AZ

Xəzərlə bağlı 1979-cu il layihəsi gündəmdə - Rusiya su altında qala bilər...

Xəbər verdiyimiz kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Ekoloji Siyasət” şöbəsinin müdir müavini Rafiq Verdiyev Xəzər dənizinin səviyyəsinin azalması fonunda 1979-cu ildə şimal çaylarının dənizə yönləndirilməsi barədə layihənin yenidən gündəmə gəldiyini açıqlayıb.

Onun sözlərinə görə, son 30 ildə Xəzər dənizinə gedən çayların səviyyəsi azalıb: “1979-cu ildə Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinə görə şimal çaylarının dənizə yönləndirilməsi layihəsi nəzərdə tutulurdu. Sonra da Xəzərin səviyyəsi artdı. Buna görə də layihə təxirə salındı. Lakin gedən proseslər bu layihəni yenidən gündəmə gətirə bilər”.

Həmin layihədə nələr nəzərdə tutulur?

Məsələ ilə bağlı Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin rəhbəri, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbasov Teleqraf.com-a bildirib ki, bu layihənin həyata keçirilməsi Rusiyada çox böyük ərazilərin su altında qalması riski yaradardı:

“Həmin vaxt məsələ belə qoyulurdu ki, Xəzərin səviyyəsi getdikcə azalır, yaxın gələcəkdə dəniz tamamilə quruya bilər. Ona görə qərara alınmışdı ki, bir neçə layihə həyata keçirilsin. Bunlardan biri də şimal çaylarının Xəzər dənizinə axıdılması idi. Amma Xəzərdə suyun səviyyəsi yenidən qalxdığına görə layihə baş tutmadı. Hətta suyun səviyyəsi o qədər qalxdı ki, 1995-ci ildə Bakı bulvarı, Ələt-Astara yolu dağıldı.

Bu halın yenidən baş verməyəcəyindən əmin deyilik, bu baş verərsə, biz yenidən faciəvi duruma düşə bilərik. Bu baxımdan həmin layihənin həyata keçirilməsini mən doğru hesab etmirəm. Rusiya tərəfi də buna razı olmaz. Çünki Rusiyada quru ərazilərin su altında qalması ehtimalı yaranır”.

Rövşən Abbasov əlavə edib ki, qeyd olunan layihənin baş tutması üçün şimal çaylarından Uralın Volqaya axıdılması lazımdır: “Lakin bu zaman da çayların ətrafındakı ərazilər su altında qalar. İllər əvvəl Türkmənistanda körfəzin önünün kəsilməsi böyük faciələrə səbəb olmuşdu. Həmin körfəzin quruması ilə ətraf ərazilərdə ekoloji problemlər yarandı. Bu səbəbdən layihə sonradan ləğv olundu, bənd yarıldı. Demək istəyirəm ki, təbiətə bu cür müdaxilə risklidi”.


Müəllif: Mələksəda Zeynallı, İradə Tağızadə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
1
teleqraf.com

2Mənbələr