AZ

Xətai rayonunun əhatə etdiyi məntəqələrdə seçici aktivliyi davam edir

Bakı, 7 fevral, AZƏRTAC

Xətai rayonunda seçicilərin növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirakı davam edir.

35 saylı Xətai üçüncü seçki dairəsinin dairə seçki komissiyasının sədri Gülnarə Salmanova AZƏRTAC-ın müxbirinə açıqlamasında deyib ki, hazırda seçki dairəsinin ərazisində 41-i daimi, hərbi hissə və xəstəxanalarda yerləşən əlavə 6 müvəqqəti olmaqla 47 seçki məntəqəsi mövcuddur. Dairə üzrə ümumi seçici sayı 54 min 895 nəfərdir. Əlavə məntəqələrdə təxmini 4 min seçicinin səs vermək imkanı yaradılıb.

Seçicilər seçki məntəqələrinə gəlir, öz iradələrini azad şəkildə ifadə edir, istədikləri namizədə səs verir. Məntəqələrdə səsvermə tam mütəşəkkil qaydada keçir.

İndiyədək dairə üzrə 18 yaşı olan 127 nəfər səs verib. 2020-ci ildən ilk dəfə səs verənlərin sayı isə 2814-dür.

Dairənin əhatə etdiyi seçki məntəqələrinin 11-də 2, 4, 5, 7, 9, 12, 13, 15, 17, 22 və 42 nömrəli məntəqələrdə veb-kamera quraşdırılıb.

Məntəqəyə gələ bilməyən yaşlı insanlar üçün daşınan qutulardan istifadə edilir. Seçkilərə hətta əlil arabasında gələn seçicilərimiz oldu.

Səsvermə prosesinin şəffaf keçirilməsi üçün seçki məntəqələrində bütün şərait var. Məntəqələrin veb-kameralarla təmin olunması səsvermənin şəffaf keçməsindən xəbər verir.

O qeyd edib ki, seçici fəallığı ən çox olan məntəqə 221 saylı tam orta məktəbdə yerləşən 40 saylı məntəqədir. Eyni zamanda, 3 və 4 saylı məntəqələrin yerləşdiyi Heydər Əliyev adına Liseydə, eləcə də 9 saylı və 10 saylı məntəqələrin yerləşdiyi 55 saylı məktəb və Ağ şəhər ərazisidir. Ümumiyyətlə seçki məntəqələrində seçici aktivliyi müşahidə olunur.

 

Seçilən
63
2
azertag.az

3Mənbələr