AZ

Seçici niyə səsverməyə gəlmədi? - YAP-a etimad azaldımı?

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES, AZIZ KARIMOVŞəklin alt yazısı,Azərbaycanda parlament seçkisi 2024Məqalə barədə məlumatMüəllif,Aygül MehmanVəzifə,BBC News Azərbaycanca2 Sentyabr 2024Sentyabrın 1-də keçirilən parlament seçkilərindən sonra açıqlanan yeni Milli Məclis tərkibində köhnələrlə yanaşı, yeni deputat adları da var.İlkin nəticələrə görə, yeni parlamentin 120 üzvünün adı bəllidir və onlardan 68 nəfəri hakim Yeni Azərbaycan Partiyasının təmsilçisidir. Beş dairənin nəticələri hələ ki sayılmaqdadır. Dairələrin nəticələrini təqdim etmək üçün isə iki gün vaxtı var.Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, bazar günü keçirilən növbədənkənar parlament seçkisində 125 deputat yeri uğrunda 1000-ə yaxın namizəd mübarizə aparıb.ATƏT-in Seçkiləri Müşahidə Missiyasının sentyabrın 1-də keçirilən erkən parlament seçkiləri ilə bağlı hesabatında deyilir ki, builki erkən seçkidə Milli Məclisə namizədlərin təxminən 30 faizini qadınlar təşkil edib. Bu isə bundan əvvəlki seçkilərdəki 21 faizdən xeyli böyük artım deməkdir.Bununla yanaşı ATƏT missiyası seçkilərin fundamental azadlıqların və medianın məhdudlaşdırıldığı şəraitdə keçdiyini açıqlayıb.Yeni parlamentdə kimlər var?Yeni parlamentdə əvvəllər azı dörd çağırış deputat olmuş Asim Mollazadə, Aydın Hüseynov, Səməd Seyidov və başqaları ilə yanaşı, Milli Məclisdə ilk dəfə təmsil olunacaq gənc deputatlar Günay Ağamalı, Günay Əfəndiyeva və digərləri də var.Müstəqil Azərbaycanın Milli Məclisinin son 6 çağırışının 5-də deputat olmuş Fəzail Ağamalı budəfəki parlamentin deputat kürsüsündə oturmayacaq. Lakin ölkənin 7-ci çağırış Milli Məclisində Ağamalı ailəsini onun qızı Günay Ağamalı təmsil edəcək, MSK Günay Ağamalının deputat seçildiyini açıqlayıb.Vətəndaş Həmrəyliyi Partiyasının sədri, indiyədək parlamentdə azı 4 çağırışı təmsil etmiş Sabir Rüstəmxanlı da deputat statusu ilə vidalaşanlar siyahısındadır. MSK-nın ilkin nəticələrinə görə isə, budəfəki parlamentdə Rüstəmxanlılar ailəsini onun xanımı Tənzilə Rüstəmxanlı təmsil edəcək. Belə ki, o, builki seçkidə daha əvvəl əri Sabir Rüstəmxanlının dairəsindən - 70 saylı Neftçala seçki dairəsindən (əvvəllər 61 saylı olub) namizədliyini irəli sürmüşdü.Siyasi şərhçi Alya Yaqublu hesab edir ki, yeni parlamentin xüsusi özəlliyi “hakimiyyətin valideyndən övlada, ərdən arvada mandat ötürülməsi təcrübəsini yaratması oldu”.“Mən bunu çox mənfi bir hal kimi xüsusi qeyd etmək istəyirəm. Ən azından hakimiyyət bu günə kimi bu qədərinə də getməmişdi, amma bunu da etdilər. Tutaq ki, bir partiya sədrinin - Fəzail Ağamalının qızının mütləq gedib seçicilərin səsini qazanması və yaxud da Sabir Rüstəmxanlının həyat yoldaşı Tənzilə Rüstəmxanlının digər rayonlar kimi böyük problemlər içində olan Neftçalada ərindən sonra gedib yüksək səs qazanması reallığına inanmaq çətindir. Yeni parlamentin əsas fərqi bundan ibarətdir ki, biz artıq mandatın da varisliklə ötürüldüyünü gördük”, - Alya Yaqublu BBC-yə bildirir. Mərkəzi Seçki Komissiyası ilə bu fikirlərə reaksiya üçün əlaqə saxlamaq cəhdlərimiz uğursuz olub.BBC müxbiri Neftçaladan xəbər verir ki, bəzi dairələrdə müstəqil namizəd Vəfa Nağı qalib gəlsə də, ümumi nəticələr Rüstəmxanlının xeyrinə olub.ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə missiyasının rəhbəri Ditmir Buşati deyib ki, seçkilərdə "əsl siyasi plüralizm yox idi", seçkilərdə iştirak etmək istəyən xeyli sayda namizəd isə "ciddi maneələrlə" üzləşib.ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES, AZIZ KARIMOVŞəklin alt yazısı,Azərbaycanda parlament seçkisi 2024Siyasi təhlilçi söyləyir ki, bu seçkilərlə “parlamentin az qala üçdə ikisi dəyişməz qalıb” və “hakim YAP-ın MM-də qərarvermə legitimliyi təmin olunub”.“Həm də o adamlar dəyişməyib ki, bu adamlar illər uzunu- bir neçə çağırışdır ki, Milli Məclisdədirlər. Biz onların xüsusi yüksək keyfiyyət göstəricisi ilə fərqləndiyini görməmişik. Ona görə də “əgər bu qədər eyni tərkib qalacaqdısa, niyə seçki keçirirdilər” deyə o, sual edib və cavabını özü verərək deyib ki, hakimiyyət parlamenti "keyfiyyətli, bacarıqlı, millət vəkili statusuna laiq insanlarla təmin etmək" niyyətində deyil. BBC bu iddialarla bağlı MSK-dan cavab ala bilməyib.ATƏT-in Seçkiləri Müşahidə Missiyası seçki hesabatında bəyan edib ki, 1 sentyabr erkən parlament seçkisi zamanı seçicilərə “həqiqi siyasi alternativlər” təklif edilməyib. Qurumun rəyinə görə, seçki prosesi effektiv hazırlansa da, əsas azadlıqların və medianın “həddindən artıq məhdudlaşdırıldığı hüquqi çərçivədə” keçib.İlk dəfə Milli Məclisdə təmsil olunacaq partiyalar hansıdır?Budəfəki seçkilərdə Vəhdət Partiyası, eləcə də Vətəndaş Birliyi Partiyası Milli Məclisə keçə bilməyib.Yeni parlamentdə Respublikaçı Alternativ Partiyasını isə daha əvvəlki Milli Məclis tərkibində olduğu kimi namizədləri Erkin Qədirli təmsil edəcək.Bundan başqa, Milli Məclisdə yeni və ya təkrar təmsil olunmaq şansı qazanan partiyalar arasında Azərbaycan Milli İstiqlal, Milli Cəbhə və Ədalət, Hüquq, Demokratiya Partiyaları da var. Onlar parlamentdə minimumla - hərəyə bir mandatla təmsil olunacaqlar.Əsas müxalifət partiyalarından biri - AXCP isə seçkiləri boykot edərək, iştirakdan imtina edib. Müsavat isə ilkin nəticələrə görə, mandat ala bilməyib.Seçkini seçicilər də boykot etdi?Mərkəzi Seçki Komissiyasının açıqlamasına görə, builki seçici fəallığı 37,27 faiz olub. Yəni, ölkə üzrə təxminən 7 milyon seçicinin sadəcə 2,2 milyon nəfəri seçkiyə gedib, beş milyon nəfər isə belə demək mümkünsə, seçkini passiv boykot edib.Seçkiboyu bir neçə dairənin müxtəlif məntəqələrində müşahidə aparmış BBC müxbirləri səhər saat 10:00-a dək bəzi dairələrdə bir seçicinin belə, məntəqəyə yaxınlaşmadığını xəbər verdilər.Gün ərzində həmin dairələrə təkrarən baş çəkən müxbirlərimiz günorta saatlarında aktivliyin səhər saatlarına nəzərən cüzi artdığını bildirsələr də, vəziyyətin əsasən dəyişmədiyini söylədilər.Bundan əvvəl ölkədə keçirilmiş seçkiləri izləmiş BBC müxbirləri vurğulayırlar ki, müqayisədə builki seçkilərdə əsas nəzərəçarpan məqam aktivliyin "çox