AZ

Dostluq, əməkdaşlıq məkanı

Dövlət başçısı İlham Əliyev bildirir ki, biz Avropada və dünyanın digər yerlərində olanda özümüzü rahat hiss edirik, çünki Azərbaycan cəmiyyəti əsrlər boyu hər iki sivilizasiyanın, yəni, İslam sivilizasiyasının və Avropa sivilizasiyasının dəyərlərini əhəmiyyətli dərəcədə mənimsəmişdir

Ölkəmiz hər zaman dostluq, əməkdaşlıq məkanı kimi dünyanın diqqətindədir. Cənab İlham Əliyevin cari ildə ADA Universitetində «COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forumda «Azərbaycanı Şərq və Qərb dünyası arasında ən əhəmiyyətli körpü kimi görürsünüzmü» sualına cavabında səsləndirdiyi fikirləri yada salmaq istərdik. Dövlətimizin başçısı bildirmişdir ki, ən əhəmiyyətli körpü məncə çox təkəbbürlü səslənə bilər. Amma bəli, bu, bir növ mədəniyyətdir: «Mən deyərdim, körpü ona görə ki, yerləşdiyimiz coğrafiya cəmiyyətin həyat tərzinə, əhvali-ruhiyyəsinə mütləq təsir edib. Biz Avropada və dünyanın digər yerlərində olanda özümüzü rahat hiss edirik, çünki Azərbaycan cəmiyyəti əsrlər boyu hər iki sivilizasiyanın, yəni, İslam sivilizasiyasının və Avropa sivilizasiyasının dəyərlərini əhəmiyyətli dərəcədə mənimsəmişdir. Beləliklə, şübhəsiz ki, bu yer bizə nəqliyyat əlaqələrinin qurulmasında fəal olmağı diktə edir, çünki mövqeyimizdən istifadə etməsək, heç kim bizi bağışlamaz. Biz sərmayə qoymağa və tikintiyə başladıq.» Cənab İlham Əliyev bu fikrini, eyni zamanda, belə əsaslandırmışdır ki, təkcə dəmir yolu və limanlar tikmək kifayət deyildir. Biz ölkələr arasında körpülər qurmalıyıq. Çünki bilavasitə qonşu və qonşunun qonşusu ilə yaxşı münasibət qurmasan, heç vaxt tranzit ölkə olmayacaqsan. Beləliklə, Xəzərin şərq sahilində yerləşən ölkələrlə, bir tərəfdən Mərkəzi Asiya ilə, digər tərəfdən isə Gürcüstan, Türkiyə və bir çox Avropa ölkələri ilə güclü əlaqələrimiz var. Rusiya və İranla Şimal-Cənub marşrutu üzrə, habelə Şərq-Qərb qovşağından və əlaqədən danışmağımızın səbəbi budur. Bu qonşulardan yalnız biri ilə problemimiz olsa, bu, işə yaramayacaq və həyatımızı yaxşılaşdıracaqmı? Əlbəttə, yox.

