AZ

Azərbaycan-Serbiya: regional müstəvidə əməkdaşlıq TƏHLİL

Prezident İlham Əliyev: "Serbiya Azərbaycanın dostu və strateji tərəfdaşıdır"

Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizlə dünya dövlətləri arasında münasibətlər daha da sıxlaşır, iqtisadi, mədəni, siyasi münasibətlər müstəvisində uğurlar əldə olunur. Dünyanın bir çox ölkələri ilə yanaşı, Azərbaycanla Serbiya arasında əlaqələr də yüksələn bir xətlə inkişafdadır. İki ölkə arasında münasibətlərin inkişafına dövlət başçılarının görüşləri təkan verib. Dövlətlərarası münasibətlər iqtisadiyyat, enerji və digər sahələrdə yeni prespektivlərə yol açıb. Sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının xarici işlər naziri Marko Curiçi qəbul etməsi əlaqələrin davamlığına söykənir. Azərbaycan-Serbiya əlaqələri müasir dövrümüzdə uğurla inkişaf edir və bu əlaqələr bütün sahələri əhatə edir. Strateji tərəfdaşlıq zəminində qurulmuş münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlir. Xatıradaq ki, Serbiya və Monteneqro İttifaqı ilə Azərbaycan Respublikası arasında ikitərəfli diplomatik münasibətlər 21 avqust 1997-ci ildə qurulub. 2011-ci il tarixində Azərbaycanın Prezidenti İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri olub. Səfər çərçivəsində Serbiyada Azərbaycan səfirliyi açılıb. Azərbaycan hər zaman beynəlxalq təşkilatlarda Serbiyanı dəstəkləyib və ölkələrimizdə səfirliklərin açılması da ikitərəfli əməkdaşlığa öz mühüm töhfələrini verir. 2013-cü ildə Azərbaycan və Serbiya arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə, 2018-ci ildə imzalanmış strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı əhəmiyyət kəsb edir. Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq səviyyəsində olan əlaqələr ildən-ilə genişlənir. 21-22 may 2018-ci il tarixlərində Serbiya Prezidenti Aleksadar Vuçiçinin Azərbaycana rəsmi səfəri mövcud əlaqələrin davamı kimi dəyərləndirilir.

BALKAN VƏ QAFQAZ REGİONLARI ARASINDA ƏMƏKDAŞLIĞIN İNKİŞAFINA TƏKAN

Prezident Vuçiçlə həm Azərbaycanda, həm də Serbiyada görüşlərini məmnunluqla xatırlayan dövlətimizin başçısı vurğulayıb ki, onun Serbiya Prezidenti ilə olan dostluq və tərəfdaşlıq əlaqələri ikitərəfli münasibətlərimizin inkişafına ciddi təkan verir.

Serbiyanın Azərbaycanın dostu və strateji tərəfdaşı olduğunu, ölkələrimiz və xalqlarımız arasında səmimi münasibətlərin qurulduğunu deyən Prezident İlham Əliyev qeyd edib ki, bunlar əməkdaşlığın bütün sahələrdə inkişafında özünü göstərir. Dövlətimizin başçısı Azərbaycanla Serbiya arasında dostluq əlaqələrinin təkcə ikitərəfli münasibətlər baxımından deyil, eyni zamanda, regional müstəvidə Balkan və Qafqaz regionları arasında əməkdaşlığın inkişafına təkan verilməsi baxımından çox vacib xarakter daşıdığını bildirib.

Xatırladaq ki, qarşılıqlı rəsmi səfərlər çərçivəsində dövlət başçıları bir sıra vacib məsələləri müzakirə ediblər. Bir sıra sənədlərin imzalanması əlaqələrin daha da genişlənməsinə yeni imkanlar açır. Belə ki, dövlət başçıları Birgə Bəyanat, strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Memorandumu imzalayıblar. Bu sənədlərin imzalanması əməkdaşlığın yeni müstəviyə qalxması deməkdir. Dövlətlərarası imzalanmış sənədlər ikitərəfli əlaqələrin hüquqi bazasını təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, "Biz sözün əsl mənasında strateji tərəfdaşıq. Çünki bir çox sahələrdə uğurla əməkdaşlıq edirik və bizim əməkdaşlığımızın strateji hədəfləri var. Serbiya və Azərbaycan bir-birini hər zaman beynəlxalq arenalarda müdafiə edir, dəstəkləyir".

AZƏRBAYCAN ÖZ İRADƏSİ İLƏ ƏRAZİ BÜTÖVLÜYÜNÜ VƏ SUVERENLİYİNİ TAM ŞƏKİLDƏ TƏMİN EDİB

Azərbaycan və Serbiya qarşılıqlı surətdə həmişə bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyiblər. Bu xüsusda, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı qeyd olunmalıdır.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan öz suverenliyinin və ərazi bütövlüyünün təmin olunması prosesində ikili standartlar, ədalətsizlik, beynəlxalq hüququn norma və prinsiplərinə zidd yanaşmalarla üzləşib. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan öz iradəsi ilə ərazi bütövlüyünü və suverenliyini tam şəkildə təmin edib.

Bu gün işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərində dost ölkələrin şirkətləri iştirak edir. Təbii ki, dost ölkələrin şirkətləri kimi, Serbiya şirkətləri də həmin ərazilərdə aparılan yenidənqurma işlərinə öz töhfəsini verəcəkdir.

