AZ

Rizvan Nəbiyev: "Gənc seçicilərimə çağırış edirəm ki, gəlin, güclü təhsil alaq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rizvan Nəbiyev: "Gənc seçicilərimə çağırış edirəm ki, gəlin, güclü təhsil alaq" [Şüküfə Süleymanlı]
Redaktə et SHAPE \* MERGEFORMAT Xəbərə keçid >
16 avqust 2024, 11:03
GözləmədəSiyasət
Parlament seçkisi - 2024
"Gənc seçicilərimə çağırış edirəm ki, gəlin, güclü təhsil alaq, özümüzə güvəni artıraq".
Bu sözləri "Report"a müsahibəsi zamanı VII çağırış Milli Məclisinə keçiriləcək növbədənkənar parlament seçkisinə namizəd Rizvan Nəbiyev deyib.
O, seçkidə iştirakı barədə qərarından, seçiləcəyi təqdirdə parlament diplomatiyasına verəcəyi töhfələrdən danışıb:
Belə ki, sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçki keçiriləcək. Rəsmi məlumata əsasən, indiyədək 1052 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Avqustun 9-dan etibarən isə seçkiqabağı təşviqat kampaniyasına başlanılıb və təşviqat üçün hər dairə üzrə qapalı və açıq məkan olmaqla 5509 ünvan müəyyənləşdirilib.
Parlament seçkisinə namizədliyini irəli sürən şəxslərdən biri də 20 ildən artıq diplomatiya sahəsində fəaliyyət göstərən, Xarici İşlər Nazirliyində İdarə rəisi olaraq çalışan siyasi elmlər doktoru Rizvan Nəbiyevdir.
O, 1975-ci ildə Göyçə mahalında doğulub. 1997-ci ildə Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər və tərcüməçi-referent ixtisasları üzrə bakalavr, 1999-cu ildə Almaniyanın Saarland Universitetində Avropa hüququ və Avropada İnteqrasiya prosesləri üzrə magistr təhsili alıb. 2003-cü ildə isə dünyanın 100 aparıcı universitetləri sırasında olan Berlin Azad Universitetində Siyasi elmlər üzrə doktorantura təhsili alıb və Siyasi elmlər doktoru (Dr. rer.pol) elmi dərəcəsinə yiyələnib.
Rizvan Nəbiyev müstəqil Azərbaycanın tarixində Avropada humanitar elmlər sahəsində doktorluq müdafiə edən ilk azərbaycanlıdır. Bu elmi dərəcəyə yiyələndikdən sonra ictimai əsaslarla Berlin Azad Universitetində 2005-2008, 2012-2014-cü illərdə Xəzər hövzəsində enerji strategiyası, Avropa İttifaqının enerji siyasəti, Qafqazda münaqişələr və geosiyasət mövzularında mühazirələr oxuyub və seminarlar aparıb. O, bu pedaqoji-elmi fəaliyyəti Azərbaycanın Almaniyadakı səfirliyində diplomatik vəzifədə çalışdığı dövrdə paralel olaraq icra edib. 2003-2021-ci illərdə attaşedən müşavirədək müxtəlif diplomatik vəzifələrdə çalışan Rizvan Nəbiyev, həmçinin Xarici İşlər Nazirliyində Mərkəzi Avropa ölkələri üzrə şöbənin müdiri və Beynəlxalq hüquq və müqavilələr idarəsində rəis müavini olub. O, 2022-ci ildən etibarən XİN-də Beynəlxalq müqavilələrin autentikliyinə və tərcümə məsələlərinə məsul Linqvistika İdarəsinin rəisi vəzifəsində işləyir.
- Rizvan bəy, uzun illərdir diplomatiya sahəsində fəaliyyət göstərirsiniz. Necə oldu ki, deputatlığa namizədliyinizi irəli sürmək qərarına gəldiniz? Sizi buna nə sövq etdi?
- Biz hazırda mühüm tarixi-siyasi hadisənin astanasındayıq, ilk dəfədir Milli Məclisə seçki bütün Azərbaycan ərazilərində keçirilir. Ona görə də bunu tarixi seçki adlandırmaq olar. 2020-ci ildə İkinci Qarabağ müharibəsi, 2023-cü ildə isə lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikası ərazi bütövlüyü və suverenliyini tam bərpa etdi. VII çağırış Milli Məclisi qalib dövlətin parlamenti olacaq və mən 20 illik klassik diplomatiya sahəsindəki fəaliyyətimdən sonra qalib dövlətin parlamentində təmsil olunmaq və xidmət göstərmək niyyəti ilə namizədliyimi irəli sürdüm. Əgər seçicilər etimad göstərərsə, böyük məmnuniyyətlə fəaliyyətimi bu istiqamətdə davam etdirəcəyəm.
