Ötən ilin sentyabrında Qarabağda 24 saatdan da az (23 saat 43 dəqiqə) müddətdə yekunlaşan “ildırımsürətli”, lokal xarakterli antiterror tədbirləri nəticəsində bütün istiqamətlər üzrə hərbi uğurlar əldə edildi, ordumuzun qəhrəmanlıq, şücaət və peşəkarlığı nəticəsində Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələri ağ bayraq qaldıraraq silahı yerə qoyub təslim oldular
İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar fonunda məhz Ermənistan tərəfinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın tələblərinə etinasız yanaşması uzunmüddətli və davamlı sülhün təmin olunması istiqamətində bütün səyləri puça çevirdi. Xüsusilə Bəyanatın 4-cü bəndində qeyd olunan: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir...” öhdəliyi icra edilmədi. Vətən müharibəsindən ötən son üç il ərzində rəsmi İrəvan Azərbaycan tərəfinin bütün səmimi sülh çağırışlarını cavabsız qoyaraq, qəbul etdiyi öhdəliklərin icrasını ləngitməyə, gələcək revanşist iddialarının gerçəkləşəcəyi ümidi ilə status-kvonu saxlamağa və beləliklə, iki ölkə arasında sülh müqaviləsinin reallaşmamasına çalışırdı. Ancaq aydın məsələ idi ki, bölgəmizdə daimi sülh və sabitliyə nail olmağın yeganə yolu məhz erməni silahlı qüvvələrinin ölkəmizin Qarabağ bölgəsindən qeyd-şərtsiz çıxarılması və qondarma rejimin buraxılması idi. Hətta həyata keçirilmiş “Fərrux”, “Qisas” və bu kimi digər hərbi əməliyyatlar belə bədnam düşmən və onu hər vəchlə himayə edən qüvvələr üçün yetərli dərs olmadı. Əksinə, xarici böyük güclərin marionetinə çevrilmiş düşmən daha da azğınlaşaraq humanitar yönlü Laçın yolunun imkanlarından öz çirkin məqsədləri naminə yararlanaraq silah-sursatların daşınmasını həyata keçirdi. Ən acınacaqlı hal isə ondan ibarət idi ki, bu təxribatlar ərazilərimizdə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin gözləri önündə, hətta birbaşa müşayiəti altında açıq şəkildə aparılırdı.
Nəhayət, bütün bu qanunsuz əməllərin qarşısının alınması üçün ölkəmiz tərəfindən ötən ilin aprel ayının 23-də Laçın rayonunda Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması, eyni zamanda, humanitar məqsədlə paralel olaraq Ağdam-Xankəndi yolunun təklif edilməsi Ermənistan tərəfinin bütün xain planlarını alt-üst etdi. Öz çirkin məqsədlərinə çata bilməyən düşmən bölgədə erməni sakinlərinə qarşı “soyqırım”, “blokada” və “humanitar böhran”ın həyata keçirilməsi barədə yalan və əsassız iddialarla çıxış etməklə, humanitar yardım prosesini beynəlxalq müstəvidə siyasiləşdirməyə, ölkəmizə qarşı qarayaxma kampaniyası aparmağa başladı.
Eyni zamanda, bütün xəbərdarlıqlara rəğmən, qanunsuz xunta rejiminin qorunub saxlanılması üçün maliyyələşdirmə prosesi də məhz birbaşa Ermənistan Respublikasının rəsmi dövlət büdcəsi hesabına həyata keçirilirdi. Belə ki, bu məqsədlə hər il yüz milyonlarla dollar vəsait qondarma rejimin büdcəsinə ötürülürdü. Ermənistan hökuməti tərəfindən göstərilən bu dəstək təkcə maliyyə sahəsini deyil, eyni zamanda hərbi, siyasi, ideoloji və digər sahələri də əhatə edirdi. Əlbəttə, bütün bunlar ölkəmizin ərazi bütövlüyünə, onun suverenliyinə və təhlükəsizliyinə tamamilə zidd addımlar idi. Bu baxımdan üçtərəfli Bəyanatın tələblərinin kobud şəkildə pozulması, qəbul edilmiş öhdəliklərin yerinə yetirilməməsi və digər bu kimi mənfi hallar yaxın gələcəkdə bölgədə yenidən hərbi əməliyyatların başlanmasını, zəruri tədbirlərin həyata keçirilməsini qaçılmaz edirdi.