AVRASİYANIN ENERJİ XƏRİTƏSİNİN YENİDƏN TƏRTİBİ

İkitərəfli əlaqələrin daha da geniş miqyas alması üçün potensial böyükdür. Azərbaycan və Serbiyanın işgüzar dairələri arasında əlaqələrin, biznes sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin də xüsusi önəm kəsb edir. Azərbaycan və Serbiya arasında əməkdaşlıq ticarət, nəqliyyat-logistika, müdafiə sənayesi və energetika sektoru kimi sahələri əhatə edir. Əldə edilmiş razılıqlara əsasən isə, bu və digər sahədə əməkdaşlıqlar daha da genişləndiriləcəkdir. Müdafiə sənayesi sahəsi ölkələrimiz arasında perspektiv əməkdaşlıq istiqamətlərindən biridir. Həm Serbiyanın, həm də Azərbaycanın bu sahədə müvafiq potensialı var və bu potensialın birləşdirilməsi üçün praktiki addımların atılması gözlənilir. Hər iki ölkənin böyük potensiala malik olduğu sahələrdən biri də nəqliyyat-logistika sahəsidir. Məlum olduğu kimi, Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizləri keçir. Bu sahədə bağlantının yaradılması üçün hər iki ölkənin müvafiq qurumlarının gördükləri fəal işlər nəticəsində artıq lazımi təmaslar yaranmışdır.

Son vaxtlar Azərbaycan və Serbiya arasında energetika sektorunda əməkdaşlıq məsələsi daha böyük əhəmiyyət kəsb edir. Azərbaycan öz təbii resurslarını artıq Avropa qitəsi, o cümlədən Serbiyaya qonşu olan ölkələr də daxil müxtəlif istiqamətlər üzrə ixrac edir. Azərbaycan və Serbiya arasında həm təbii qaz, həm də elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar vardır.Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir. Azərbaycan tərəfindən irəli sürülmüş və icra edilmiş layihələr Avropanın və Asiyanın – Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Cənub Qaz Dəhlizi – uzunluğu 3500 kilometr olan nəhəng infrastruktur layihəsi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir. Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş kimi dəyərləndirir. Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir. Bu gün təbii qazımız 8 ölkəyə ixrac edilir və Serbiya 9-cu ölkədir. İnterkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə önəmli töhfə verəcəkdir.

Serbiyaya illik 400 milyon kubmetrə qədər qazın tədarükü edilib. Bunun 1 milyarda çatdırılması planlaşdırılır. Bu da qazın üçdəbirini təmin edəcək. Artıq 160 min ton neft Serbiyaya çatdırılıb.

AZƏRBAYCANIN ENERJİ RESURSLARININ İXRACINDA SERBİYANIN TRANZİT ROLU

Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir. Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır.Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Avropa məkanı və Azərbaycan, Avropa İttifaqı əlaqələri – bütün bu istiqamətlər müsbət məcrada inkişaf edir. Serbiya, Bolqarıstan və Şərqi Avropa qrupuna daxil olan digər ölkələr Azərbaycanın namizədliyini dəstəkləyərək COP29 konfransının Azərbaycanda, Bakıda keçirilməsinə dəstəyini göstərdilər. Bu amil dostluğumuzun nümunəsidir.

Görüşdə ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub. Azərbaycanın enerji resurslarının digər Avropa ölkələrinə, o cümlədən Balkan ölkələrinə ixracında Serbiyanın artıq tranzit rolunu oynadığı qeyd edilib. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi, xüsusilə ərazi bütövlüyü və suverenlik məsələlərində prinsipial yanaşmaları bir daha vurğulanıb.

Söhbət zamanı əməkdaşlığın müxtəlif sahələrinə dair fikir mübadiləsi aparılıb. Onu da vurğulamaq yerinə düşər ki, parlamentlərarası əlaqələr də mövcuddur. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Azərbaycan-Serbiya əlaqələrindən söz açarkən Azərbaycan və Serbiyanın şəhərlərində iki ölkənin xalqlarının görkəmli şəxsiyyətlərinin xatirəsinə ucaldılmış abidələri də qeyd etməliyik. Bu ölkədə Ulu Öndər Heydər Əliyevin və böyük bəstəkar Üzeyir Hacıbəylinin abidələri açılıb. 2013-cü il fevralın 8-də isə Bakının mərkəzində serb xalqının görkəmli alimi Nikola Teslanın abidəsinin açılışı olub. Abidənin açılış mərasimində çıxış edən Prezident İlham Əliyevin söylədiyi kimi, artıq bu yer Serbiya-Azərbaycan dostluğu parkıdır. Serbiya və Azərbaycan xalqlarının görkəmli nümayəndələrinin şərəfinə həm Serbiyada, həm də Azərbaycanda ucaldılmış abidələr xalqlarımızı, ölkələrimizi daha da sıx birləşdirir. Bu əlamətdar hadisələr Serbiya-Azərbaycan dostluğunun təzahürüdür.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanla Serbiya arasındakı münasibətlərin yaxşı perspektivləri var və yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrin inkişafına töhfə verəcək.

Nəzakət ƏLƏDDİNQIZI

Seçilən
137
50
sesqazeti.az

4Mənbələr