Azərbaycanın əlaqələrin inkişafında etimad mühitini qoruması yeni əməkdaşlıq formatlarının yaradılmasında, həmçinin mövcud olanların coğrafiyasının genişləndirilməsində əhəmiyyətli rol oynayır. Tarixi Zəfərimizdən sonra ölkəmizin müxtəlif dövlətlərlə istər ikitərəfli, istərsə də çoxtərəfli çərçivədə əlaqələrinin yüksələn xətlə inkişaf etdiyinin şahidi oluruq. Ölkəmizin tranzit imkanları əməkdaşlıq əlaqələrinin dərinləşməsində əhəmiyyətli rol oynayır. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, Azərbaycanın açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilib. Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu Azərbaycanın tranzit ölkə kimi mövqeyini daha da möhkəmləndirdi. Təkcə Azərbaycan deyil, bölgə dövlətləri üçün siyasi, iqtisadi, strateji baxımdan böyük əhəmiyyət daşıyan, Çindən başlayaraq Londona qədər uzanan BTQ dəmir yolu vasitəsilə Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş imkanları yaranır. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizləri, eləcə də Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu (TBNM) kimi layihələr təkcə iqtisadi səmərəsi ilə deyil, ölkələrarası əməkdaşlığın genişləndirilməsi baxımından diqqət çəkir. Böyük İpək Yolunun bərpası istiqamətində davamlı işlər görən Azərbaycan 2005-ci ildə Şimal-Cənub nəqliyyat dəhlizinə də qoşuldu. Beləliklə də, ölkənin Şərq-Qərb (Böyük İpək Yolu) və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində Avropa və Asiyanın mühüm nəqliyyat qovşağına çevrilmək imkanları daha da artdı. Azərbaycan yeganə ölkədir ki, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri layihələrinin ikisində də iştirak edir. Regionda reallaşan hər bir nəqliyyat layihəsində əsas aparıcı dövlət olan Azərbaycan beynəlxalq əhəmiyyətli dəmir yollarının tikintisi və yenidən qurulmasına böyük əhəmiyyət verir. O da məlumdur ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi Prezident İlham Əliyevin birbaşa rəhbərliyi və dəmir iradəsi ilə həyata keçirilib. BTQ dəmir yolu xətti Asiya ilə Avropa arasında ən qısa və rahat yol olub yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox azaltmağa imkan verir. Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın da Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.

Reallaşan hər bir layihə isə respublikamızın dünya birliyində siyasi, iqtisadi əhəmiyyətini artırmaqla, enerji və nəqliyyat təhlükəsizliyinin təminatındakı rolunun əvəzedilməzliyini göstərir. Prezident İlham Əliyev vurğulayır ki, Azərbaycanın təşəbbüsü ilə reallaşan, gəlir gətirən layihələr həm də başqa ölkələrin iqtisadi inkişafı üçün əlavə imkanlar yaradır: «Lakin uzunmüddətli investisiyalara gəldikdə əsas məqsəd elə bir infrastrukturun yaradılmasıdır ki, o, uzun zaman ərzində fəaliyyət göstərsin və ölkəni dəyişmiş olsun, dünyanın ölkəyə münasibətini dəyişmiş olsun. Çünki bu infrastruktur layihələri olmadan Azərbaycanın coğrafi mövqeyinin bir o qədər də böyük mənası yoxdur. Biz ölkələri və insanları birləşdirməyə nail olmuşuq. Sizə deyə bilərəm ki, nəqliyyatla bağlı infrastruktur layihələri regionumuzda tamamilə yeni siyasi vəziyyət yaradır. Bir-birindən asılı olan ölkələr; biri tranzit ölkəsindən asılıdır, digəri tranzit ölkəsi olur, əlbəttə ki, onlar arasında daha yaxın münasibətlər yaranır. Onlar faydaları paylaşır, onlar bütün tərəflərin uduzmadığı bir vəziyyət tapa bilir.”

Təkcə ikitərəfli yox, çoxtərəfli formatda da Xəzər dənizi vasitəsilə qitələrin birləşdirilməsi, Bakıda dəniz limanının tikintisi, dəmir yolu sisteminin Avropa strukturları ilə birləşməsi yeni əməkdaşlıq formatını yaradır. Hədəfimiz Azərbaycanda müasir infrastruktur yaratmaq və ölkəni müasirləşdirməkdir. Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvü olan Azərbaycan Çin hökumətinin “Bir kəmər, bir yol” təşəbbüsünü daim dəstəkləyir, qonşu ölkələrin qlobal layihələrə qoşulmaq istəklərini yüksək dəyərləndirir. Çünki Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzvü olan yeganə ölkədir ki, infrastrukturun yenilənməsi ilə Xəzərin sahilində 25 milyon tona qədər yük daşımaq gücündə olan ən böyük dəniz limanı respublikamızın ərazisindədir. Başqa sözlə deyilsə, Avropa və Asiya arasında əlaqə yaradan Bakı-Tbilisi-Qars əraziləri yaxınlaşdırmaq istəyənlər üçün ən səmərəli yoldur. Asiya və Avropanı birləşdirən yeni marşrutların keçdiyi əsas ölkələr arasında Azərbaycanın ön sıralarda yer alması təsadüfi deyil. Dünyanın ən böyük iqtisadiyyatına malik ölkələrdən biri olan, ixrac həcminə görə beynəlxalq reytinq cədvəlində ilk pillədə qərarlaşan Çinin Avropa, eləcə də Qara dəniz, Aralıq dənizi hövzəsində yerləşən ölkələrlə nəqliyyat xətləri vasitəsilə birləşməsində Azərbaycan getdikcə daha vacib rol oynayır. Burada o da xüsusi qeyd edilməlidir ki, Azərbaycanın malik olduğu nəqliyyat infrastrukturu, o cümlədən dəmir yolları Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün vacib hissəsidir. Hadisələrin inkişafı Zəngəzur dəhlizinin də həyati əhəmiyyət daşıdığını göstərir. Zəngəzur dəhlizi regionda yeni nəqliyyat imkanları yaradacaq, Bütün bunlar Azərbaycanın Avropa ilə Asiya arasında ticari-iqtisadi əlaqələrdə nə dərəcədə vacib rol oynadığını əyani şəkildə təcəssüm etdirir.

