Xəbər verdiyimiz kimi, son günlər ölkədə tozlu hava müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, havada tozun miqdarı artaraq, normadan 4-4.5 dəfə yüksək olub.
Bəs belə hava hansı insanlara daha çox təsir edir və onların həyatı üçün risklər yaradır?
Məsələ ilə bağlı Bakupost.az –a allerqoloq Çinarə Novruzova açıqlama verib.
Onun sözlərinə görə, son günlər həm mövsüm dəyişikliyi, yəni payızən gəlməsi, həm də tozlu hava ilə əlaqədar şikayətlər artır:
“İnsanlar, xüsusilə də tənəffüs yolunda problemlər olan, allergiyaya meyilli insanlar küləkli havada çölə çıxmamalı, əgər çox vacibdirsə, maskadan istifadə etməli, həmçinin, mümkün qədər evin havasını qapalı saxlamalıdırlar. Tozlu havada ağırlaşmalar ola bilər. Xüsusən də allergik rinit, bronxial astma kimi xəstələrdə bu risk daha yüksəkdir”.
Xatırladaq ki, Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasovanın son açıqlamasına görə, Bakıda və Abşeron yarımadasında, həmçinin Xəzər dənizi sahili boyu ərazilərdə müşahidə olunan tozun konsentrasiyasında dünənlə müqayisədə azalma müşahidə olunur:
"Avtomatik stansiyalardan əldə olunan məlumata görə, hazırda havada tozun miqdarı normadan 2-2.5 dəfə çoxdur. Sinoptik vəziyyətlə əlaqədar bu gün ölkə ərazisində şimal-şərq istiqamətli küləklərin şimal-qərb küləkləri ilə əvəz olunması proqnozlaşdırılır ki, bu səbəbdən də havada tozun miqdarının axşam saatlarından başlayaraq tədricən azalacağı gözlənilir”.
Aygün
BakuPost