Hərbi ekspert: “Ermənistan yeni təxribatlara hazırlaşır”
“Ermənistan 5 aprel tarixində Vaşinqtonda ABŞ və Avropa İttifaqı ilə imzaladığı hərbi aktdan sonra özünü Azərbaycana qarşı kifayət qədər aqressiv aparır. Bu səbəbdən də Ermənistan həm Naxçıvan, həm də Şərqi Zəngəzur istiqamətində bir neçə dəfə atəşkəsi pozub”.
Bu sözləri Demokrat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
O bildirib ki, Ermənistan yeni təxribatlara hazırlaşır:
“Azərbaycan Ordusunun mövqeyləri üzərində Ermənistan tərəfindən hava kəşfiyyatının aparılmasına da cəhdlər olub.
Bütün bunlar onu göstərir ki, Ermənistan ABŞ, Fransa və Hindistandan aldığı silahlar hesabına növbəti genişmiqyaslı təxribatlara hazırlaşır.
Hər il olduğu kimi, bu ilin də sentyabr ayında Ermənistan tərəfindən təxribatların törədilədicəyi gözləniləndir. Ermənistanın əldə etdiyi silahlar onları bir qədər cəsarətləndirsə də, Azərbaycan ilə olan güc balansını bərpa etməyə imkan verilə bilməz. Ermənistan tərəfinin istənilən təxribatın qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaq. Əgər bu təxribatlar nəticəsində bir nəfər belə Azərbaycan əsgəri xəsarət alarsa, Ermənistan tərəfi çox ciddi şəkildə cəzalanacaq”.
Mehriban Mirzəzadə
Demomrat.az