Cavanşir Əliyev: “Test vəsaitlərinin durmadan yenilənməsi maddiyyat baxımından valideynlərin narazılığına səbəb ola bilər, amma…”
Azərbaycanda 11 illik orta təhsil proqramı var və universitetlərə qəbul imtahanları bu təhsil proqramına uyğun keçirilir. Lakin şagirdlərin məktəblərdə aldığı təhsil onların universitetə qəbulu üçün yetərli olmur və şagirdlər repetitorlara, hazırlıq kurslarına üz tuturlar. Universitetə hazırlaşan abituriyentlərin istifadə etdiyi əsas vəsait test kitabçasıdır.
Dövlət İmtahan Mərkəzinə, eləcə də müxtəlif nəşrlərə məxsus bu test vəsaitləri abituriyentlərin imtahan formasına uyğun hazırlaşması, öyrəndikləri mövzuları tətbiq etməyi üçün önəmlidir. Ancaq abituriyentlərin və valideynlərinin narazı olduğu məqam bu vəsaitin hər il yenilənməsidir. Yəni bir il öncəki test növbəti il üçün yararsız hesab olunur. Bu səbəbdən də universitetə hazırlaşanlar məcbur olub həmin vəsaiti əldə edir. Onu da nəzərə almaq lazımdır ki, universitetə hazırlaşanlar bir yox, bir neçə fənn üzrə hazırlaşmalı olur. Hər fənn üçün yeni test vəsaitinin alınması valideynlər üçün maddi çətinlik yaradır. Xüsusilə əsas fənlər üzrə şagirdlərdən əlavə dərs vəsaitlərinin və test toplularının tələbi valideynlərin maddi vəziyyətini çətinləşdirib.
Maraqlıdır, yeni nəşrlə köhnə test arasında fərqlilik var, yoxsa əlavə xərc olsun deyə bu vəsaitlər yenilənir?
“Hansısa dərs vəsaitində cuzi dəyişiklik etməklə onu yeniləmək düzgün deyil, valideynləri də nəzərə almaq lazımdır”
Təhsil eksperti Cavanşir Əliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Dövlət İmtahan Mərkəzi tərəfindən son illər ixtisas qrupları daxilində bəzi fənlərdə müəyyən dəyişikliklər oldu: “Yeni nəşr olunan topluları almaq zəruridir. Test vəsaitlərinin durmadan yenilənməsi maddiyyat baxımından valideynlərin narazılığına səbəb ola bilər. Amma burada müəllimlərə də haqq qazandırmaq lazımdır. Çünki nəzərə almalıyıq ki, test topluları DİM-in ali məktəbə qəbul imtahanlarına müvafiq olaraq hazırlanır. Sistem dəyişdikcə, mövzular da dəyişir. Beləliklə, yeni test toplularına ehtiyac yaranır. Müəllimlər artıq yeni formada və yeni tipli suallarla abituriyentləri tanış edib, ona uyğun olaraq imtahanlara hazırlayırlar. Bunun nəticəsi kimi də abituriyentlər gələcəkdə yaxşı ixtisaslarda təhsil ala bilirlər. Onu da deyim ki, məktəbdə dərslər proqram əsasında keçirilir, ancaq qəbul imtahanı Dövlət İmtahan Mərkəzinin test kitabçaları əsasında aparılır”.
Ekspert onu da əlavə etdi ki, hansısa dərs vəsaitində cuzi dəyişiklik etməklə onu yeniləmək düzgün deyil. Valideynləri də nəzərə almaq lazımdır: “Bu gün bazarlarda təklif olunan istər ayrı-ayrı kursların, yaxud repetitorların və yaxud DİM-in hazırladığı vəsaitlərin qiymətləri sərbəst şəkildə təyin olunur. Valideynlər övladlarının imtahanlarda daha yaxşı nəticə göstərmələri üçün onları repetitor yanına qoymağa məcburdurlar. Bu da sonda dövlətin milyardlarla pul xərclədiyi ümumtəhsil məktəblərinə inam və etibarı azaldır. Çünki imtahanı keçirən də, vəsaitləri hazırlayan da DİM-dir”.
Günel CƏLİLOVA