AZ

COP29 və G7-nin sədrləri: Azərbaycan-İtaliya strateji əməkdaşlığında yeni üfüqlər

Azərbaycan və Avropa ölkələri arasındakı əlaqələr Azərbaycanın xarici siyasətində xüsusi yer tutur. Bu kontekstdə İtaliya ilə əməkdaşlığı vurğulamaq vacibdir, çünki bu il hər iki ölkə üçün əlamətdar dövrdür: İtaliya G7-nin, Azərbaycan isə COP29-un sədridir. İtaliya Azərbaycanla strateji tərəfdaşlıq sənədini imzalayan 9 Avropa İttifaqı üzvündən biridir.

Uzun bir tarixi olan iki ölkə arasındakı əlaqələr bu gün strateji səviyyəyə yüksəlib və bu münasibətlər gələcəkdə daha da genişlənə bilər. Xüsusilə 2020-ci ilin İtaliyada "Azərbaycan ili" elan edilməsi dostluq münasibətlərinin yüksək səviyyəsini nümayiş etdirir. Prezident İlham Əliyevin 1-2 sentyabr 2022-ci ildə İtaliyaya etdiyi səfər ikitərəfli əlaqələrin inkişafında xüsusi rol oynayıb.

Həm İtaliya, həm də Azərbaycan bölgələrində strateji əhəmiyyətə malik ölkələrdir və iki ölkə arasındakı iqtisadi əlaqələrin möhkəm təməli davamlı tərəfdaşlıq üçün geniş yol açır.

2 sentyabr 2022-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Çernobbio şəhərində İtaliyanın "Il Sole 24 Ore" qəzetinin müxbiri Roberto Buondjorno ilə müsahibəsində bildirib ki, italiyanın şirkətləri işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərirlər.

İtaliya, həmçinin, Azərbaycan üçün siyasi müstəvidə mühüm tərəfdaşdır və Cənubi Qafqazda sülhün təmin olunması ilə bağlı destruktiv mövqe tutan qüvvələri düzgün yola gətirir. Bu kontekstdə İtaliyanın Xarici İşlər Nazirliyi tərəfindən Fransanın təxribatçı bəyanatlarına qarşı açıqlama diqqətəlayiqdir.

İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli Fransanın xarici işlər naziri Stefan Sejurne tərəfindən Azərbaycan və Ermənistan arasındakı münasibətlərin normallaşması ilə bağlı səsləndirilən fikirlərlə bağlı narazılığını ifadə edib.

Çirielli qeyd edib ki, Azərbaycan və Ermənistan arasındakı sülh prosesində birbaşa iştirak etməyən dövlətlərin nümayəndələrinin verdiyi açıqlamalar vəziyyəti yalnız pisləşdirə bilər.

“Azərbaycan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasına (COP29) ev sahibliyi edir və məsuliyyətli mövqe tutur. Fransa XİN rəhbəri Stefan Sejurne ABŞ Dövlət Katibi ilə birgə keçirdiyi mətbuat konfransındakı açıqlamaları gərginliyin azalmasına kömək etmir. Fransız nazir Sejurnenin sağlam düşüncə ilə bölgədə davamlı sülhə nail olmaq üçün çalışanların səylərini zəiflətməməsi məqsədəuyğun və faydalı olardı”, - o qeyd edib.

Azərbaycan ilə İtaliya arasındakı enerji və hərbi sahələrdən tutmuş digər sahələrə qədər olan əlaqələr strateji səviyyəyə yüksəlmib. Bu əlaqələr yalnız iki ölkənin iqtisadi inkişafı və təhlükəsizliyinə töhfə vermir, həm də regional sabitlik və inteqrasiyanın gücləndirilməsində mühüm rol oynayır. İqlim dəyişmələri və enerji keçidi kimi qlobal çağırışlar çərçivəsində Azərbaycan və İtaliya arasındakı tərəfdaşlıq daha da əhəmiyyətli hala gəlib. Bərpa olunan enerji mənbələrinin birgə inkişafı və COP29 kimi beynəlxalq iqlim təşəbbüslərində iştirakları davamlı inkişafa olan marağı vurğulayır.

İtaliyanın Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında fəal iştirakı münasibətlərin möhkəmliyini göstərir. Gələcəkdə bu strateji tərəfdaşlıq iki ölkənin xarici siyasətində açar rol oynayacaq və əməkdaşlığın genişlənməsi üçün yeni perspektivlər açacaq

Seçilən
176
50
ekologiya.az

10Mənbələr