Nəhayət, 2023-cü il sentyabrın 19-u səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz silahlı birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədilə ordumuzun təminat yollarının minalanması nəticəsində iki mülki şəxs və dörd polis əməkdaşımızın şəhid olması son damla olaraq ölkəmizin səbr kasasını daşırdı. Nəticədə düşmənin pozuculuq fəaliyyətinin önlənməsi, eyni zamanda, bölgədə davamlı şəkildə törədilən təxribatlara cavab olaraq ölkəmiz öz suveren əraziləri daxilində - Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələrinə qarşı məhdud və lokal xarakterli legitim antiterror tədbirləri həyata keçirməyə başladı. Antiterror tədbirləri çərçivəsində rəşadətli Azərbaycan Ordusu yüksək həssaslıq və peşəkarlıq nümayiş etdirərək qanunsuz erməni silahlı birləşmələrinin ön xətt və dərinliklərdə olan mövqelərini, uzunmüddətli atəş nöqtələrini, döyüş vasitələrini, bir sözlə, yalnız legitim hərbi obyektləri və infrastrukturu hədəfə alaraq onları nöqtə atışlı zərbələrlə neytrallaşdırdı. Bu davranış ordumuzun arsenalında müasir tipli silahlara və yüksək texniki imkanlara malik olmasına rəğmən, ümumilikdə ölkəmizin yüksək humanizm prinsiplərinə sadiqliyini və zəngin mənəvi keyfiyyətlərə sahib olduğunu əyani şəkildə nümayiş etdirdi. Belə ki, ordumuz mülki şəxslərə dəyə biləcək zərərlərdən maksimum yayınmaq üçün mülki əhali və infrastruktur obyektlərinin yaxınlığında məqsədli şəkildə yerləşdirilmiş legitim hərbi obyektlərə belə zərbələr endirməkdən çəkindi. Beləliklə, sentyabrın 20-də 24 saatdan da az (23 saat 43 dəqiqə) müddətdə yekunlaşan “ildırımsürətli”, lokal xarakterli antiterror tədbirləri öz real nəticəsini verdi. Antiterror tədbirləri zamanı qısa müddət ərzində bütün istiqamətlər üzrə hərbi uğurlar əldə edildi. Ordumuz qəhrəmanlıq, şücaət və peşəkarlıq nümayiş etdirərək, düşmənə ağır zərbələr vurdu. Nəticədə Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələri ağ bayraq qaldıraraq silahı yerə qoyub təslim oldular.
Azərbaycan Ordusunun Qarabağ bölgəsində həyata keçirdiyi uğurlu antiterror tədbirlərini həzm edə bilməyən qüvvələr hər vəchlə ölkəmizi ağızlarında saqqız halına çevirdikləri “soyqırım” iddiaları ilə şərləməyə cəhd etdilər. Lakin gün kimi aydın idi ki, Azərbaycan Ordusu antiterror tədbirləri zamanı ləyaqətli şəkildə, beynəlxalq səviyyədə qəbul edilmiş mövcud hərbi qayda və qanunlar çərçivəsində davranaraq heç bir halda mülki əhalini hədəfə almamışdı. Əksinə, istər antiterror tədbirləri çərçivəsində, istərsə də sonrakı dövrdə qadınlara, uşaqlara, qocalara, fiziki məhdudiyyətli şəxslərə, xəstələrə, hətta yaralı silahlılara belə zəruri tibbi və digər yardımlar göstərilmiş, dövlətimiz tərəfindən onlar içməli su və ərzaqla təmin olunmuşdular. Həmçinin mülki əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri də yaradılmışdı.
Regionda baş verən son hadisələr fonunda ölkəmizə qarşı qərəzli mövqe sərgiləyərək onu haqsız şəkildə qınayanlar anlamalı idilər ki, həyata keçirilmiş bu cür lokal xarakterli antiterror tədbirləri məhz Ermənistan tərəfindən 10 noyabr 2023-cü il tarixdə imzalanmış üçtərəfli Bəyanatın 4-cü bəndinin tələblərinin kobud şəkildə pozulmasının əməli nəticəsi idi və bütün bunlara görə yalnız Ermənistan hökuməti məsuliyyət daşıyırdı. Bu baxımdan dinc mülki əhalinin və hərbçilərin təhlükəsizliyinə təhdid yaradan Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması və Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi ölkəmizin təbii və qanuni haqqı idi. Bir zamanlar ölkəmizi təhdid edərək, “əgər bir daha hərbi əməliyyatlar başlarsa, biz Yevlağa kimi gedəcəyik” deyən, hətta reinteqrasiya proseslərinin müzakirəsi üçün məkan kimi Bakı və Yevlax şəhərlərinə gəlməkdən belə imtina edib öz şərtlərini irəli sürən mənfur düşmən “Dəmir yumruğ”un zərbəsini yenidən daddıqdan sonra Yevlax şəhərinə gələrək yardım dilədi. Sentyabrın 28-də Qarabağın separatçı rejiminin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı. Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs olundu və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli Bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı. 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan təntənəli hərbi paradın keçirilməsi Qələbəmizin möhtəşəm simvoluna çevrildi.
Sevinc Azadi, “İki sahil”