AZ

“Kurban Berdıyev Karlo Ançelottini xatırladır” – Mircavadov belə düşünür

“Turan Tovuz” yeni mövsümün ilk 5 oyunundan 4-də qələbəyə, 1-də heç-heçəyə nail olub, hələ qol buraxmayıb.

Görəsən, bu uğurun sirri nədədi? “Beton” ləqəbi qazanan müdafiə xəttini yarmaq həqiqətən mümkün deyilmi?
Bu suallarla veteran müdafiəçi, təcrübəli mütəxəssis Ağasəlim Mircavadova müraciət etdik. Onun “football-plus.az”a dedikləri:

“Kurban Berdıyev Mahaçqala “Dinamo”su, “Rostov” və “Rubin”də də eyni tərzdən istifadə edirdi. Belə uğurları həmin komandalarda da qazanıb. “Turan Tovuz”un qapısına yol tapmaq üçün qapıönünə uzun ötürmələrdən yararlanmaq olar. Ancaq bu halda bir neçə futbolçunu zərərsizləşdirmək mümkündü. İlk turda keçirilən “Neftçi” – “Turan Tovuz” oyununu stadiondan izləmişdim. İndi yox, hələ o vaxt yeni baş məşqçinin keyfiyyətli komanda araya-ərsəyə gətirdiyi bəlliydi. Kurban Berdıyev futbolçuların gücündən düzgün istifadə edir. “Turan Tovuz”un həm yerli, həm də legioner oyunçuları “Qarabağ”dakılar qədər olmasa da, çox keyfiyyətlidi. Heyətdən iki futbolçunun milliyə dəvət edilməsi də yaxşı haldı. Görünür, məşqçi seçərkən yaşına yox, dərrakəsinə, təcrübəsinə qiymət vermək lazımdı. Təəssüf ki, Azərbaycanda belə deyil. Kurban Berdıyev “Turan Tovuz”a yeni nəfəs verdi. Çempionatımızda onun kimi məşqçilər daha çox olmalıdı. Dediklərim tərif deyil, faktdı. Yeganə problem ehtiyat oyunçular skamyasının kasadlığıdı. Kurban Berdıyev bu mənada Karlo Ançelottini xatırladır. “Real”ın baş məşqçisi də 15-16 futbolçuyla nəticəyə oynayır. Futbolçular da həmin təzyiqə dözür. “Turan Tovuz”un heyəti daha geniş olmalıdı. Baxmayaraq ki, Azərbaycana keyfiyyətli legioner gətirmək çətindi”.

KƏNAN BAHADIR
Seçilən
135
football-plus.az

1Mənbələr