AZ

EBRD Gəncənin ekoloji keçidini dəstəkləyəcək

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Gəncədə su təchizatı, kanalizasiya və yağış sularının idarə edilməsi sisteminin yenidən qurulması, eləcə də sutəmizləyici qurğuların tikintisi üçün 365 milyon avro məbləğində suveren kredit ayıracaq.

"Report" EBRD-yə istinadən xəbər verir ki, layihənin ümumi dəyəri 370 milyon avrodur. Kredit bir neçə tranşda veriləcək və beynəlxalq donorun təqdim etdiyi investisiya qrantı hesabına birgə maliyyələşdiriləcək.

Kreditin EBRD-nin Direktorlar Şurası tərəfindən təsdiqi noyabrın 6-da gözlənilir.

Layihə EBRD-nin “Yaşıl şəhərlər” proqramı çərçivəsində həyata keçirilir və “Gəncə Yaşıl şəhər” Fəaliyyət Planında müəyyən edilmiş “suyun əlçatanlığı və keyfiyyəti” kimi prioritet ekoloji problemin həllinə yönəlib. Gəncənin su təchizatı və kanalizasiya infrastrukturunun yaxşılaşdırılmasının vacibliyini nəzərə alaraq layihə hökumət üçün prioritetdir.

Layihə başa çatdıqdan sonra Gəncə şəhərinin fasiləsiz su təchizatı və kanalizasiya xidmətləri ilə tam əhatə olunması, yağış sularını idarəetmə sisteminin tətbiqi sayəsində daşqın risklərinin azaldılması planlaşdırılır. Layihə həm də çirkab suların Gəncə çayına axıdılmazdan əvvəl təmizlənməsini təmin etməklə ətraf mühitə müsbət təsir göstərəcək.

Layihənin həyata keçirilməsi su təchizatı xidmətlərini yaxşılaşdıracaq, su itkisini azaldacaq və çirkab suların lazımi qaydada təmizlənməsini təmin edəcək və bununla da “yaşıl keçid”ə töhfə verəcək. Bundan başqa, layihənin keyfiyyətli idarə edilməsini dəstəkləyəcək korporativ idarəetmə üzrə Fəaliyyət Planı da hazırlanacaq.

Hazırda layihənin ekoloji və sosial qiymətləndirilməsi (ESDD) həyata keçirilir. Birinci tranşla (B kateqoriyası) su təchizatı, kanalizasiya və yağış sularının idarə edilməsinin bərpası maliyyələşdiriləcək. 150 000-dən çox insan üçün yeni çirkab su təmizləyici qurğuların tikintisini nəzərdə tutan növbəti tranşların, o cümlədən ikinci tranşın (A kateqoriyası) EBRD-nin Ekoloji və Sosial Siyasətinə uyğun olaraq əlavə ekspertizası həyata keçiriləcək və bununla bağlı məlumat veriləcək.

Borcalan qismində Azərbaycan Maliyyə Nazirliyi, benefisiar qismində isə Dövlət Su Ehtiyatları Agentliyi çıxış edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
2
report.az

3Mənbələr