AZ

Bakı səfərindən sonra həbs edilən Telegram təsisçisi Durov: o, Azərbaycana niyə gəlmişdi?

Məqalə barədə məlumatMüəllif, Səadət AkifqızıVəzifə, BBC Azərbaycanca

Şəxsi təyyarəsi ilə Bakıdan uçandan sonra Parisdə həbs edilən “Teleqram”ın təsisçisi Pavel Durova qarşı müxtəlif ittihamlar irəli sürülüb.

Onun Azərbaycanda olması Rusiya Prezidenti Vladimir Putinin Bakıya 19-20 avqust tarixli səfəri ilə üst-üstə düşüb və onun Putinlə görüşdüyünə dair şayiələr yayılıb.

Pavel Durovun Azərbaycana səfəri ilə bağlı detallı məlumatlar yoxdur, amma BBC Azərbaycanca onunla Bakıya birgə gəldiyi iddia olunan bloqçu Yuliya Vavilovanın sosial mediadakı son paylaşımlarını araşdırırkən bəzi məlumatlar əldə edib.

Pavel Durov kimdir? O, Azərbaycana niyə gəlmişdi? Durov Putinlə Bakıda görüşübmü? BBC Azərbaycanca bu və digər suallara cavab tapmağa çalışıb.

Pavel Durov kimdir?

Rusiyada doğulmuş 39 yaşlı milyarder Pavel Durov vaxtilə Rusiyada məşhur VKontakte-nin təsisçilərindən biri olub.

Sonradan verdiyi müsahibələrin birində iddia edib ki, 2014-cü ildə Rusiya hakimiyyəti ondan ukraynalı müxalif fəalların hesablarını tələb edib, amma o bundan imtina edib.

Rusiya hakimiyyəti internet üzərində nəzarəti gücləndirməsindən və VKontakte-yə nəzarəti ələ almağa çalışmasından sonra Durov platformadakı payını sataraq ölkədən qaçdığını deyib.

Sonradan o, qardaşı ilə birgə Telegram mobil tətbiqin əsasını qoyub.

Hazırda onun Birləşmiş Ərəb Əmirlikləri və Fransanın vətəndaşı olduğu deyilir.

Durov Faceook yaradıcı Mark Zuckerberg və ya X sahibi Elon Musk kimi populyar deyil, ictimaiyyətdə haqqında o qədər çox məlumat yoxdur.

“Forbes” Pavel Durovun var-dövlətini təxminən 15 milyard dollar qiymətləndirib.

Durov Azərbaycana niyə gəlmişdi?

BBC Azərbaycancaya qeyri-rəsmi mənbələr deyib ki, Durov Bakıda keçirilən kibertəhlükəsizliklə bağlı təlimdə iştirak etmək üçün gəlib. Bu təlimin detalları barədə məlumat yoxdur. Ancaq o məlumdur ki, Azərbaycan İsrailin “Technion” İnstitutu ilə birgə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini təsis edib və 3 il ərzində Azərbaycanda yüzlərlə mütəxəssisə kibertəhlükəsizlik təlimləri keçirilməsi nəzərdə tutulub. Bu təlimlərə tanınmış bloqçuların, sosial media kanalları rəhbərlərinin dəvət almasına dair məlumatlar var.

Pavel Durov Prezident Vladimir Putinlə eyni vaxtda - avqustun ortalarında Azərbaycanda olub. Bundan əvvəlki aylarda Durov Mərkəzi Asiya ölkələrinə səfər edib.

Kremlin sözçüsü Dmitri Peskov BBC-yə Putinlə Durovun görüşməsi ilə bağlı deyilənləri təkzib edib.

Putin Bakını tərk etdikdən sonra Telegramda “Baza” adlı kanal yazıb ki, Durov Putinlə görüşmək istəsə də, Rusiya Prezidenti bundan imtina edib. Məlumatda Durovun Putinlə niyə görüşmək istəməsi barədə açıqlama yoxdur.

Telegram təsisçisinin Azərbaycanda rəsmi şəxslərlə görüşdüyü iddia olunur, amma bu barədə hər hansı rəsmi məlumat yoxdur.

Onun Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin layihəsi olan Kibertəhlükəsizlik Mərkəzinə baş çəkdiyi güman edilir.

Nazirlikdən BBC-yə deyiblər ki, Durov nazirliyin hər hansı institutunda olmayıb və rəsmi və ya qeyri-rəsmi görüş keçirməyib.

Vavilova

Şəklin mənbəyi, julivavilova/Instagram

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
bbc.com

1Mənbələr