AZ

Əliyev Ermənistanı sülh prosesini qəsdən uzatmaqda günahlandırdı

"Yeni silahlar alır, öz ərazisində üçüncü tərəflərlə hərbi təlimlər keçirir”

Azərbaycan Prezidenti İlham Əliyev növbəti dəfə Ermənistanı vaxtı uzatmaqda, Qərb ölkələrinin isə Cənubi Qafqazda münaqişəni alovlandırmaqda ittiham edib.

O deyib ki, Ermənistan qəsdən vaxt uzadır, Fransadan, digər Qərb ölkələrindən və başqa tərəflərdən yeni silahlar alır, öz ərazisində üçüncü tərəflərlə hərbi təlimlər keçirir.

Bununla yanaşı, İlham Əliyev Azərbaycanın bölgədə davamlı sülhün təmin olunmasının tərəfdarı olduğunu bildirib.

Bu barədə avqustun 30-da İlham Əliyev Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşdə danışıb.

Prezident bir daha Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarının aradan qaldırılmasına toxunub: "Ermənistan Konstitusiyası dəyişdirilməlidir”.

O, həmçinin ATƏT-nin Minsk Qrupuna ehtiyacın olmadığını səsləndirib: "Artıq keçmişin qalığı olan ATƏT-in Minsk Qrupu və onunla əlaqədar olan təsisatlar tamamilə ləğv edilməlidir. Minsk Qrupunun ləğv edilməməsi ilə bağlı Ermənistanın mövqeyi heç bir halda başadüşülən deyil. Çünki əgər münaqişə keçmişdə qalıbsa və Ermənistanın Baş naziri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini ifadə edirsə, onda keçmişin qalığı olan Minsk qrupunun saxlanmasına nə ehtiyac var?! Görünür, Ermənistan sülh müqaviləsində və regionda davamlı sülhün əldə edilməsində maraqlı deyil”.

"Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın əleyhinə olan mövqe bilavasitə öz ərazi bütövlüyü və suverenliyini təmin etməyimizlə əlaqədardır”, – deyə Əliyev qeyd edib.

Şamil Ayrım Türkiyə Böyük Millət Məclisinin parlament seçkilərində böyük heyəti ilə müşahidəçi statusunda iştirak edəcəyini bildirib: "Seçkilər Azərbaycanın bütün ərazisində keçirilən ilk parlament seçkiləridir”.

Şamil Ayrım vurğulayıb ki, bir sıra beynəlxalq təsisatlarda, xüsusilə də Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə qarşı münasibət haqsız və ədalətsizdir.

Avqustun 29-da Ermənistanın ədliyyə naziri Qriqor Minasyan 2027-ci ildə Konstitusiya referendumunun keçirilməsinin planlaşdırıldığını açıqlayıb.

2020-ci ildə Qarabağda aparılan 44 günlük müharibə nəticəsində Azərbaycan işğal olunmuş ərazilərinin böyük hissəsində nəzarəti bərpa edib.

2023-cü ildə isə apardığı hərbi əməliyyatlarla ərazini tam nəzarətə götürüb.

Ondan sonra Azərbaycan və Ermənistan arasında gedən sülh danışıqları fonunda bəzi ərazilərdə sərhədlərin delimitasiyası prosesi həyata keçirilib.

Hazırda bu sahədə danışıqlar davam edir.

Bu danışıqlarda isə həm ABŞ, Avropa İttifaqı, həm də Rusiya vasitəçilik edir. Ancaq tərəflər arasında hələ də sülh müqaviləsi imzalanmayıb.
Seçilən
201
50
arqument.az

10Mənbələr