaşdırılır. Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, bu il Azərbaycanda ÜDM-in artımı 2,6 faiz, 2025-ci ildə 2,8 faiz təşkil edəcək.
Dünya Bankının ekspertləri hesab edirlər ki, Azərbaycanda ÜDM bu il 2,3 faiz, 2025-2026-cı illərdə isə 2,4 faiz artacaq. Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda ÜDM-in 2,8 faiz artacağını proqnozlaşdırır. IMF 2025-2028-ci illərdə Azərbaycanda ÜDM-in artımını illik 2,3 faiz, 2029-2032-ci illərdə isə illik 2,4 faiz səviyyəsindən yuxarı olacağı qənaətindədir.
Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) proqnozuna görə, 2024-cü ildə Azərbaycanda ÜDM artımı 3,1 faiz, 2025-ci ildə isə 2,7 faiz olacaq.
“Moody’s” beynəlxalq reytinq agentliyi isə Azərbaycanın real ÜDM artımının 2023-cü ildəki 1,1 faizdən 2024-cü ildə 2,1 faizə qədər sürətlənəcəyini proqnozlaşdırır.
Bir məsələni də qeyd edək ki, S&P Azərbaycanda iqtisadi artım proqnozunu azaltmasını neft hasilatındakı azalma ilə əsaslandırır. Halbuki bu ilin aprelindən “Azəri-Çıraq-Günəşli” yatağındakı yeni ACE platformasından neft hasil olunmağa başlayıb. İlkin mərhələdə gündə 24 min barel neft hasil olunur, tədricən bu həcm 100 min barelə çatdırılacaq. Bu isə yataqda hasilatın düşmə sürətinin xeyli azaldılmasına imkan verəcək.
Azərbaycan hökuməti, Mərkəzi Bank, həmçinin "Fitch" Beynəlxalq Reytinq Agentliyi bu amili nəzərə almaqla ölkədə iqtisadi artıma dair proqnozlarına artım yönündə dəyişiklik ediblər. "Fitch"ə görə, neft hasilatının daha yavaş azalması və Qarabağın bərpasının təsiri ilə iqtisadi artım tsiklik olaraq 3,2 faizə çatmalıdır: “Biz artımın 2025-ci ildə 2,7 faizə, 2026-cı ildə isə 2,3 faizə qədər yavaşlamasını gözləyirik, bu artımlar hələ də dövlət investisiyaları tərəfindən dəstəklənir. Eyni zamanda neft sektorunda azalma tempini yavaşlada biləcək yeni neft hasilatı və təbii qaz hasilatının daha yüksək olması səbəbindən əvvəlki illərə nisbətən azalacaq”.
Maliyyə Nazirliyi tərəfindən açıqlanan “Azərbaycan Respublikasının 2024-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər” sənədə əsasən Azərbaycanda 2024-cü ilin dövlət büdcəsinin layihəsi baxılan zaman (2023-cü ilin oktyabr ayı) İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilmiş proqnozlara əsasən ÜDM 118,4 milyard manat, qeyri-neft/qaz ÜDM 84,2 milyard manat, real artım tempi isə müvafiq olaraq 2,4 və 4,6 faiz səviyyəsində götürülmüşdü. Lakin hökumət 2023-cü ildə istehsal edilmiş ÜDM-in ehtimal edildiyindən artıq olmasını, 2024-cü ilin ilk 6 ayında qeydə alınmış makro-fiskal nəticələri, həmçinin qlobal miqyasda iqtisadi artımla və enerjidaşıyıcılarının qiymətləri ilə bağlı 2024-cü ilin sonuna gözləntiləri nəzərə almaqla cari il üzrə makroiqtisadi proqnozlarında dəyişiklik edib. Yenilənmiş proqnozlara əsasən, 2024-cü ildə ÜDM-in real artımı 3,8 faiz olmaqla nominal ifadədə 121,3 milyard manata, o cümlədən qeyri-neft ÜDM 84,7 milyard manata (əvvəlki proqnoza nəzərən 0,6 milyard manat çox) çatacağı gözlənilir.
AMB isə bu il Azərbaycanda iqtisadi artımın 3,5-4 faiz, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 5,5-6 faiz olacağını gözləyir. Tənzimləyiciyə görə, gələn il ölkədə ÜDM 2-2,5 faiz, o cümlədən qeyri-neft-qaz sektorunda 4-5 faiz artacaq.
