Təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəb infrastrukturunun inkişafı istiqamətində ölkəmizdə ardıcıl olaraq tədbirlər keçirilir. Təhsilin inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəflərdən olan yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqla təminatı, istilik sisteminin bərpası, ümumilikdə infrastrukturun yenilənməsi ilə bağlı işər görülüb və davam etdirilir. "Təhsil hər bir dövlətin gələcəyidir", - deyən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, biz fəxr edirik ki, Azərbaycanda savadlılıq təxminən 100 faizdir: "Bu, çox böyük göstəricidir. Elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar. Ona görə, təhsilin keyfiyyəti indi ön plana çıxır. Bu istiqamətdə də islahatlar aparılır".
Azərbaycan Prezidenti ölkəyə rəhbərlik etdiyi dövr ərizində ölkəmizdə 3200-dən çox məktəb inşa edilib, əsaslı təmir olunub, yeni tədris korpusları tikilib və ya tam yenilənib. Bu kifayət qədər böyük göstəricidir. Əlbəttə ki, ümumtəhsil məktəblərinin təmir-tikinti işləri təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Görülən bütün işlər yüksək intellektə malik insan kapitalının yetişməsində, beynəlxalq standartlara uyğun müasir təhsil sisteminin qurulmasında mühüm rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyevin ölkə həyatının bütün sahələrinə olduğu kimi, təhsil sektoruna da göstərdiyi diqqət və qayğı nəticəsində təhsil sahəsində yeniləşmə baş verib. Təhsilin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi diqqətdə saxlanılıb. Ölkə başçısı çıxışlarının birində vurğuladığı kimi, son illər ərzində təhsildə çox mühüm layihələr reallaşdırılıb, bu sahənin tərəqqisinə böyük qayğı göstərilib. Bu, təsadüfi olmayıb.
Təhsil sahəsində aparılan islahatlar, dövlət proqramları, "Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında", "Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin sərəncamları təhsilin inkişafı və infrastrukturunun yenilənməsinə yönəlmişdir. Bu gün ölkəmizin hər bir yerində müasir tipli təhsil müəssisələri şagirdlərin ixtiyarına verilib. Yeni açılan məktəblərdə müasir tədris avadanlıqları ilə təchiz olunmuş sinif otaqları, laboratoriya, kompüter otağı, akt zalı, idman zalı, hərbi hazırlıq otağı və kitabxana var. Bütün bunlar şagirdlərin elmin sirlərinə dərindən yiyələnmələri üçün hərtərəfli yüksək səviyyədə şərait mövcudluğunun göstərir.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Milli Ordumuzun Vətən Müharibəsində qələbəsi Zəfərimiz olaraq tarixə yazıldı. Azərbaycan tamamilə yeni bir dövrə qədəm qoyub. Biz artıq işğaldan azad edilmiş torpaqlara qayıdırıq və həmin yerlərdə yeni bir həyat başlayır.
960 ŞAGİRD YERLİK ŞUŞADAKI 1 SAYLI ORTA MƏKTƏB
Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərimiz dağıdılmış, tarixi dini mədəniyyət ocaqlarımız xarabazarlığa çevrilmişdir. İşğal altında yerləşən yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı, yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalareyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, Qarabağ münaqişəsinə qədər dövlət qeydiyyatına alınan 700-dən artıq tarix və mədəniyyət abidəsi erməni vandalizminin qurbanına çevrilib. Bu gün 30 ilə yaxın işğal altında olan torpaqlarımızda abadlıq-quruculuq işləri vüsət alıb. Hazırda qarşıda dayanan ən mühüm vəzifələrdən biri də işğaldan azad olunan ərazilərdə təhsil ocaqlarının tikintisidir. işğaldan azad edilmiş ərazilərdə təhsilin inkişafı ilə bağlı tədbirlər xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan dövlətinin Qarabağda və Şərqi Zəngəzurda həyata keçirdiyi bərpa və yenidənqurma prosesi çərçivəsində müasir, innovasiyalara əsaslanan təhsil ocaqlarının qurulmasına xüsusi diqqət ayrılır. Şuşadakı 1 saylı orta məktəb bunun daha bir əyani təsdiqidir. Müasir tələblərə cavab verən yeni təhsil müəssisəsi Şuşanın bərpa səviyyəsi ilə uzlaşmaqla yanaşı, Böyük Qayıdış Proqramı çərçivəsində şəhərə qayıdacaq şagirdlərin ən qabaqcıl standartlara uyğun təhsil almasına töhfədir. 960 şagird yerlik üçmərtəbəli bina beş blokdan ibarətdir. Burada hər biri 24 nəfərlik 40 sinif otağı, 2 fizika, 2 kimya, 2 biologiya, 2 texnologiya, 2 informatika otağı, STEAM mərkəzi, kitabxana, oxu zalı, gənclərin ibtidai hərbi hazırlığı, rəssamlıq və musiqi kabinetləri, yeməkxana, akt və idman zalları, tibb, müayinə və inzibati heyət üçün iş otaqları var.
