“Qarabağ”ın iki legioneri – yarımmüdafiəçilər Yassin Benzya ilə Patrik Andrade ölkələrinin milli komandalarına dəvət alıblar.
Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Yassin Benzya Əlcəzair milli komandasına dəvət olunub. Əlcəzair millisi Afrika Millətlər Kubokunun E qrupunda Ekvatorial Qvineya (5 sentyabr) və Liberiya (10 sentyabr) komandaları ilə qarşılaşacaq. Ekvatorial Qvineyanı doğma meydanda sınağa çəkəcək əlcəzairlilər, bundan 5 gün sonra Liberiya səfərinə yollanacaqlar.
Patrik Andrade isə Kabo-Verde milli komandasına dəvət alıb. Kabo-Verde yığması da Afrika Millətlər Kubokunun C qrupu çərçivəsində sentyabrın 6-da Misir, 10-da isə Mavritaniya millisi ilə qarşılaşacaq. Misirlə görüş səfərdə baş tutacaq, Mavritaniya ilə görüş doğma meydanda keçiriləcək.
Azərbaycan çempionatında çıxış edən daha iki legioner futbolçuya ölkəsinin milli komandasından dəvət var. “Zirə”nin futbolçusu Ange Mutsinzi Ruanda millisinə dəvət alıb. Futbolçunun şərəfini qoruduğu Ruanda yığması DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Liviya və Nigeriya millilərinə qarşı mübarizə aparcaq. Ruanda ilə görüş bu gün Liviyada baş tutacaq. Ayın 10-da isə Mutsinzinin komandası Nigeriyanı doğma meydanda sınağa çəkəcək.
“Sumqayıt”ın futbolçusu Tresor Mossi də Burundi millisinə dəvət alıb. Burundi yığması Afrika Millətlər Liqasının qrup mərhələsi çərçivəsində 5 və 9 sentyabr tarixlərində müvafiq olaraq Malavi və Seneqal ilə qarşılaşacaq. Malavi ilə görüş səfərdə, Seneqalla oyun isə Burundidə təşkil olunacaq.
Xatırladaq ki, daha öncə “Turan Tovuz”un futbolçusu Denis Marandiç də Moldova yığmasına dəvət almışdı.