AZ

Məlahət Abbasova Türkiyənin “Ən yaxşı qadın aktrisa” mükafatına namizəddir

Məlahət

İstanbul, 4 sentyabr, Günel Karatepe, AZƏRTAC

Türkiyənin Film-San Vəqfi 2023-2024-cü il mövsümündə kino və serial sektorunun uğurlu simalarını mükafatlandıracaq. Sənətçilər vəqf tərəfindən 49 il aradan sonra ilk dəfə təntənəli mükafatlandırma mərasimində təltif ediləcəklər. Mükafata layiq görüləcək namizədlər arasında Azərbaycanın Əməkdar incəsənət xadimi, aktrisa-rejissor Məlahət Abbasova da var.

Bununla bağlı AZƏRTAC-a müsahibə verən Məlahət Abbasova bu cür mükafata layiq görüləcək sənətçilər arasında adının çəkilməsinin onun üçün olduqca qürurverici və sevincli olduğunu bildirib.

“Xəbəri eşidəndə inanılmaz dərəcədə sevindim. Bu cür mərasimdə Azərbaycanı qardaş ölkədə təmsil edən sənətçi kimi adımın hallanması mənim üçün sənətimə verilən çox gözəl qiymətdir. Namizədlər siyahısında Türkiyənin olduqca tanınmış sənət adamları var və belə bir mükafata namizəd olmaq çox qürurvericidir. Burada seçilib-seçilməmək o qədər də mühüm deyil. Əsas odur ki, Türkiyədə efirə çıxan o qədər serial arasında ən yaxşı qadın aktrisalardan biri kimi diqqəti cəlb edə bilmişəm və bu rola görə məni namizəd seçiblər. Bu hadisə həm oynadığım serialı hazırlayan şirkət, həm də yayımlandığı kanal tərəfindən də böyük sevinclə qarşılandı”.

İstanbul Böyükşəhər Bələdiyyəsi Mədəniyyət İdarəsi və Beyoğlu Bələdiyyəsinin təşkilati dəstəyi ilə sentyabrın 9-da keçiriləcək Film-San mükafatlandırma mərasimi Türkiyənin sənət dünyasını bir araya gətirəcək. Tədbirdə ötən bir il ərzində Türkiyənin kino və serial sektorunda adları önə çıxan isimlər ümumilikdə 32 kateqoriya üzrə mükafata layiq görüləcək. Mərasim üçün xüsusi yaradılan münsiflər heyəti tərəfindən hər kateqoriya üzrə beş namizəd elan edilib. Məlahət Abbasova “Kanal7”də yayımlanan “Əsarət” serialında yaratdığı Afife Demirhanlı (Ana) obrazına görə mükafatçılar arasında namizəd olaraq göstərilib.

Qeyd edək ki, mərasimdə Türkiyənin iki ustad sənətçisi Serdar Gökhan və 1975-ci ildə qurulan Film-San Vəqfinin ilk rəhbəri olmuş Hülya Koçyiğitə "Şərəf mükafatı" təqdim ediləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
6
azertag.az

8Mənbələr