Nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a açıqlamasında deyib ki, insanların rahatlığı, istənilən nəqliyyat növü ilə rahat hərəkət etmələri, nəqliyyat infrastrukturunun yenilənməsi üçün mühüm işlər görülür:
“Nəqliyyat vasitələrinin texniki parametrləri, onların keyfiyyətli olması rahat və təhlükəsiz daşınma, hərəkət üçün vacibdir. Vətəndaş avtomobildən endikdə o artıq piyada sayılır, nəqliyyat vasitəsini idarə etdiyi vaxtda isə sürücü olaraq avtomobilini park etdikdən sonra onun təhlükəsizliyi barədə düşünür.
Avtomobilinə dəyəcək ziyanın maddi tərəfi sürücüləri narahat edən məsələdir. Buna görə də hər bir vətəndaş avtomobilini etibarlı şəkildə parklama yerlərində saxlamağı arzulayır. Vətəndaş avtomobilini park etdikdən sonra onun təhlükəsizliyindən əmin olmalı, bir neçə saatdan sonra gəlib yenidən nəqliyyat vasitəsinə əyləşərkən görməlidir ki, o, qoyub getdiyi kimidir, yəni saz vəziyyətdədir.
Şəhərdə avtomobillər üçün yeni yaradılan avtodayanacaqların mahiyyəti də budur. Pirşağı-Sumqayıt xətti boyunca yerləşən stansiya və vağzallara aid avtodayanacaqları sərnişinlərin istifadəsinə verilməsi müsbət haldır. Keşlə, Bakıxanov, Zabrat, Məmmədli, Pirşağı və Novxanı əraziləri böyük yaşayış məntəqələrini əhatə edir, burada əhali sıx məskunlaşıb. Ona görə də ödənişsiz avtodayanacaqların istifadəyə verilməsi insanların işini asanlaşdıracaq. Bu təşəbbüsün mikromobilliyə, insanların təhlükəsizliyinə töhfə verəcəyini düşünürəm”.
Törə Zeynallı
Demokrat.az