AZ

Noyabrdan sonra Azərbaycanda gözlənilən mühüm hadisə – Ekspertlərin ilginc proqnozları 

Ölkəmizdə baş tutacaq COP29 sammitinə iki aya yaxın vaxt qalıb. Tədbirlə əlaqədar 80 mindən çox qonağın gələcəyi gözlənilir.

COP29-dan sonra Azərbaycan iqtisadiyyatında nələr olacaq? Ölkəyə xarici investisiya gələcəkmi?

Mövzu ilə bağlı VI çağırış Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, dünyanın ən böyük problemlərindən biri olan iqlim dəyişikliyi ilə bağlı sammitin baş tutmasına az müddət qalır və COP29-un məqsədləri ilə bağlı daha geniş məlumatlar verilir:

“Bakı konfransında qlobal iqlim dəyişikliklərinin vurduğu zərərlərin aradan qaldırılması üçün maksimum maliyyə toplamaqla real addımlar atılacaq. Azərbaycanda keçiriləcək bu tədbirə 80 mindən çox insan gələcək. Mütəxəssislər, iş adamları və səlahiyyətli şəxslərin iştirak etdiyi toplantı olacaq. Bu, Azərbaycanın imkanları, perspektivlərinin öyrənilməsi və yaşıl enerji ilə bağlı tanışlıq üçün mühüm amildir. Azərbaycan, Macarıstan və Rumıniya arasında bir müddət əvvəl “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin həyata keçirilməsi ilə bağlı müzakirələr aparıldı. Bu olduqca əhəmiyyətli məsələdir. Xarici investorların da diqqətini çəkməyə bilməz”.

İqtisadçı ekspert Əkrəm Həsənov deyib ki, ölkə iqtisadiyyatında heç bir ciddi dəyişiklik baş verməyəcək:

“Avropa Oyunları, “Formula-1” və digər nümunələr kimi COP29-da iqtisadiyyatda dəyişiklik olmayacaq. Sadəcə dünyada daha çox tanınmağımıza şərait yaradacaq. Bu amil ya ölkəyə turist axınına, ya da investisiya qoyuluşuna səbəb ola bilər. Lakin investisiya üçün COP29 kifayət deyil. Ölkədə qanunçuluq, investisiya mühiti olmalıdır”.

İqtisadçı ekspert Toğrul Maşallı isə qeyd edib ki, COP29 ölkəyə xarici investisiya cəlb edəcək tədbir deyil:

“İqtisadi deyil, iqlim məsələləri üzrə təşkil olunacaq. COP29 Azərbaycanın təqdimatı deyil, dünyanın gələcəyinə həsr olunub. Mövcud problemlərin həlli yolları müzakirə ediləcək. Bu sammitdən sonra ən müsbət halda Azərbaycanda ekologiya siyasətində dəyişikliyin edilməsi, yaşıl iqtisadiyyatının potensialını öyrənilməsi gözləniləndir”./Globalinfo.az





Seçilən
92
1
referans.az

2Mənbələr