Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının (AISA) təşkilatçılığı ilə, Azərbaycan lift istehsalçısı “Vertus Engineering Co” şirkəti və Belarusun lift istehsalatçısı "Mogilevliftmash" Səhmdar Cəmiyyəti arasında anlaşma memorandumu imzalanıb.
Bu mühüm tədbir Belarusun sənaye nazirinin birinci müavini Aleksandr Oqorodnikov və Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini İsmayıl Nəsirovun iştirakı ilə həyata keçirilib. Anlaşma memorandumu hər iki şirkət arasında təcrübə mübadiləsi, texnoloji yeniliklərin tətbiqi və birgə layihələrin icrası məqsədilə imzalanıb. Bu əməkdaşlıq tərəflərin həm yerli, həm də beynəlxalq bazarlarda müştərilərə daha keyfiyyətli və etibarlı məhsullar təqdim etməsinə şərait yaradacaq.
Tərəflər arasında imzalanmış bu memorandum, Azərbaycan və Belarus arasındakı iqtisadi əlaqələrin möhkəmlənməsinə, habelə lift sənayesində yeniliklərin tətbiqinə böyük töhfə verəcəkdir. İmzalanma mərasimində tərəflər, bu anlaşmanın iki ölkə arasındakı sənaye təhlükəsizliyi və iqtisadi inkişaf sahələrində mühüm əhəmiyyət daşıyacağına dair inamlarını ifadə ediblər.
Qeyd edək ki, “Mogilevliftmash” Səhmdar Cəmiyyəti sərnişin və yük liftlərinin layihələndirilməsi və istehsalı üzrə ixtisaslaşıb, 50 illik təcrübəyə malik olan bir zavoddur. Zavod Belarusda fəaliyyət göstərir və illik 13 min ədəd lift istehsalı ilə bazarda öncül mövqeyə malikdir. Bu əməkdaşlıq Azərbaycanın sənaye təhlükəsizliyi sahəsində beynəlxalq standartlara uyğun liftlərin istehsalı və ixracına yönəlmiş strateji addımların tərkib hissəsi kimi qiymətləndirilir.