AZ

Niyə istehlak kreditlərinin faizləri hələ də yüksəkdir?

Kredit amili iqtisadiyyatın mühüm tərkib hissəsidir və inkişafa, yeni sərmayələr qazanmağa kömək edən vasitədir. Kredit-maliyyə ifadəsi qədim zamanlarda hələ banklar yaranmamışdan əvvəl sələmçilik kimi tarixdə qalıb. Lakin sonradan cəmiyyətlər və dövlətlər inkişaf etdikcə yaranan banklar bu kortəbii prosesin nizamlı şəkildə aparılmasına şərait yaratdı. Əslində, bankların kredit verməsi özlüyündə çox dəyərli  işdir və əvvəldə dediyimiz kimi inkişafa xidmət edir.

Biznes kreditləri kimi istehlak kreditləri  də indi bankların əsas qazanc mənbəyidir. Ancaq ölkəmizdə istehlak kreditlərinin faizinin yüksək olması əhalini sanki banklardan asılı salmaqdadır. Qeyd edək ki, bu gün kommersiya bankları əhaliyə istehlak kreditlərini maksimum 3 illiyə 30 faizlə, bir illiyə isə  11 faizlə  verməkdədir. Bu isə yüksək faiz sayılır. KİV-lərdə gedən məlumatlara görə, istehlak kreditləri ABŞ-da 7 faiz, Rusiyada 9 faiz, Böyuk Britaniyada 6 faiz, Almaniyada isə 5-6 fizlə hesablanır.     

Ölkəmizdə  əvvəlki illərlə müqayisədə uçot dərəcəsinin aşağı salınması da kredit faizlərində enmələrə ciddi təsir etməyib. Məlumatlara görə, hazırda banklar tərəfindən müştərilərə  7 milyard manatdan artıq istehlak kreditləri verilib. Bu, 3 milyondan artıq vətəndaşı əhatə edir. Göründüyü kimi, həm kreditin ümumi məbləği, həm də borcalanların sayı çoxdur. Statistikaya əsasən, istehlak krediti götürənlərin 95 faizinin sığortası yoxdur. Sığortadan istifadə olunmadığından kredit götürən şəxs dünyasını dəyişən zaman vərəsəsi, yəni onun ailəsi borcu qaytarmaq məcburiyyətində qalır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, sığortadan istifadə bu riski aradan qaldırır. Nəticədə, əgər krediti götürən şəxs həyat sığortasından istifadə edərsə, bu halda onun bütün riskləri sığortalanmış olur və borclanma onun ailəsi üçün hər hansı potensial çətinlik yaratmır.

Faiz dərəcələrinin yüksək olması isə problemli kreditlərin həcmini günbəgün artırır. Banklar faizlərin belə yüksək olmasını kredit ödəmələrində risklərin azaldılması ilə əlaqələndirməyə çalışırlar. Demək bu məntiqi «əsaslandırmadan» o nəticəyə gəlmək olur ki, banklar ödəmə qabiliyyəti yüksək olan müştərilərin üzərinə tətbiq olunduğu yüksək faiz dərəcələri hesabına riskləri aradan qaldırırlar. Buna isə banklarımızın yaşın hesabına qurunu da yandırması demək olar. Bütün hallarda faiz dərəcələrinin yüksək olması cəmiyyətdə bir sıra problemlər yaradır. İlk növbədə haqsız gəlirin əldə edilməsinə şərait yaranır. Yüksək faiz dərəcələri borcdan qurtulmamaq, girovun əldən çıxması, sosial vəziyyətin daha da aşağı düşməsi kimi mənfi nəticələrə gətirib çıxarır.

Əgər sahibkarlıq subyektləri yüksək faizlə kredit götürürsə, iqtisadi fəaliyyətdə son faydalılığın aşağı düşməsinə şərait yaranır. Hətta bəzi şirkətlərin müflisləşməsinə yol aça bilir. Təbii ki, bu kimi problemlərin aradan qaldırılması üçün  Azərbaycanda aşağı faizli kredit prinsipi geniş yayılmalıdır. Düzdür, Azərbaycan höküməti sahibkarlarını , xüsusən də fermerlərin banklardan asılılığını azaltmaq üçün onlara aşağı faizli subsidiyalar verir, vergi və sığorta güzəştləri edir. Lakin istehlak kreditində isə özəl banklara təsir etməyə dövlətin səlahiyyəti yoxdur.  

Digər tərəfdən, mütəxəssislərin səsləndirdikləri fikirlərə görə, kredit faizlərinin yüksək olmasınn səbəbi ilk növbədə banklar arasında rəqabət qabiliyyətinin aşağı olmasıdır. Əgər banklar arasında şablon faizçilik oyununa son qoyulsa xarici ölkələrdəki kimi banklar müştərilərini deyil, müştərilər banklarını seçmək imkanları qazanarlar.

Bəli, bu bir reallıqdır ki, indi müştərilər bankı deyil, banklar müştəriləri seçir. Bunun öz səbəbləri var. Son 10 ildə problemli kreditlərin həcmi artıb və buna görə də müştəri seçimində banklar daha çox seçicinin ödəmə qabliyyətiliyi  yanaşmasından istifadə etməyə çalışırlar. Bu isə öz növbəsində faiz dərəcələrinin yüksək olmasına səbəb olur. Bütün bunularla  yanaşı, qeyd etmək lazəmdır ki, ölkəmizdə yalnız  sadələşdirilmiş ipoteka və kiçik sahibkarlığın inkişafı üçün ayrılan kreditlər 4 faizlə verilir. Digər tərəfdən, Mərkəzi Bankın yerli banklar üçün ayırdığı kredit portfelinin həcmi də elə böyük deyildir.

Başqa bir məsələ isə banklara əmanətlərin cəlb edilməsidir. Belə ki, ən yaxşı halda banklar əmanətləri 8-10faizlə qəbul edirlər. Lakin qeyd etmək lazmdır ki, əmanətçilərin sayının və banka yatırılan məbləğin böyük vəsaitlər olmasından danışmaq olmaz. Burada da balans pozulub. Əmanətçidən aşağı faizlə cəlb edilən məbləğ 3 dəfədən çox faizlə başqa bir müştəriyə verilir.

Kredit fazlərinin aşağı salınmasının digər mühüm şərti isə bankların maliyyə bazasının Mərkəzi Bankdan onlara ayrılan vəsaitlərin həcmini artırması ola bilər. Bu, bankların kredit vəsaitlərinin artmasına səbəb olar. və banklar digər mənbələrdən baha başa gələn kreditlər cəlb etmək məcburiyyətində qalmazlar. Həmçinin Dövlət Neft Fondundan banklara aşağı faizlə vəsaitlərin ayrılması bank fazilərinin azalmasına öz müsbət təsirini göstərər. Digər tərəfdən, son zamanlar müşahidə olunan mənfi tendensiyalar arasında bəzi kommersiya banklarının bağlanması və bu zaman onlara yatırılan əmanətlərin təhlükə ilə üzləşməsi halları idi. Lakin Azərbaycan dövləti bu məsələdə vətəndaşlarının mənafeyini qorumaq üçün  Əmanətlərin Sığortalanması Fondunu yaratdı ki,  nəticədə bağlanan və müflis olan banklardakı əmanətlər  sığortalanmış oldular. 

Elçin Zaman, «İki sahil»

Seçilən
71
ikisahil.az

1Mənbələr