Ukraynanın Lvov şəhərinə Rusiya Silahlı Qüvvələrinin (SQ) hücumları nəticəsində 5 nəfər ölüb, 30 nəfər yaralanıb.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Rusiya raketləri şəhərlərimizə və xalqımıza qarşı. Hazırda Lvova hücum nəticəsində 5 nəfər ölüb, onların arasında 14 yaşlı qız da var. 30-dan çox insan yaralanıb. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm”, - paylaşımda vurğulanıb.
Bundan əlavə, Krivoy Roqda hücumlar nəticəsində 5 nəfər yaralanıb.
V.Zelenski qeyd edib ki, iki şəhərdə yaşayış binalarına, məktəblərə, tibb müəssisələrinə və mülki infrastruktura zərər dəyib.