- Sizcə, parlament diplomatiyasının daha da inkişaf etdirilməsi istiqamətində hansı işlərin görülməsinə ehtiyac var?
- Parlament diplomatiyası ümumi diplomatiyanın tərkib hissəsidir. Xarici siyasət sahəsində parlamentlər həm ikitərəfli, həm də çoxtərəfli formatda müəyyən vəzifə və öhdəliklərə malikdirlər. Hesab edirəm ki, regional və qlobal müstəvidə Azərbaycanın nüfuzunun daha da artırılması, etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi istiqamətində VII çağırış Milli Məclisi də öz töhfəsini verəcək.
- Qeyd etdiyiniz kimi, budəfəki Milli Məclisə seçki Azərbaycanın bütün ərazisində keçiriləcək. Deputat seçiləcəyiniz təqdirdə VII çağırış Milli Məclisini necə görmək istəyirsiniz?
- İlk olaraq ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatlarına qalib dövlət konsepsiyasından yanaşmaq lazımdır. Mən 2000-ci illərin əvvəllərində diplomatiya sahəsinə gələndə torpaqlarımız işğal altında idi. Biz dövlət olaraq ikitərəfli və çoxtərəfli danışıqlarda davamlı olaraq BMT Təhlükəsizlik Şurasının (TŞ) məlum 4 qətnaməsinin yerinə yetirilməsi üçün diplomatik fəaliyyət aparırdıq. Hərçənd bu qətnamələrdə hamılıqla qəbul olunmuş beynəlxalq hüququn prinsipləri əks olunsa da, onların icrasına məhəl qoyulmurdu. Bugünkü Azərbaycan isə öz ərazi bütövlüyü və suverenliyini bərpa etməklə yanaşı, beynəlxalq hüququn 30 il ərzində pozulmuş prinsiplərinin bərpasını da təmin edib. BMT üzvləri arasında pozulmuş beynəlxalq hüququn prinsiplərini öz resursları hesabına təmin etməyi bacaran çox az sayda ölkə var. Azərbaycan dövlətinin bu diplomatik-siyasi uğuru həm də beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasına mühüm töhfədir. Məhz bu tarixi uğur beynəlxalq əməkdaşlığın sabit təməl üzərində daha da möhkəmləndirilməsinə və parlament diplomatiyasının daha da gücləndirilməsinə zəmin yaradır.
Sizinlə bir faktı bölüşmək istərdim. 2009-cu ildə Almaniya Bundestaqında Cənubi Qafqazda sülh və sabitliklə bağlı bir qətnamə qəbul olunmuşdu. Həmin qətnamədə Bundestaq Federal hökumətə çağırış edirdi ki, BMT TŞ-nin 1993-cü ildə qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi istiqamətində səyləri bundan sonra da davam etdirilsin. Bundestaq Qətnaməsindəki bu diplomatik ifadənin açılımı, BMT TŞ qətnamələrinin tələbi bəlli idi: işğala son qoyulmalı və torpaqlarımız azad edilməli idi. Bundestaqın sözügedən Qətnaməsində müvafiq tələbin öz əksini tapması üçün Azərbaycan diplomatiyası alman parlamentarilərinə həqiqəti çatdırmaq məqsədilə gərgin iş apardı. Biz ərazi bütövlüyümüzü xalq və dövlət olaraq öz gücümüzə bərpa etmişik, BMT TŞ-nin qətnamələrinin icrasını özümüz təmin etmişik. Bu gün Azərbaycan dövləti xarici siyasətdə yeni prioritetləri həyata keçirir və məhz buna görə məsələlərə qalib dövlət konsepsiyasından yanaşmaq önəmlidir.
- Bu gün Azərbaycanı istəməyən bəzi qüvvələr var ki, ölkə əleyhinə qarayaxma kampaniyası aparırlar. Onlarla mübarizə çərçivəsində daha nələr etmək lazımdır?
