Sentyabrın 2-də Ermənistanda revanşist qüvvələrin, qondarma rejimin tör-töküntülərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü təhdid edən təxribatçı açıqlamalarını, o cümlədən Qərbdəki havadarlarına arxalanaraq yenə “beynəlxalq təminat altında Qarabağa qayıdış”dan dəm vuranların biz Qərbi azərbaycanlıların qayıdış hüququnu danmasını kəskin şəkildə pisləyirik.
Bu fikirlər Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda yer alıb.
Bəyanatda o da qeyd olunub ki, İcma son vaxtlar bir neçə dəfə Ermənistan hökumətinə öz ərazisində Azərbaycanın suverenliyinə qarşı çıxan qüvvələrin fəaliyyətinə son qoyulması ilə bağlı çağırış edib: “Görünən odur ki, Ermənistan hökuməti nəinki bu addımı atmır, əksinə, üzdə sülhdən danışaraq kənarda anti-Azərbaycan addımlara rəvac verir. Qərbi Azərbaycan İcması Ermənistanın suverenliyini və ərazi bütövlüyünü təhdid etmədiyi halda, özünü “mühacirətdə olan hökumət” kimi qələmə verən qondarma rejimin tör-töküntülərinin, Ermənistanın sabiq xarici işlər nazirinin rəhbərlik etdiyi “repatriasiya komissiyası”nın Ermənistanda belə rahat fəaliyyət göstərməsi qəbuledilməzdir. Bəyan edirik ki, Ermənistan bu təhlükəli siyasətdən əl çəkməsə, biz Azərbaycanda mühacirətdə olan Qərbi Azərbaycan hökumətinin təsis edilməsi istiqamətində işlərə başlayacaq və bu xüsusda ilk olaraq yeni seçilmiş parlamentdə “Qərbi Azərbaycana qayıdış” komissiyasının yaradılması məqsədilə Milli Məclisə müraciət ünvanlayacağıq”. Bu yanaşma artıq Ermənistanda ciddi narahatlıq predmetinə səbəb olub. Erməni politoloq Armen Baqdasaryan qeyd edir ki, Bakının İrəvandan tələbləri Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bitmir: “Azərbaycan təzminat, Qərbi Azərbaycandan olan şəxslərin qaytarılmasını, Ermənistan ordusunun çox kiçik, idarə oluna bilən olmasını və sair tələb edəcək. Həmçinin “Metsamor” AES-in bağlanması da bu tələblər siyahısındadır, bu da mümkündür”. Politoloqun iddiasına görə, hazırda proses Ermənistanın Azərbaycanın tələblərini yerinə yetirməsi və bunun sənəd üzərində təsbit edilməsi mərhələsindədir. Xatırladaq ki, 300 minə yaxın qərbi azərbaycanlı zorla Ermənistan vətəndaşlığından məhrum edilib. Mövcud məlumatlara əsasən, 1988–1989-cu illərdə Qərbi Azərbaycanda 226 azərbaycanlı ermənilər tərəfindən öldürülüb, 1000-dən çox azərbaycanlı müxtəlif dərəcəli bədən xəsarəti alıb. Amma bu siyahı tam deyil. 300 mindən çox qərbi azərbaycanlının Ermənistan vətəndaşlığından zorla məhrum edilməsi, mal-mülklərinin qanunsuz olaraq mənimsənilməsi hələ də müvafiq hüquqi qiymətini almayıb.
Bütün bunlar fonunda Azərbaycana qarşı Ermənistanda Qarabağ separatçıları vasitəsilə yeni ərazi iddialarına cəhdlər edilir. Qarabağda uzun illər mövcud olmuş və sonda özünü buraxmağa məcbur qalmış oyuncaq hərbi xuntanın əsas simalarından olan Samvel Şahramanyan və onun kimilərin də yenidən Azərbaycana ərazi iddiaları da bunun təsdiqidir. Şahramanyan bəyan edib ki, “Dağlıq Qarabağ Respublikasının” ləğvi ilə bağlı sənədin hüquqi qüvvəsi yoxdur və bu barədə Ermənistan hökumətinə və baş nazirinə yazılı məlumat verib: “İmzalamağa məcbur olduğumuz sənəd əhalinin, silahlı qüvvələrin və təhlükəsizlik qüvvələrinin nümayəndələrinin Dağlıq Qarabağdan Ermənistana təhlükəsiz çıxışını təmin etməyə imkan verdi”. Bununla da o, 2023-cü il sentyabrın 28-də qondarma rejimin buraxılmasına dair imzaladığı “fərman”dan imtina etdiyini demək istəyir. Xatırladaq ki, həmin sənədə görə, 2024-cü il yanvarın 1-nə qədər bütün “qurum və təşkilatlar” ləğv edilir, qondarma qurumun mövcudluğu dayandırılır. Ermənistanın keçmiş baş naziri Vazgen Manukyan da separatçılara dəstək verənlər sırasındadır. Bu ünsür qeyd edir: “Türkiyə, Azərbaycan və Rusiyanın diktəsini qəbul etməklə heç nə əldə etməyəcəyik. Nə sülh, nə də iqtisadi inkişaf olacaq. İnsanlar xoşbəxt həyat üçün tamamilə boş yerə ümid edirlər, çünki problemi unutmaqla buna nail olmaq mümkün deyil. Mövcud problemlərin real həlli olmadan heç bir dövlət uğur qazana bilməyib. Bizim üçün Qarabağ təkcə milli məsələ deyil, həm də problem, vəzifə idi. Bir vəzifənin olması və onun həlli ilə ermənilər güclənir”. Bütün bunlar Qərbi Azərbaycandan olan soydaşlarımızın fəaliyyətlərini bir qədər də gücləndirməsinin vacibliyini ortaya qoyur. Hesab edilir ki, artıq Qərbi azərbaycanlıların öz doğma torpaqlarına, tarixi yurd yerlərinə qayıdışı məsələsinə daha sistemli yanaşma olmalıdır. Ekspertlərə görə, sözügedən məsələ ilə bağlı yeni formalaşan Milli Məclisin üzərinə də bəzi mühüm vəzifələr düşür. Məsələn, Azərbaycanın yeni tərkibi formalaşmış Milli Məclisində Qərbi Azərbaycanla əlaqədar xüsusi komissiya yaradıla bilər. Amma prosein miqyasının genişləndirilməsində də ehtiyac var. Qərbi Azərbaycan hökumətinin təsis edilməsi istiqamətində işlərə başlanılması bu fonda oldquca vacib önəmə malikdir. Qeyd edək ki, ermənilərin Qarabağa qayıtması müqabilində rəsmi Bakı 1988-1989-cu illərdə Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə dönməsi tələbini irəli sürür. Ermənistan tərəfi isə Qərbi azərbaycanlıların qayıdışında maraqlı deyil. Ona görə də Paşinyan hakimiyyəti ermənilərin Qarabağa qayıtması ilə bağlı razılaşmanın sülh sazişinin mətninə salınmasından imtina edib. İndi əsas məsələ Paşinyan iqtidarının müvafiq addımlar ataraq Ermənistan ərazisində separatçıları cəzalandırmasıdır. Əks halda Qərbi Azərbaycan hökumətinin təsisi məsələsi qaçılmaz olacaq.
Samirə SƏFƏROVA