Eldəniz Əmirov
İqtisadçı-ekspert Eldəniz Əmirovun fikrincə, Azərbaycan hökuməti müəyyənləşdirdiyi iqtisadi artım proqnozunu reallaşdıra biləcək: “Ola bilsin ki, 0,2-0,3 faiz bəndi kənaraçıxma olsun, amma ümumilikdə proqnozun böyük ölçüdə özünü doğruldacağını gözləyirəm. Burada bir məsələ var ki, həm hökumətin, həm də beynəlxalq maliyyə qurumlarının verdiyi proqnozlar il ərzində bir neçə dəfə korreksiya olunur. İstər Beynəlxalq Valyuta Fondu, istər Dünya Bankı və BMT, istər İqtisadiyyat Nazirliyi və Mərkəzi Bank, istərsə də "Fitch", "Moody’s" və S&P kimi agentliklərin proqnozlarında ilin müəyyən mərhələlərində dəyişikliklər edilir. Bu proqnozların əksəriyyəti aşağı-yuxarı bir-birinə yaxın idi. Ən aşağı proqnoz "Moody’s", ən yüksəyi isə Azərbaycan hökumətinə məxsusdur”.
Ekspertin sözlərinə görə, Azərbaycanda ÜDM-in 38,4 faizi sənayenin hesabına formalaşır: “Təsnifata əsasən bu ilin 6 ayında ÜDM-in formalaşmasında ən aşağı paya rabitə və informasiya texnologiyaları sahəsi sahibdir - 1,8 faiz. Oxşar bərabərlik tikinti, kənd təsərrüfatı, meşə və balıqçılıq sahələri üzrədir - birincidə 5,7 faiz, ikincidə 6 faiz. Sənaye sahəsində isə üstünlük mədənçıxarma sənayesindədir. Sənaye istisna olmaqla, qeyri-neft ÜDM-ində yüksək paya sahib olan sahələr tikintidir, kənd təsərrüfatıdır, ticarət və nəqliyyat vasitələrinin təmiridir, nəqliyyat və anbar təsərrüfatlarıdır, qismən də məhsula və idxala xalis vergilər. Sonuncu haradasa 5,7 milyard manatdan artıq olmaqla ÜDM-in 10 faizini təmin edib. Bunların arasında ən az artım turistlərin yerləşdirilməsində və ictimai iaşədədir. Azalma olan yeganə sahə sənaye istehsalıdır. Təəssüf ki, bu sahədə 13.2 faizlik azalma qeydə alınıb. Düşünürəm ki, bu templər ilin yekununda Azərbaycan hökumətinin nəzərdə tutduğu səviyyədə iqtisadi artımın təmin olunmasına imkan verəcək”.
Energetika Nazirliyinin açıqladığı məlumata görə, 2024-cü ilin yanvar-iyul aylarında ölkədə təxminən 16.9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Bu hasilatın 9,7 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,5 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,34 milyon tonu (kondensat) Abşeron yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 4,4 milyon ton təşkil edib.
Hesabat dövründə təxminən 14,1 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 12,2 milyon tonu konsorsiumun, 1,9 milyon tonu isə SOCAR-ın payına düşür.
2023-cü ilin yanvar-iyul aylarında isə üzrə ölkədə 17,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilmişdi. Bnu zaman hasilatın 10,6 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,6 milyon tonu (kondensat) “Şahdəniz”in, 40,4 min tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 4,5 milyon ton təşkil edib.
Hesabat dövründə 14,9 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 13,2 milyon tonu konsorsium, 1,7 milyon tonu isə SOCAR-ın payına düşüb
2023-cü ilin yeddi ayında neft hasilatında illik azalma 7,8 faiz, 2024-cü ilin yeddi ayında isə 4,5 faiz təşkil edib. Bu isə azalma sürətinin kəskin şəkildə yavaşıdığı deməkdir. Göstəricilər həm də onu göstərir ki, AÇG-də hasilatın azalması xeyli dərəcədə digər mənbələr hesabına kompensasiya olunmağa başlayıb.
Dünya SAKİT,
“Yeni Müsavat”