- Azərbaycan öz xarici siyasətini həyata keçirərkən həm klassik, həm də ictimai diplomatiyaya önəm verir. Sülh siyasəti və qarşılıqlı faydalı əməkdaşlıq bizim dövlət siyasətimizin əsasında durur. Azərbaycan həm region, həm də regiondan kənar olan dövlətlərlə bərabərhüquqlu, tərəflərin mənafelərinin nəzərə alındığı tərəfdaşlıq münasibətlərinin həyata keçirilməsində maraqlıdır. Azərbaycanın 20-dən çox dövlətlə strateji tərəfdaşlıq münasibətləri var və digər dövlətlərlə də bu istiqamətdə danışıqlar aparılır. Avropada bəzi dövlətlərin bizə qarşı qarayaxma kampaniyası onların, əsasən, daxili siyasətlərindən və regionda öz mövqelərini gücləndirmək maraqlarından qaynaqlanır. Görünür, Azərbaycan dövlətinin regionda və regiondankənar apardığı uğurlu siyasət hansısa dairələri narahat edir. Hesab edirəm ki, həm klassik, həm də ictimai diplomatiya vasitəsilə bu istiqamətdə aparılan mübarizəyə parlament diplomatiyası ilə də əlavə töhfə vermək mümkündür.
Bu gün Avropa dövlətlərinin öz daxillərində müxtəlif siyasi qüvvələr arasında da mübarizə var. Həmin siyasi qüvvələrin bizə münasibəti fərqli ola bilər. Ona görə bu məsələləri daha yaxından izləmək lazımdır. Həmçinin mədəniyyət diplomatiyasının inkişafı və genişləndirilməsi çox önəmlidir. Məsələn, Azərbaycan Respublikası 2008-ci ildə "Almaniyada Azərbaycan ili" silsilə tədbirlərini keçirdi. Keçirilən 100-dən çox tədbir 10 federal vilayətin 12 şəhərini əhatə edib. 2014-2015-ci illərdə Heydər Əliyev Fondu 8 federal şəhərdə Azərbaycan mədəniyyətinin təqdimatı və təşviqi məqsədi ilə Mədəniyyət günləri təşkil edib. Belə tədbirlərin keçirilməsi Azərbaycanın mədəniyyəti, tarixi, ədəbiyyatı və dövlətçiliyinə böyük töhfə verir.
- Avqustun 9-dan növbədənkənar parlament seçkisi ilə əlaqədar təşviqata başlanılıb. Yəqin ki, indiyə qədər seçicilərinizlə görüşləriniz baş tutub. Bilmək istərdik ki, onların sizdən istəkləri və sizin onlara vədləriniz nələrdən ibarətdir?
- Seçicilərin gözləntiləri müxtəlifdir. İnfrastruktur, məktəb və səhiyyə ilə bağlı məsələlər üstünlük təşkil edir. Hesab edirəm ki, bu məsələlərin həllinə qanunvericilik çərçivəsində və aidiyyəti dövlət qurumları ilə koordinasiyalı şəkildə yanaşmalıyıq. Təşviqat başlayandan bəri bir neçə dəfə seçicilərimlə müxtəlif ünvanlardakı açıq və qapalı məkanlarda görüşlər keçirmişik. Görüşlər çərçivəsində hər bir seçicimi öz seçki platformamda hədəf götürdüyüm məsələlər barədə məlumatlandırmışam. Eyni zamanda şəhid ailələri və qaziləri ziyarət etmək, onlardan xeyir-dua almaq, fikir mübadiləsi etmək önəm verdiyim məsələdir. Bu məqamı da xüsusi vurğulamaq istəyirəm ki, Birinci və İkinci Qarabağ müharibəsi qazilərinin sosial qayğılarının qanunvericilik çərçivəsində aidiyyəti səlahiyyətli qurumlar tərəfindən həllinə dəstək üçün davamlı və nəticəyönümlü fəaliyyət mənim də gündəliyimdə olacaq.
- Sizin seçki platformanıza nəzər yetirdikdə orada peşəkar kadr ehtiyatları ilə bağlı mühüm bir məqam da yer alıb. Bu barədə daha ətraflı nə deyə bilərsiniz?
