“Qərbi azərbaycanlıların yurdlarına qayıtması vacibdir və rəhbərlik etdiyim Milli Cəbhə Partiyası da Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatı dəstəkləyir.
Masa arxasında sülhü, regional əməkdaşlığı və sərhəd məsələlərini daha ətraflı və pərdə oyunu olmadan müzakirə etmək əvəzinə Ermənistan tərəfi sadəcə sözçülüklə məşğuldur. Sanki, vaxt udmağa çalışır və bu tərz davranışların uzun müddət davam etməsi gələcək təhlükələrdən xəbər verir. Bununla bərabər, rəsmi Yerevan Qarabağ separatçılarına Azərbaycana qarşı ərazi iddiası irəli sürməyə və revanşist çıxşlar etməyə şərait yaradıb.
Məhz elə bu məqamın özü Ermənistanın heç də səmimi olmadığının bariz nümunəsidir. Ermənistanın sürətlə silahlanması, Qərb dövlətlərinin Ermənistanı az qala hərbi təlim poliqonuna çevirməsi də narahatedici haldır. Gözümüz önündə baş verən hadisələr Ermənistanın sülhə yox, müharibəyə hazırlaşdığını göstərməkdədir”.
“Cebheinfo.az” xəbər verir ki, bunu MCP-nin sədri Razi Nurullayev deyib.
O bildirib ki, digər tərəfdən isə Ermənistan ATƏT-in Minsk Qrupunun da ləğv olunmasını istəmir:
“Sülh istəyən ölkənin Minsk Qrupu nəyinə lazımdır? Məhz Minsk Qrupu bu münaqişənin uzanması və dəhşətli insan qırğınında günahkardır. Digər tərəfdən, Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı yönəlik ərazi iddiası aradan qaldırılmalıdır. Ermənistan Respublikasının SSRİ-dən rəsmən müstəqilliyini elan edən Müstəqillik Bəyannaməsi 1990-cı il avqustun 23-də Ermənistan Ali Sovetinin birinci sessiyasında qəbul edilib.
12 bənddən ibarət olan bəyannamənin preamblasında Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ İcraiyyə Komitəsinin “Ermənistan SSR-in və Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsi haqqında” 1989-cu il 1 dekabr tarixli birgə qərarı əsasında müstəqil Ermənistan Respublikasının hüquqi çərçivəsi müəyyənləşdirililib.
Yuxarıda sadaladığımız narahatlıqlar aradan qalxmayana qədər Ermənistan tərəfinin səmimiyyəti şübhə doğuracaq. 30 il işğala məruz qalmış Azərbaycan ərazi bütövlüyünü və vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün siyasi və hərbi preventiv tədbirlər həyata keçirməlidir.
Ermənistandan qaçqın düşmüş şəxslərin isə dinc yollarla öz doğma yurdlarına qayıtması üçün də lazımi tədbirlər davam etməlidir”.
“Cebheinfo.az”