AZ

“Valideyn uşağın yanında müəllimi haqqında mənfi danışmamamlıdır” — Psixoloqdan AÇIQLAMA

Bir neçə gündən sonra yeni tədris ili başlayır. Uşaqlar bağçalardan, məktəbəqədər hazırlıq qruplarından 1-ci sinfə gedəcəklər. Məktəb uşaqların həyatında yeni dövrdür, mühüm mərhələdir. Bu dövrə uşaqları psixoloji cəhətdən hazırlamaq da vacibdir. 

Psixoloq Gülnar Orucova Demokrat.az-a açıqlamasında deyib ki, bəzi uşaqlar məktəbə rahat adaptasiya olduqları halda, bəziləri üçün bu, çətin olur. 

Psixoloq bunun ailələrin övladlarına olan münasibəti ilə əlaqələndirib: 

“Müxtəlif ailə tipləri var. Hədsiz qorucuyu ailə, avtoritar ailə, mükəmməlliyyətçi ailə, liberal ailə tipləri var. Hər ailədə böyüyən uşaq da fərqli olur. Hədsiz qoruyucu ailə tipində böyüyən uşaqlar həddən artıq valideyn sevgisi, qayğısı ilə böyüdüyünə görə intizamın olduğu mühitə uyğunlaşmaq istəmirlər. Diqqətin yalnız öz üzərilərində cəmləşməsini istəyirlər, belə uşaqlarda adaptasiya prosesi çox gec olur. Buna görə də məktəbə getmək istəmir, hətta məktəbədəki sistemi qəbul etmir, yuxudan durmaq da istəmirlər. 

Dövlət bağçalarının çoxunda psixoloq vəzifəsi yoxdur, uşaqları psixoloji olaraq məktəbə yalnız tərbiyəçilər hazırlayır. Bəzi uşaqlar var ki, üumiyyətlə bağçaya getmir, onların məktəbə başlamaq prosesi ümumiyyətlə kəskinləşir. Buna görə də valideynlər çalışmalıdırlar ki, övladlarını bağçaya qoysunlar. Dövlət bağçalarında yer yoxdursa, özəl bağçalar var. Buna da imkan yoxdursa, minimal qiymətə məktəbəqədər qruplar var, uşaqlar bu qruplara getsələr ən azından məktəbə adaptasiya dövrünü asan keçirərlər”. 
 
G.Orucovanın sözlərinə görə, məktəbəqədər hazırlıq qruplarından məktəbə gedən uşaqlara mühit elə də yad gəlmir: 

“Çünki eyni qrup yoldaşları ilə 1-ci sinfə başlayırlar, dərslərinə davam edirlər. Problem, adətən, məktəbə hazırlıq qruplarına getməyən uşaqlarda müşahidə edilir. Əgər uşaq məktəbə gedənə qədər heç bir müəssisədə təlim-tərbiyə almayıbsa, valideyn məktəbə getməmişdən öncə ona izah etməlidir ki, sabah hara gedəcəklər. Uşağa izah etmək lazımdır ki, getdiyi yerdə onun yaşıdları olacaq və bir neçə saat saatdan sonra valideyn onu gəlib götürəcək. 

Müəllimin uşağın dostu olduğunu anlatmaq lazımdır. Bəzən valideynlər uşaqda müəllim haqqında elə təəssürat oyadırlar ki, sanki müəllim qorxulu bir insandır, uşaqda müəllimə qarşı xof, nifrət yaranır. Müəllim uşağın ikinci anasıdır, belə də təlqin etmək lazımdır. Valideyn çalışmalıdır ki, müəllimi sevməsə belə uşağına bunun hiss etdirməsin, onun yanında müəllimi haqqında mənfi danışmasın”.


Törə Zeynallı
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
demokrat.az

1Mənbələr