Gürcüstanda pedofiliya və digər seksual xarakterli cinayətlərə görə məhkum olunmuş vətəndaşlar haqqında məlumatların yer aldığı rəqəmsal reyestr yaradılacaq.
Publika.az xəbər verir ki, TASS bu barədə ölkənin Xüsusi İstintaq Xidmətinə istinadən məlumat yayıb.
“Xüsusi İstintaq Xidməti pedofiliya və cinsi zorakılığa görə məhkum edilmiş şəxslərin qeydiyyata alınacağı, hüquqlarının məhdudlaşdırılacağı və onlara nəzarətin həyata keçiriləcəyi elektron reyestr yaradacaq”, - idarənin açıqlamasında bildirilir.
Qeyd olunur ki, bu üsul intim fotolarla pedofiliya və şantaj hallarının qarşısını alacaq. Siyahıya daxil olan şəxslərə qarşı müxtəlif tədbirlər tətbiq olunacaq - yeniyetmələrlə yaşamaq, məktəblərə 30 metrdən az yaxınlaşmaq, sərnişin daşımaq və bir sıra digər qadağalar.
Bundan əlavə, məhkumlar vaxtaşırı müstəntiqə hesabat verməli və özləri haqqında aktual məlumatlar təqdim etməlidirlər. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarlara yaşadıqları yerdə də baş çəkəcəklər.