AZ

ABŞ HƏMAS rəhbərliyini terrorizmdə ittiham etdi


ABŞ Ədliyyə Departamenti 7 oktyabr 2023-cü il tarixdə İsrailə hücumla əlaqədar altı yüksək rütbəli HƏMAS liderinə qarşı terrorizm və Amerika vətəndaşlarına qarşı sui-qəsd ittihamları irəli sürüb.
Yeniavaz.com
xəbər verir ki, bunu Nyu-York ştatının Federal Məhkəməsinin elektron məlumat bazasında çərşənbə axşamı dərc edilmiş sənədlər sübut edir.
Dərc edilmiş sənədlərə görə, HƏMAS liderləri oktyabrın 7-də geniş terror və zorakılıq kampaniyasını təşkil etməkdə və dəstəkləməkdə ittiham olunurlar.
HƏMAS təşkilatının özü ABŞ-də terrorçu kimi tanınır.
İttiham olunanlardan biri HƏMAS-ın hazırkı lideri Yəhya Sinvardır.
Təqsirləndirilənlər arasında, həmçinin iyul ayında Tehranda öldürülən hərəkatın Siyasi Bürosunun keçmiş rəhbəri İsmayıl Haniyə, HƏMAS-ın Xarici Ölkələrlə Əlaqələr üzrə Milli Bürosunun rəhbəri Əli Baraka, HƏMAS-ın xaricdəki nümayəndəliyinin rəhbəri Xalid Məşəl, hərəkatın hərbi qanadı “İzzəddin əl-Qəssam Briqadaları” komandirinin müavini Mərvan İsa (martda öldürülüb) və HƏMAS-ın hərbi rəhbəri Məhəmməd əl-Deif (iyulda öldürülüb) də var.
ABŞ Baş prokuroru Merrik Qarland törədilmiş cinayətlərin terror aktı kimi araşdırıldığını vurğulayıb.
“Oktyabrın 7-də bu müttəhimlərin rəhbərlik etdiyi HƏMAS terrorçuları 40-dan çox amerikalı da daxil olmaqla 1200-ə yaxın sakini qətlə yetirib və yüzlərlə mülki vətəndaşı qaçırıb”, - Qarland bildirib.
O, həmçinn keçən həftə HƏMAS-ın 23 yaşlı İsrail və Amerika vətəndaşlığı olan Herş Qoldberq-Paulin də daxil olmaqla təxminən bir il əsir saxladığı daha altı nəfəri öldürdüyünü bildirib.
Sözügedən şəxslər terrorizm və sui-qəsd də daxil olmaqla yeddi maddə ilə ittiham olunurlar.
Seçilən
74
14
yeniavaz.com

10Mənbələr