“HƏMAS Qətərin paytaxtı Dohada müzakirə edilən İsraillə atəşkəs və girov mübadiləsinə dair son təklifi rədd edib. Bildirilib ki, İsrailin Baş naziri Benyamin Netanyahu danışıqlara xələl gətirmək və Qəzzada münaqişəni uzatmaq üçün yeni şərtlər və tələblər irəli sürür”.
“Hesab edirəm ki, İsraillə Fələstin arasındakı qarşıdurmanın həllini hazırda mümkünsüz edən bir çox məsələlər var. İsrail- Fələstin qarşıdurmasında yekun və pozitiv məntiqi nəticəyə gəlmək üçün Fələstində təkhakimiyyətlilik olmalıdır və Fələstindəki çox qütblük aradan qalxmalıdır”.
Bunu AzNews.az-a açıqlamasında siyasi ekspert Tural İsmayılov deyib.
Siyasi ekspert qeyd edib ki, bunun olmayacağı təqdirdə İsraillə Fələstin arasında uzunmüddətli bir sabitlik və barış əldə etmək mümkün olmayacaq.
“İsrail Ramallah ofisi ilə, Mahmud Abbas hökuməti ilə danışıqlar aparıb razılıq əldə etsə, Qəzzadakı HƏMAS-ın buna əməl etməsi sual altındadır. Hətta düşünək ki, sabah HƏMAS-la İsrail arasında bir razılıq əldə edildi. Bu zaman Ramallahdakı Fələstin hökumətinin bu razılaşmaları nə qədər tanıyacağı sual altındadır. Yəni, Fələstinin özündə Ramallah hökuməti ilə Qəzzadakı HƏMAS arasında razılıq əldə edilmədiyi təqdirdə, İsrail- Fələstin münaqişəsində və danışıqlarında sabitliyi əldə edəcək bir kompromis variantını əldə etmək mümkünsüz görünür. Digər bir tərəfdən, HƏMAS-ın Doha da müzakirə edilən təklifləri rədd etməsi özü də vəziyyətin daha da gərginləşməsinə səbəb olur. Çünki faktiki olaraq ideoloji olaraq bir-birlərinin tezislərini iki tərəf qəbul etməsə də, əsir və girov mübadiləsində ən azından humanizm xətrinə ortaq addımlar atmaq lazımdır. Təbii ki, danışıqların uzanması münaqişənin həlli məsələsini gecikdirir. Eyni zamanda, bu bölgə ilə bağlı olan beynəlxalq güc faktorlarının prosesə təsir imkanları azalır. Yaxın Şərqdə ləyaqətli, uzunmüddətli bir sülh prosesini əldə etmək mümkünsüz hala çevrilir deyə düşünürəm. Ona görə də mütləq şəkildə İsraillə HƏMAS arasında danışıqlarda məntiqi nəticə əldə edilməlidir ki, Yaxın Şərqdəki qaynayan müharibə mənzərəsi bir az səngisin”.