“Azərbaycanda 1 sentyabr tarixində keçirilən növbədənkənar parlament seçkilərində də gördük ki, Qərb öz media resursları, təsir gücləri ilə ölkənin daxili işlərinə qarışmaq cəhdlərini göstərdi. Lakin bunlar nəticəsiz qaldı”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Politoloq bildirib ki, Qərbin əsas hərəkət trayektorası, istifadə etdiyi metodlar digər dövlətin üzərinə düşür: “Artıq Gürcüstanda keçiriləcək seçkilərlə bağlı Qərbin hazırlıqlı olması nəzərə çarpır. Qonşu Gürcüstanda da seçkiyə Qərb öz təsirini göstərmək niyyətindədir.
"Xarici agentlər haqqında" qanunun qəbul olunmasından sonra bütün diqqətlər Gürcüstana yönəlib. Müstəqil siyasət yürüdən, ölkənin milli maraq və mənafelərini üstün tutan dövlətlər Qərbin qəzəbinə tuş gəlir. Biz bundan öncə Serbiya, Slovakiya, Macarıstanda da oxşar hadisələrin şahidi olmuşuq. Hazırda isə Cənubi Qafqazda gedən proseslər fonunda Gürcüstan diqqət mərkəzinə düşüb. Əhalinin manipulyasiya edilməsi, baş verən proseslərlə bağlı müxtəlif təsir imkanlarının ifadə olunması, vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları, media resursları səfərbər olunub. Zənnimcə, Gürcüstanı çox gərgin seçki prosesi gözləyir. Çünki müxtəlif siyasi texnoloqlar, ictimaiyyətlə əlaqələr sahəsində işləmiş şəxslər artıq bu işə cəlb olunub. Şübhəsiz ki, bunun seçki ərəfəsində istifadə edilməsi seçkilərə də mütləq öz təsirini göstərəcək”.