Son dörd ilə yaxın dövrdə işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması prioritet olsa da , digər regionlarımızın da dayanıqlı inkişafının təmin edilməsi üçün davamlı addımlar atılır. Azərbaycan ərazisindən keçən yolların çoxşaxəli olması imkanlarımızı böyük dərəcədə artırır. Hava nəqliyyatına gəldikdə isə Heydər Əliyev Beynəlxalq Aeroportu MDB məkanında birinci yerdədir. «Mənim göstərişimlə digər şəhərlərimizdə inşa edilmiş hava limanları bizim nəqliyyat potensialımızı böyük dərəcədə gücləndirir» söyləyən cənab İlham Əliyev diqqəti işğaldan azad edilmiş ərazilərimizdə tikilən Beynəlxalq Hava limanlarına yönəldir. Artıq 2021-ci ildə Füzuli, 2022-ci ildə isə Zəngilan Beynəlxalq Hava limanlarının açılışı oldu. Üçüncü Beynəlxalq Hava Limanı isə Laçın rayonu ərazisindədir və 2025-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur. Bu Beynəlxalq Hava limanları Azərbaycanın dünya birliyində roluna, möhkəmlənən mövqeyinə aydınlıq gətirir. Beynəlxalq status almış bu hava limanları işğaldan azad edilmiş ərazilərimizin turizm imkanlarından istifadəyə geniş imkanlar açacaq. 

Bu gün nəqliyyat sektorumuz həm müasir, həm də ölkə qarşısında duran vəzifələri icra etməyə imkan verir. Eyni zamanda, bu sahəyə qoyulan milyardlarla dollar səviyyəsində sərmayələr artıq bizim qeyri-neft iqtisadiyyatımıza öz müsbət təsirini göstərir. Dövlətimizin başçısı İlham Əliyev onu da bildirir ki, nəqliyyat sektoruna qoyulan sərmayələr 1-2 ilə, hətta 5-10 ilə geri qayıdan sərmayələr deyil. Bu, uzunmüddətli sərmayədir. Bu sərmayələr insanların rahatlığına və ölkənin uzunmüddətli dayanıqlı inkişafına nail olmaq üçün qoyulub. Ölkəmizin bugünkü reallıqları fonunda bu fikri də böyük inamla qeyd edə bilərik ki, qlobal çağırışların, yüksək rəqabət gücünə malik, bazar münasibətlərinə əsaslanan dayanıqlı iqtisadiyyatın inkişafını, idarəetmə strukturlarının yeni, müasir modellər əsasında formalaşmasını, qeyri-neft sektorunun genişləndirilməsini, nəqliyyat, tranzit və logistika infrastrukturunun, insan kapitalının təkmilləşdirilməsini, sosial-müdafiə sisteminin gücləndirilməsinı şərtləndirən amillərin əks olunduğu İnkişaf Konsepsiyasının tətbiqi ilə qüdrətli dövlətə çevrilən Azərbaycanı dünyada tanıdan inkişaf modeli özünü doğrultdu. Konkret konseptual proqramlar, düşünülmüş ictimai rəy, vətəndaş təklifləri əsasında hazırlanan regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında nəzərdə tutulan vəzifələrin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsi bölgələrin simasını dəyişmiş, infrastruktur yenilənmiş, şəhərlə kənd arasındakı fərq minimuma endirilmiş, demoqrafik tarazlıq təmin olunmuşdur. Həyata keçirilən və dövlətin daim nəzarətində olan təşəbbüslərin həllində yeganə məqsəd ölkəmizin iqtisadi qüdrətini artırmaq, dünya iqtisadi sistemində mövqeyini möhkəmləndirmək, xarici investisiyaların Azərbaycana cəlbini sürətləndirməkdir. Mühüm əhəmiyyətli islahatların və layihələrin tətbiqi ilə dünya birliyində islahatçı ölkə kimi tanınan, təşəbbüsləri beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən və yüksək dəyərləndirilən Azərbaycanın reytinqi ildən-ilə yüksəlir. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də də möhkəm iqtisadi təmələ əsaslanan ölkəmizdə qarşıdakı on il üçün görüləcək işlər, icra mexanizmi tam aydınlığı ilə göstərilib.

Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji və nəqliyyat layihələri birləşdirici rola malikdir. Öncə regional çərçivədə başlayan əməkdaşlıq əlaqələrinin zaman keçdikcə coğrafiyası daha da genişlənir. Dövlətimizin başçısı İlham Əliyev 2-ci Şuşa Qlobal Media Forumunda «Bizim atdığımız bütün addımlar və təşəbbüslərimiz əsas məqsədi güdür - ölkəmizi gücləndirmək, iqtisadi gücümüzü artırmaq, iqtisadi və siyasi müstəqilliyimizi daha da gücləndirmək və Azərbaycanı yüksək liqaya daxil etdirmək» söyləyərək onu da əlavə etdi ki, bu ilin noyabr ayında keçiriləcək COP29 bu istiqamətdə çox önəmli bir addım olacaq. Biz bu istəkdə olanda bəziləri bəlkə də bunu anlamırdı: «Bu gün də buna ağızlarını büzənlər var ki, nəyə lazımdı, qoyun rahat yaşayaq. Yenə tədbir olacaq, yenə qonaq gələcək. Biz artıq bunun bəhrəsini görürük. Azərbaycanın geosiyasi önəmi əhəmiyyətli dərəcədə artıb. Bizim beynəlxalq müstəvidə təmasda olduğumuz ölkələrlə ikitərəfli əlaqələr tamamilə başqa məcrada inkişaf edir. Ənənəvi mövzulardan başqa, bu mövzu və buna paralel olan mövzular da daxil edilir.» Cənab İlham Əliyev diqqəti bu məqama da yönəltdi ki, inkişafda olan 50-dən çox kiçik ada dövlətləri var. Onlar üçün xüsusi fond təsis edilir və o fonda əhəmiyyətli dərəcədə vəsait də qoyulacaq. Onlara kömək göstərəcəyik. Əlbəttə, onlar təbii müttəfiqlərimizə çevriləcək. Bu addımları atmaqla ölkəmizi böyük dərəcədə gücləndiririk: «Bu gün burada bizim COP nümayəndələri, komandamız iştirak edir. Onlar da çox fəal işləyir və mən demişəm, siz xarici ölkələrdə işləməlisiniz, bütün dünyanı dolaşmalısınız ki, Azərbaycanın mövqeyini, Azərbaycanın gündəliyini bütün tərəf-müqabillərinə çatdırasınız… Biz maksimum edə biləcəyimizi edəcəyik, körpülər quracağıq, Qlobal Cənubla Qlobal Şimal arasında təmasları gücləndirəcəyik. Ancaq əlbəttə, bu iqlim məsələsində əsas söz sahibləri təbii ki, Azərbaycan boyda ölkələr deyil. O böyük ölkələrdir ki, onları da bir araya gətirmək üçün biz indi səylər göstəririk.»

