AZ

Müşfiq Cabbara etibarnamə vermək hüququ tanınmır

İstintaq Toplum TV-nin həbsdə olan jurnalisti Müşfiq Cabbarın notarial hərəkətləri həyata keçirmək, xüsusən, yaxınlarına etibarnamə vermək hüququnu məhdudlaşdırıb.

Bu barədə "Turan"a onun vəkili Nazim Musayev bildirib.

Onun sözlərinə görə, etibarnamə vermək zərurəti onunla bağlıdır ki, jurnalist həbsindən əvvəl xaricdə hərracda avtomobil alıb. 

Maşın Azərbaycana gətirilənə qədər jurnalist həbs edilib. 

May ayından etibarən maşın gömrükdə saxlanılır və dayanacaq haqqı tutulur. Cabbar maşını gömrük rəsmiləşdirməsindən keçirmək üçün yaxınlarına etibarnamə verməlidir. Lakin İstintaq Təcridxanasının rəhbərliyi müstəntiqin qadağa qoymasına istinad edərək buna icazə vermir.

Vəkil Musayev müstəntiqə Cabbarın yanına notariusun gəlməsinə icazə verilməsi haqqında vəsatət verib. Lakin müstəntiq vəsatətə baxılmasını "təxirə salıb". 

Vəkil müstəntiqin qərarını qanunsuz hesab edir.

"Avtomobilin cinayət işi ilə ümumiyyətlə əlaqəsi yoxdur", - deyə Musayev qeyd edib.

Sentyabrın 3-də Bakının Xətai Rayon Məhkəməsində vəkilin müstəntiqin qərarından və Cabbarın hüquqlarının məhdudlaşdırılmasından verdiyi şikayətə baxılmasına başlanıb. 

Jurnalist özü məhkəməyə gətirilmədiyinə görə vəkil onun şəxsən iştirak etməsi haqqında vəsatət qaldırıb. 

Hakim bu vəsatəti təmin edib və növbəti iclası sentyabrın 9-na təyin edib.

***

6-8 mart tarixlərində Toplum TV-nin və onun tərəfdaşı olan təşkilatın - Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. 

Onlar xarici valyuta qaçaqmalçılığında ittiham olunublar. Yeddi nəfər həbs olunub, iki nəfər isə polis nəzarətinə verilib.

Hüquq müdafiəçiləri bu işin fiqurantlarını siyasi məhbus kimi tanıyıblar, beynəlxalq təşkilatlar onları azad etməyə çağırıb.

Seçilən
45
arqument.az

1Mənbələr