aşağı" olması olub.Məsələn, 2020-ci il parlament seçkilərində seçici fəallığı bundan azı 10 faiz daha yüksək, yəni 47,81 faiz olub.Ondan əvvəlki, 2015-ci il seçkilərinə nəzər salsaq, fəallığın daha da yüksək, 55,7 faiz olduğunu görürük.Builki seçkidəki bəzi dairələrdə seçici sayına nəzər salaq: 33 saylı Xətai birinci seçki dairəsində təxminən 50 minə yaxın seçici qeydiyyatdadır. Bu dairədən ən çox səs toplamış və ilkin nəticələrə görə, Milli Məclisdə təmsil olunacaq Zahid Oruc isə cəmi 4 min səs toplayıb. Onun rəqiblərinin aldığı rəqəmlər “çox daha aşağıdır”, digər namizədlərin vəkilləri BBC-yə bildiriblər.Yaxud 70 saylı Netfçala Seçki Dairəsi üzrə seçici sayı 51 min nəfər olub. Lakin MSK-nın ilkin nəticələrinə görə, bu dairədən ən çox səs toplamış namizəd Tənzilə Rüstəmxanlıdır. Onun 5 min civarında səs topladığı bildirilir.Məntəqə seçki komissiyalarının sədrləri BBC müxbirlərinə seçici fəallığının zəif olmasını istirahət günü, yay fəsli ilə əlaqələndiriblər.Ölkə konstitusiyasında Milli Məclisə seçkilərin vaxtı beş ildən bir - noyabr ayının birinci bazar günü kimi qeyd olunub.Milli Məclisin yeni tərkibində hakim partiyanı 6-cı dəfə təmsil edəcək Məlahət İbrahimqızı BBC-yə bildirir ki, “seçici fəallığının zəif olacağı əvvəldən məlum idi”.“Biz qabaqcadan bunun belə olacağını bilirdik. Azərbaycanın yerli tədqiqatçıları, mən özüm də bilirdim ki, erkən seçki yay mövsümünə düşdüyünə görə, seçki fəallığı az olacaq. Çünki yay fəslidir, bazar günüdür. Məktəblər də hələ 15-i açılacaq. Seçici əhalinin çoxu ya xaricdə idi, ya da Azərbaycanın digər bölgələrində idi. İnsanlar 5-ci gündən ən azı yaxın rayonlara gedib, həftəsonunu orada keçirir. Yəni, buna görə də təxminən 2 milyona yaxın seçici seçkidə iştirak edib”, o bildirir.YAP-a etimad azaldımı?Seçici fəallığının hakim YAP partiyasına etimadı azaltmasına dair iddiaları siyasi şərhçi Alya Yaqublu rədd edir.“Burda söhbət YAP-a etimadın aşağı olmasından getmir. Ümumiyyətlə, Azərbaycanda seçki institutuna etimad yoxdur. Hər seçkidə biz müstəqil medianın paylaşımlarından görürür ki, seçki xəbəri çıxan kimi ictimai rəydə “Nə seçki?”, “Azərbaycanda seçki var?” kimi fikirlər yer alır. Mən əminəm ki, bu ölkədə Azərbaycan seçicisinin təsəvvüründə YAP, ümumiyyətlə, bir siyasi aktyor deyil. “Azərbaycanda hakimiyyət var, onun bir nömrəli şəxsi var”- beyinlərə yerləşdirilmiş idarəetmə formulu budur. Azərbaycan seçicisinin YAP-ı ciddiyə aldığını düşünmürəm”, Alya Yaqublu BBC-yə deyib.YAP təmsilçisi Məlahət İbrahimqızı da məsələnin YAP-a etimadsızlıqla bağlı olmadığını deyir. O deyir ki, “seçici fəallığının zəif olması seçkinin baş tutmasına maneə deyil”.“Azərbaycan Seçki Məcəlləsində və ya dünyanın hansısa ölkəsinin Seçki Məcəlləsində yazılmayıb ki, seçki fəallığının zəif olması seçkinin baş tutmasına kölgə gətirir”, - Məlahət İbrahimqızı BBC-yə deyir.ATƏT DTİHB bəyan edib ki, seçki hakimiyyəti çoxluq təşkil edən partiyanın - yəni, YAP-ın əlində olduğundan bu, prosesin tərəfsizliyinə və prinsipliliyinə təsir göstərib.

Seçilən
98
1
anaxeber.info

2Mənbələr