AZ

Qəbələ və Şəmkir qoruqları arasında əməkdaşlıq əlaqələri müzakirə edilib

Qəbələ

Qəbələ, 4 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeçiliyində fəaliyyət göstərən Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu arasında əməkdaşlıq əlaqələrinin və təcrübə mübadiləsinin aparılması məqsədilə görüş keçirilib. Şəmkir qoruğunda keçirilən tədbirdə hər iki qoruğun rəhbər işçiləri və əməkdaşları iştirak ediblər.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun direktoru Zahir Kərimov məlumat verib.

Qonaqlara “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında ətraflı məlumat verən qoruğun direktoru Nurlan Həsənov görüşün hər iki qoruq üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Diqqətə çatdırılıb ki, qoruqlar arasında qarşılıqlı fəaliyyət çərçivəsində təcrübə mübadiləsi perspektiv istiqamətlər üçün geniş imkanlar açır.

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun direktoru Zahir Kərimov da öz növbəsində şəmkirli həmkarlara qoruğun fəaliyyətindən, ölkədə yeganə olan Qəbələ Arxeoloji Mərkəzin arxeologiya sahəsinə verdiyi töhfələrdən, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası təşkilatının qoruğa göstərdiyi diqqət və qayğıdan söz açıb.

Görüşdə hər iki qoruğun ərazisində olan tarixi abidələrin vəziyyəti, bərpası və konservasiyası, qoruqların təbliğat və təşviqat işlərinin aparılması ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Sonra qonaqlar tarixi məkanlardan olan “Qədim Şəmkir Şəhəri” yerini ziyarət ediblər. Arxeoloji ekspedisiyanın rəhbəri, tarix elmləri doktoru Tarix Dostiyev və tarix üzrə fəlsəfə doktoru Rəşid Bəşirov qonaqlara dövrü olaraq burada aparılan qazıntılar və əldə olunmuş maddi mədəniyyət nümunələri barədə məlumat verib, qoruq işçilərinin suallarını cavablandırıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
1
azertag.az

2Mənbələr