AZ

İstisu qəsəbəsinin tikintisi Kəlbəcərə nə verəcək? - Deputatın şərhi

"İstisu qəsəbəsinin salınması və orada turizmin inkişafı ilə bağlı ifrastrukturun formalaşması həm də nəticə etibarı ilə Kəlbəcərin iqtisadi potensialından daha səmərəli istifadə edilmsinə imkan verəcək".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. 

Deputat hesab edir ki, qəsəbənin tikintisi Kəlbəcərə daha çox turistlərin cəlb edilməsinə səbəb olacaq:

"Ümumiyyətlə daxili və xarici turizmin inkişafına töhfə verməklə yanaşı, həm də Kəlbəcərdə daha qısa mddətdə məskunlaşma və məşğulluğun təmin edilməsi anlamına gəlir. Kəlbəcər turizm potensialı baxımından Qafqazda seçilən bölgələrdəndir. İnfrastrukturun formalaşması Kəlbəcər də daxil olmaqla Şərqi Zəngəzurda daha qısa zamanda iqtisadi potensialın reallaşmasına imkan yaradacaq".



Vüqar Bayramov əlavə edib ki, Kəlbəcər təbii ehtiyatları və eyni zamanda turizm potensialı ilə seçilən bölgələrimizdən biridir:

"Nəzərə alsaq ki, Kəlbəcərdə sağlamlıq turizmi uzun müddət keçmiş SSRİ dövründə aparıcı sahələrdən biri olub. Bu da nəticə etibarı ilə kəlbəcərlilərin, bütövlükdə bölgənin turizm potensialını xarakterizə edən faktorlardan biridir".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonuna səfər edib. Dövlət başçısı səfər zamanı İstisu qəsəbəsinin təməlini qoyub.



İstisu qəsəbəsi Kəlbəcərin qərb hissəsində yerləşir. Ümumi sahəsi 63,1 hektar olan qəsəbənin layihələndirilmə işləri mərhələli şəkildə aparılacaq. Baş plana əsasən, gələcəkdə burada 159 fərdi ev, "townhouse” tipli 71 ev (142 mənzil) və 180 mənzildən ibarət 10 bina tikiləcək.

Birinci mərhələdə salınacaq ərazinin sahəsi 39,2 hektar təşkil edir. Bu mərhələdə 159 fərdi evin inşası nəzərdə tutulur. Burada iki, üç, dörd və beşotaqlı fərdi evlər tikiləcək. Qəsəbəyə birinci növbədə 159 ailə köçürüləcək.

İstisu qəsəbəsində 352 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi, idman sağlamlıq mərkəzi, tibb məntəqəsi, bayraq meydanı, idman meydançası və digər zəruri obyektlər yaradılacaq.

Qeyd edək ki, tarixən İstisu qəsəbəsində əhalinin əsas məşğuliyyəti üzümçülük, taxılçılıq, heyvandarlıq və baramaçılıq olub. Müasir səviyyədə qurulacaq qəsəbənin perspektivdə rayonun yerli əhəmiyyətli mərkəzlərindən biri kimi inkişafı əsas məqsədlərdəndir.

Prezident və birinci xanım Kəlbəcərə səfər zamanı həmçinin "İstisu" Müalicə-İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub, "İstisu" mineral su zavodunun açılışında iştirak ediblər. Onun təməli 2022-ci il iyunun 26-da İlham Əliyev tərəfindən qoyulub.



Yenidən inşa edilən "İstisu" Müalicə-İstirahət Kompleksinin ümumi sahəsi 80 min kvadratmetr təşkil edəcək. Hazırda Kompleksin ərazisində 145 nömrədən ibarət olan hotel binasının, 10 kottecin və 5 inzibati binanın tikinti işləri aparılır. Kompleksin hotel binasında restoranlar, kafelər, konfrans zalı, boulinq mərkəzi, uşaq əyləncə mərkəzi və müxtəlif əyləncə zonalarının fəaliyyət göstərməsi planlaşdırılır. Hotel binasının daxilində yerləşən və sahəsi 10 min kvadratmetr təşkil edəcək SPA Mərkəzində 16 müxtəlif təyinatlı açıq və qapalı hovuz, termal hamamlar, müalicəvi termal su vannaları, isti və soyuq su ilə kontrast terapiya hovuzu, termal hidrohovuzlar, təzyiqli su terapiya otağı, buxar otaqları, duz otağı, müalicəvi palçıq ilə prosedur otaqları, masaj otaqları, digər prosedur otaqları və istirahət zonaları nəzərdə tutulur.



"İstisu" mineral su zavodu uzun illər Kəlbəcərin müstəsna keyfiyyəti və sağlamlığa faydaları ilə tanınan termal su yatağından çıxan eyniadlı suyunu 30 illik müddətdən sonra yenidən istehlakçılara təqdim edir. 1976-cı ildən etibarən Kəlbəcər rayonunda "İstisu” mineral suyunun istehsalına başlanılıb. Bununla da nadir və faydalı mineral tərkibə malik "İstisu” təbii mineral suyu geniş coğrafiyada şöhrət tapıb.

"İstisu" təbii mineral suyu, eyni zamanda, yerli və beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına cavab verir. Belə ki, mineral su AZS 216-2006, İSO 9001:2015 və İSO 22000:2018 standartlarına uyğun olaraq sertifikatlaşdırılıb. İkinövbəli iş rejimində fəaliyyət göstərəcək müəssisədə təxminən 100 nəfər işlə təmin ediləcək. İşçilərin əksəriyyəti Kəlbəcər və Laçın rayonlarının sakinləridir.

Bahar Rüstəmli 
Seçilən
90
2
qaynarinfo.az

2Mənbələr