AZ

Seçki, mama, məmə…

Şəmşad Ağa

Birinin arvadı evdən atasıgilə qaçmışdı: bazarda alverçilər onun karusel videosuna baxıb söyürmüşlər, ər də eşidib və başlayıb söyüşə, təhqirə, hədəyə… 
Bu da evdən qaçmaq məcburiyyətində qalıb…

Biri qardaşının qorxusundan uzun müddət evə getməyib, sonra işdən də çıxıb, çünki məhlə uşaqları: "Bunun bacısının seksi (seçki) videosu çıxıb”, - deyə lağa qoyublarmış. Axırda bir türkə qoşulub ölkədən gedib, sonra türk də bir müddət sonra atıb deyə İstanbulda sərgərdan qalıb, düşüb pis yola... 

Birinin videosu çəkilibmiş deyə onunla eyni saxtakarlığı edən, amma kameraya düşməyən iş yoldaşları onu yeri gəldi-gəlmədi iynələyir, "azzz, məşhur olmusan, evdə bir söz dedilər?” deyə əzirmişlər, o da daxilən sınırmış, bükülürmüş, axırda o da başını götürüb birdəfəlik işdən gedib… 

Biri ötən il seçki videoları yayılan bütün medialara yazmışdı ki, xahiş edirəm, silin, ailəm dağılır, təhdid altındayam…

Biri elə dünən mənim səhifəmə yazmışdı ki, məhlədə biabır olmuşuq, mamam kadra düşüb, camaatın üzünə çıxa bilmirik, şərhlərdə namusumuza, liftçiyinə qədər söyüblər və s.

Biri isə elə bilir ki, yaxşı iş görüb, hələ utanmadan kameraya deyir ki, 5 dəfə səs vermişəm, lazım olsa, 50 dəfə verərəm, dövlətimə xidmət edirəm də…
 
Bu elə bilir nə qədər çox versə, o qədər də dövlətə çox xidmət etmiş olur. Bədbəxtin qızına seçkinin mahiyyəti çatmayıb, başa düşmür ki, onun bircə səs hüququ var, danışığından anlaşılır ki, sadəlövhdür və onun bu nadanlığından sui-istifadə edib aldadırlar, hələ 20-30 manat pul da verirlər deyə bunu dövlətin qayğısı sayır…
Başa düşmür ki, sabah oğlu, qızı şagird və ya tələbə yoldaşları arasına çıxanda məsxərəyə qoyulacaq, ömürlük travma alacaq…
Bəli, bütün bunlar Azərbaycanda seçkilərdə baş verən gerçək və ürəkağrıdıcı hadisələrdir. 

Açığı, əvvəl düşünürdüm ki, saxtakarlıq edən kişilər daha çox rahat və ya həyasızdırlar, ən çox qadınlar əzilir, amma dünən bir videoda gördüm ki, yox, at kimi üzə duranlarla yanaşı, bu əməlinə görə utanan kişilər də varmış, hətta başını dik qaldıra bilməyəcək qədər…

Azərbaycanda neçə ildir ki, saxta seçkilər bir xalqın gələcəyini məhv etməklə yanaşı, neçə-neçə ailənin dağılmasına səbəb olur, bu faktların da çox az qismi bizə bəllidir. Amma nə DSK sədrinin, nə arvadının, nə qızının adı var, nə bu tapşırığı verən icra başçısı və ya icrada işləyən, iki eşşəyin arpasını ayıra bilməyən məmurun, nə onları bu işə təhrik edən müdirin, nə də bütün bunlar o saxta yolla seçilən "deputat”ın vecinədir… 

Olan zavallı, hörmətdən salınan müəllimə, həkimə, mədəniyyət işçisinə, zülm və zillət içində yaşayan xadiməyə olur - müdirin, direktorun işdən qovmaqla şantaj etdiyi, hədələdiyi büdcədən aldığı az məvaciblə ayı zorla başa vuran biçarələrə…

Təmas da yoxdur, əlimiz də çatmır ki, izah edək. Bir çoxunu heç başa da salmaq olmur ki, bu parlamentin qanunverici mahiyyəti yoxdur, orada oturan da deputat deyil, o mandat, sadəcə, hansısa Əlimirzənin iş yeridir.

Heç bəziləri başa da düşmək istəmir ki, hansısa Azay, Sevinc, Qüdrət, Asim, Razi, Səttar, Aydın, Ziyad… gedib ayda 8 min maaş alacaq deyə niyə sosial şəbəkədə söyülməli, təhqir olunmalısan, ailən dağılmalıdır, atan, anan, ərin, oğlun, qızın, arvadın, qardaşın, bacın… sənə görə utanmalıdır? 

Çox uzatmaq olar e. 

Özünüzü, qohumlarınızı, ailələrinizi qoruyun, irtica artıq məişətə nüfuz edib, bülleten adı ilə soxularaq kişilərin qürurunu, qadınların məmələrini belə zədələyib, tifağını dağıdıb…

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
arqument.az

1Mənbələr