AZ

Azərbaycan-İtaliya strateji tərəfdaşlıq əlaqələriŞƏRH

Azərbaycan-İtaliya

Bakı, 4 sentyabr, AZƏRTAC

Azərbaycan dünyada etibarlı tərəfdaş, güclü, tərəfsiz və nüfuzlu dövlət kimi tanınır. Ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Elə buna görə də dünyada bir sıra nüfuzlu dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən rəğbətlə qarşılanır, qəbul edilir. Bu mənada Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır. Təsadüfi deyil ki, hazırda ayrı-ayrı dövlətlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirir, respublikamızla müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına böyük önəm verir. Bunlardan biri də İtaliya Respublikasıdır.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Braziliya Ciu-Citsu Federasiyasının prezidenti, ictimai fəal Aqil Acalov deyib.

Azərbaycanın xarici siyasət kursunda İtaliya Respublikası ilə qarşılıqlı faydalı münasibətlərin mühüm yer tutduğunu bildirən A.Acalov qeyd edib ki, hər iki ölkəni möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Onun sözlərinə görə, bu ənənənin davamı olaraq Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda İtaliyaya nəzərdə tutulan növbəti səfəri də ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcək.

“İtaliya Prezidenti Sercio Mattarellanın rəsmi dəvəti əsasında baş tutacaq səfərin məqsədi Prezident İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri zamanı ölkələrimiz arasında imzalanmış Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamənin icrası prosesində bir sıra sahələr üzrə aktual məsələlərin müzakirəsi, bu sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi və nəticə yönümlü növbəti addımların müəyyən edilməsidir. Səfər çərçivəsində dövlətimizin başçısının İtaliya Prezidenti Sercio Mattarella və Nazirlər Şurasının sədri Corcia Meloni ilə geniş tərkibdə görüşləri gözlənilir ki, bu da İtaliyanın Avropada Azərbaycanın ən yaxın tərəfdaşı olduğunu təsdiqləyən amillərdəndir”, - deyə ictimai fəal bildirib.

O deyib ki, 2018-ci ildə Prezident Sercio Mattarellanın Azərbaycana dövlət səfəri, Prezident İlham Əliyevin İtaliyaya 2020-ci ildə dövlət və 2022-ci ildə isə işgüzar səfərləri ölkələrimiz arasında münasibətlərin ən mükəmməl səviyyəyə yüksəlməsini təmin edib. Həmçinin 2018-ci ildə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın, 2019 və 2021-ci illərdə Milli Məclisin sədrlərinin İtaliyaya rəsmi səfərləri, İtaliya Senatı sədrinin, sədr müavinin, Deputatlar Palatasının sədr müavinlərinin Azərbaycana rəsmi səfərləri də daxil olmaqla, müxtəlif dövlət rəsmilərinin çoxsaylı qarşılıqlı səfərləri iki ölkə arasında yaxın siyasi münasibətlərin göstəriciləridir.

Aqil Acalovun sözlərinə görə, İtaliyada hakimiyyətə hansı siyasi qüvvələrin gəlməsindən asılı olmayaraq, Azərbaycanla münasibətlərdə inkişaf dinamikası saxlanılıb. Son iki ilə yaxın dövrdə isə Ciorcia Meloni hökumətinin bir sıra üzvlərinin Azərbaycana səfərləri İtaliyanın Azərbaycana münasibətdə siyasətində davamlılığı nümayiş etdirir.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən geniş bərpa və yenidənqurma işlərinə Türkiyədən sonra ikinci ən çox İtaliya şirkətlərinin cəlb olunmasını da Azərbaycan-İtaliya dostluğunun təcəssümü adlandıran ictimai fəal əlavə edib: “Şuşa da daxil olmaqla azad edilmiş ərazilərdə dini və mədəni abidələrin bərpasının İtaliya şirkətlərinə həvalə olunması iki ölkə arasında çox yüksək dərəcədə etimadın göstəricisidir. İtaliya, habelə Azərbaycan ərazilərinin minalardan təmizlənməsini dəstəkləmək məqsədilə vəsait də ayırıb. Həmçinin Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılan və İtaliya rəhbərliyi tərəfindən də dəstəklənən İtaliya-Azərbaycan Universiteti iki ölkə arasında dostluq əlaqələrini gücləndirməklə yanaşı, təhsil sahəsində də genişmiqyaslı əməkdaşlığa təkan verib. Eyni zamanda, Prezident İlham Əliyevin iştirakı ilə İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması istiqamətində ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi keçirilib. Dövlətimizin başçısı iki ölkə arasındakı təhsil sahəsində əməkdaşlığı yüksək qiymətləndirib.

Kənd təsərrüfatı və qida elmləri, memarlıq və dizayn, mühəndislik, qlobal idarəetmə və siyasət ixtisaslarının tədrisini həyata keçirən İtaliya-Azərbaycan Universiteti Azərbaycanın dayanıqlı inkişafı üçün prioritet sahələr üzrə kadr potensialının formalaşdırılması və Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası, ölkəmizdə təhsilin keyfiyyətinin artırılması və yeni innovasiyaların tətbiqində müstəsna əhəmiyyətə malik olacaq”.

Ölkələrimiz arasındakı münasibətlərin qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıdığını, bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslandığını diqqətə çatdıran A.Acalov bildirib: “Ümumiyyətlə, Azərbaycan və İtaliya arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir. İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın əsas siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. Son bir neçə il ərzində iki ölkə arasında mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq yüksələn xətlə inkişaf edib”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
50
azertag.az

10Mənbələr