- Azərbaycan Respublikası Prezidentinin 2007-ci ildə təsdiq etdiyi Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasında milli təhlükəsizliyimizə potensial təhdidlər sırasında peşəkar insan ehtiyatlarının çatışmazlığı da qeyd olunmuşdur. Məhz buna görə də mən təhsillə bağlı məsələləri platformamda ön plana qoymuşam, çünki özüm qaçqınlıqdan diplomatik fəaliyyətədək təhsil hesabına bir yol keçmişəm və keçməkdəyəm. Gənc seçicilərimə çağırış edirəm ki, gəlin, güclü təhsil alaq, özümüzə güvəni artıraq və qalib dövlətdə xidmət məqsədi ilə yer qazanaq. Mən Avropaya təhsil almağa gedəndə hələ Dövlət Proqramı yox idi, çox çətinliklə təqaüd alırdıq, ancaq bu gün Azərbaycanın xaricdə təhsil üçün Dövlət Proqramı var. Bir neçə gün əvvəl gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramına çox vacib dəyişiklik edildi, təqaüdçülərin sayı 500 nəfərə qədər artırıldı və Dövlət Proqramının müddəti 2028-ci ilə qədər uzadıldı. Xüsusilə bu sənədlə doktorantura pilləsi üzrə təqaüd imkanı yaradıldı. Təhsil insanın gələcəyinin açarıdır. Təhsil almaq səbir və resurslar tələb edir. Mən seçicilərimə onu bildirmək istəyirəm ki, övladlarımıza bu istiqamətdə yol göstərməliyik. Dil biliklərinin mənimsənilməsi, xaricdə təhsil almaq imkanları mənim üçün prioritet məsələlərdir. Bununla yanaşı, gənclər üçün dual (təhsil və təcrübəni eyni vaxtda özündə ehtiva edən) peşə məktəblərinin yaradılması istiqamətində aidiyyəti dövlət qurumları ilə iş aparılması diqqətdə saxlanılmalıdır. "Qalib dövlətin məğrur gəncləri" yanaşmasını rəhbər tutaraq insan kapitalından daha səmərəli şəkildə istifadə edilməsinə töhfə vermək əsas hədəflərimizdəndir.
- Seçki platformanızda həm də Qərbi Azərbaycanla bağlı həqiqətlərin təbliğinə parlament diplomatiyası yolu ilə töhfə vermək öz əksini tapıb. Bu barədə şərhiniz nədən ibarətdir?
- Qərbi Azərbaycanla bağlı həqiqətlərin təbliği, Qərbi Azərbaycan İcmasının beynəlxalq arenada tanınıb qəbul olunması istiqamətində işlərin davam etdirilməsi çox önəmlidir. Ümumiyyətlə, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının ifşası, Qərbi Azərbaycanla bağlı həqiqətlərin təbliği fəaliyyətimizdə prioritet olub. Təhsil aldığım müddətdə də, elmi tədqiqatlar apardığım dövrlərdə də, diplomatik fəaliyyətim ərzində də bu məsələlərə xüsusi diqqət ayırmağa çalışmışam. Bu istiqamətdə alman professorlarla birlikdə indiyə qədər Ermənistanın Azərbaycana ərazi iddiaları və təcavüzü, ermənilərin Qarabağa və digər ərazilərimizə köçürülmələri, 1905-1907, 1918-ci illərdə ermənilərin Azərbaycan ərazilərində törətdiyi qırğınlar, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hüquqi şərhi və digər bir sıra mövzularla bağlı indiyədək 15-ə qədər kitabın nəşr olunmasına nail olmuşuq. O kitablarda Azərbaycanın mövqeyi elmi cəhətdən əsaslandırılıb və obyektiv şəkildə təqdim olunub.
- Azərbaycanlıların Ermənistandan qovulması ilə bağlı Almaniyada çalışdığınız dövrdə hansı fəaliyyət olub?
- Almaniya Bundestaqının 2015-ci ildə qəbul etdiyi Qətnamədə Ermənistandan azərbaycanlı qaçqınların olması faktı öz əksini tapıb. Həmin Qətnamədə Azərbaycana qarşı çoxsaylı əsassız, qərəzli və reallıqdan uzaq ittihamlar yer alıb. Bununla yanaşı həmin Qətnamədə çox mühüm bir həqiqət də fakt kimi təsbit olunub, həmin fakt Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi və Ermənistandan 250 min azərbaycanlının qovulması idi. Həmin bənddə belə yazılır: "(...) Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və ətraf ərazilərdən olan məcburi köçkünlərlə yanaşı, Ermənistandan olan 250 min qaçqın Azərbaycan üçün iqtisadi, sosial və siyasi yükdür. Azərbaycan hökuməti son illərdə qaçqınların vəziyyətinin yaxşılaşdırılması, onların yerləşdirilməsi, təhsil və məşğulluğu üçün əhəmiyyətli səylər ortaya qoymuşdur". Bəzən Qərbdə faktları qəbul etmək istəmirlər. 30 illik işğal dövründə biz bu ikili standartları gördük, indi də bəzi dövlətlərin bu cür qərəzli yanaşması aradan qalxmayıb Amma Azərbaycan dövləti və xalqı riskləri və çətinlikləri dəf etməyi bacardığını sübut edib və hazırda da sülh və təhlükəsizliyin təmini, regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlu dövlət siyasəti davam etdirilir.
Seçilən
205
50
oxu.az

10Mənbələr