AZ

Parisdə qızıl medal qazanan İmaməddin Xəlilov: “Qardaşlıq qalib gəldi”

“Özümlə qürur duyuram, çox sevincliyəm. Azərbaycanın paralimpiya çempionu olan ilk parataekvondoçusu oldum”.

Editor.az xəbər verir ki, bunu Paris-2024 Yay Paralimpiya Oyunlarında bütün rəqiblərini üstələyərək qızıl medal qazanan parataekvondoçumuz İmaməddin Xəlilov çempionluğu barədə fikirlərini bölüşərkən deyib.

“Parisə dünya reytinqinin lideri kimi gəlmişdim. Demək olar ki, son yarışlarımın hamısını qalib kimi başa vurmuşdum. Son dünya və ikiqat Avropa çempionu idim. Paralimpiya çempionluğu da qismət oldu. Xalqımıza təşəkkür etmək istəyirəm. Döyüşlərarası fasilədə yazılan şərhləri oxuyurdum. Bu şərhlər mənə motivasiya verirdi, sizin inamınızı hiss edirdim.

Yarımfinalda özbəkistanlı idmançıya qarşı ağır döyüşüm oldu. Sonuncu dəfə onu dünya çempionatının finalında məğlub etmişdim. Burada yenidən qələbə qazanmağı bacardım.

Finalda qardaş Türkiyə idmançısı ilə qarşılaşdım. Qardaşlıq qalib gəldi. Bu yolda əməyi keçən Gənclər və İdman Nazirliyinə, Azərbaycan Taekvondo Federasiyasına, Milli Paralimpiya Komitəsinə və klubum “Neftçi” İK-ya təşəkkür etmək istəyirəm. Ən böyük təşəkkür cənab Prezidentimiz İlham Əliyevə və Birinci vitse-prezidentimiz Mehriban Əliyevaya düşür. İdmanımıza göstərdiyiniz qayğı nəticəsində bu gün Parisdə himnimizi səsləndirib bayrağımızı dalğalandırdıq”.

Qeyd edək ki, parataekvondo millimizin heyətində İmaməddin Xəlilov (70 kq, K44) qızıl, Sabir Zeynalov (58 kq, K44) isə bürünc medal qazanıblar.

Seçilən
86
6
editor.az

10Mənbələr