Azərbaycanın COP29-a - dünya miqyasında ən böyük beynəlxalq konfransa ev sahibliyi ölkəmizin beynəlxalq nüfuzunun, enerji diplomatiyasının uğurlarının təqdimatıdır. Bu baxımdan qeyd edilir ki, bərpaolunan enerji növləri ilə bağlı hədəflərimiz aydındır. Dövlət başçısı İlham Əliyevin əminliklə vurğuladığı kimi, çox ölkə Azərbaycanda bu sahəyə vəsait qoymaq istəyir. Amma bu qədər imkanımız hələ yoxdur. Dünya Bankının qolu olan Beynəlxalq Maliyyə Korporasiyası təkcə dənizdə külək potensialımızı 157 min meqavat səviyyəsində təsbit edib. Cənab İlham Əliyev Azərbaycanın bərpaolunan enerji potensialından və əməkdaşlıq əlaqələrinin qurulması üçün mövcud imkanlardan bəhs edərək «Azərbaycanın özünə planlaşdırdığımız qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəfimiz ixracdır. Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun» söyləməklə bildirir ki, yalnız daxili gündəliyimizdən asılı olan və həll edilməli bir çox məsələlər tam reallaşacaq. Lakin beynəlxalq tərəfdaşlıq tələb edən məsələləri tərəfdaşlarımızla həll etməliyik.

Prezident İlham Əliyevin hər bir çıxışı, müsahibəsi beynəlxalq əməkdaşlığın coğrafiyasının genişləndirilməsinə çağırışlarla zəngindir. Hər zaman qeyd edilir ki, Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla beynəlxalq əlaqələri və onlarda fəal iştirakı bizə müxtəlif qitələrin ölkələri arasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə də onların həmrəyliyini möhkəmləndirmək imkanını yaradacaq. Yaşıl gündəliyimiz hələ COP29 qərarından əvvəl icra olunmağa başlayıb. Biz xarici tərəfdaşlar və sərmayədarlarla yaşıl keçid üzrə artıq nəhəng layihələrə başlamışıq. 2027-ci ilin sonuna qədər 2000 meqavat Günəş və yaşıl enerji imkanlarımız olacaq. Doqquz elektrik enerjisi stansiyası olacaq və 2030-cu ilə qədər əlavə 10 Günəş və külək enerjisi stansiyaları qurulacaq ki, onların gücü 5000 meqavat (5 qiqavat) təşkil edəcək. Bu potensialdan istifadə edərək qaz istehlakımızı əksər hissədə elektrik enerjisi istehsalı ilə əvəzləyəcəyik. Həcmlərə gəldikdə isə Avropaya ən azı əlavə 5 milyard kubmetr qaz ixrac olunacaq.

Rəqəmlər də təsdiqləyir ki, Azərbaycan böyük bərpaolunan enerji potensialına malik olan ölkədir. Azərbaycan tarixən neft ölkəsi kimi tanınmasına baxmayaraq bu gun qaz və elektrik enerjisi ixracatçısı kimi də mövqeyini möhkəmləndirir. Ölkəmiz regionda yaşıl enerjiyə keçidə hədəflənən qabaqcıl yanaşmaların tətbiqi üzrə liderdir və iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə verir. 2024-cü ilin ölkəmizdə «Yaşıl dünya naminə həmrəylik ili» elan edilməsi də Azərbaycanın iqlim dəyişmələrinin yaratıdığı problemlərə qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsinə verdiyi töhfələrə işıq salır. Prezidentin Sərəncamında da qeyd edildiyi kimi, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.

Hər dövrün öz çağırışı vardır. Azərbaycan hər bir çağırışı yüksək səviyyədə cavablandırmağa səy göstərir. Reallıq budur ki, Azərbaycan qlobal və regional enerji təhlükəsizliyinin təminatında mühüm aktorlardan biri kimi, xüsusən də bərpaolunan enerjinin inkişafı sahəsində davamlı layihələr həyata keçirir, regionda sülhü, sabitliyi və təhlükəsizliyi dəstəkləyir.

Yeganə Əliyeva, «İki sahil»

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
1
ikisahil.az

2Mənbələr