96 ÜMUMTƏHSİL MƏKTƏBİ OLAN KƏLBƏCƏRDƏ QURULAN TƏHSİL İNFRASTRUKTURU
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlər və bu il açılması planlaşdırılan modul tipli məktəbin layihəsi ilə tanış olublar. Ümumi sahəsi 2,2 hektardan çox olan kompleksin ərazisində 80 yerlik uşaq bağçası, peşə emalatxanaları yaradılacaq, STEAM zona, məktəbdənkənar hazırlıq məkanı və digər zəruri obyektlər təşkil ediləcək. Kompleksin ərazisində, həmçinin 528 şagird yerlik məktəb inşa olunur. Məktəbdə kitabxana, yeməkxana, akt zalı, yataqxana, idman zalı və digər zəruri otaqlar yaradılacaq. Modul tipli məktəbin layihəsi ilə tanışlıq zamanı qeyd edildi ki, ümumi sahəsi 420 kvadratmetr olacaq binada 2 inzibati otaq və 9 sinif otağı yerləşəcək. Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə təhsilin inkişafı ilə bağlı tədbirlər xüsusi əhəmiyyətə malikdir. Əlbəttə, Kəlbəcərdə ən müasir standartlara uyğun inşa olunan bu təhsil kompleksi də işğaldan azad edilmiş ərazilərin bərpası prosesində təhsil infrastrukturunun qurulmasına xüsusi diqqət yetirildiyinin əyani təzahürüdür. Xatırladaq ki, Kəlbəcər rayonunda ilk məktəb 1924-cü ildə fəaliyyətə başlayıb. Kəlbəcər işğal edilməzdən əvvəl rayonda 96 ümumtəhsil məktəbi, o cümlədən 46 tam orta, 42 ümumi orta, 8 ibtidai məktəb fəaliyyət göstərirdi. Bunlardan əlavə rayonda bir texniki peşə məktəbi, iki əyani-qiyabi məktəb, səkkiz məktəbdənkənar və dörd məktəbəqədər təhsil müəssisəsi də var idi. Rayonun təhsil infrastrukturunun qurulması istiqamətində işlər yüksək keyfiyyətlə davam etdirilir.
QARABAĞ REGİONUNDA ALİ TƏHSİL ƏNƏNƏSİ
Azərbaycanın iqtisadi gücü işğaldan azad olunan ərazilərdə yeni həyatın başlanmasına imkan verir. Qısa bir zamanda Böyük Qayıdışın ilk karvanı olan Ağalıya edilən köç, eləcə də, digər ərazilərimizə yol alan köçlər bunu deməyə əsas verir. Ərazilərdə təhlükəsiz yaşayışı və dövlət idarəetməsini təşkil etmək, şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisini və dayanıqlı infrastrukturla təminatını həyata keçirmək, müasir standartlara uyğun xidmətlərin yaradılmasını təmin etmək, ərazilərdə məskunlaşacaq əhalinin sosial müdafiəsini gücləndirmək, əhalinin məşğulluq imkanlarını artırmaq, dayanıqlı sosial-iqtisadi inkişafı təmin etmək və s. məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət proqramı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. I Dövlət Proqramına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, dayanıqlı inkişafı və həmin ərazilərdə yüksək həyat səviyyəsinin təminatı üçün genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir.
Prezident İlham Əliyevin "Qarabağ Universitetinin yaradılması haqqında" Sərəncamına əsasən, Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində "Qarabağ Universiteti" publik hüquqi şəxs yaradıldı. Qarabağ regionunda ali təhsil ənənəsi tarixən mövcud olub. Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırıb.
İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxarmış oldu.
Möhtərəm Prezidentimiz tərəfindən yaradılan Qarabağ Universiteti işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyətə başlayan ilk ali təhsil ocağımızdır. Bu universitet doğma Qarabağda tarixən mövcud olmuş ali təhsil ənənələrinin bərpasını həyata keçirəcək. Artıq ali məktəb yeni tədris ilində qapılarını tələbələrin üzünə açacaqdır. Yeni tədris ilində Qarabağ Universiteti 6 fakültədə 27 ixtisas üzrə kadr hazırlığına başlayacaq. Gənclərin mükəmməl təhsil alması, zəruri tədqiqat bacarıqlarına yiyələnməsi, onların müasir tələblərə cavab verən peşəkar mütəxəssis, Vətəninə, xalqına, dövlətinə sadiq vətəndaş kimi yetişmələri üçün universitetdə yaradılan imkanlar ürəkaçandır. Qarabağ Universiteti öz tələbələrinə zəruri nəzəri biliklər və praktiki bacarıqlar qazandırmağı hədəfləyən yeni akademik məzmun təqdim edəcək. Burada dünyanın qabaqcıl universitetlərinin müsbət təcrübəsi əsasında qurulan ən müasir ali təhsil modeli tətbiq olunacaq. İlk tədris ilində Qarabağ Universitetində 1104 tələbə təhsil alacaq.
Göründüyü kimi, Böyük Qayıdış konsepsiyasına uyğun olaraq, işğaldan azad olunan ərazilərimizdə quruculuq-abadlıq işlərinəё təhsil infrastukturunun qurulmasına start verilib. Yeni qurulan təhsil müəssisələrə müasir standartlara uyğun fəaliyyətə başlayıb.
Nəzakət ƏLƏDDİNQIZI