Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Emin Məmmədovun barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Bakı Apellyasiya Məhkəməsinin qərarı kassasiya şikayətinə münasibətdə ləğv olunub və cinayət işi apellyasiya instansiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilib.
İttihama görə, Emin Məmmədov 2018-2020-ci illərdə "Aqro-Azərinvest” MMC-nin Satış və Marketinq şöbəsinin ekspeditoru və 2020-2021-ci illərdə isə həmin şirkətin Kommersiya departamentinin ekspeditoru vəzifəsində işləyib. O, işlədiyi müddət ərzində MMC-nin Bakı məhsul anbarından buraxılan malları müşayiətedici sənədlərə uyğun olaraq təhvil alıb, pərakəndə və topdansatış satışını həyata keçirib. Sonra o, satdığı malın 49 743 manat pulunu şirkətin xəzinəyə təhvil verməyərək, dələduzluq edib.
Nərimanov Rayon Məhkəməsinin Emin Məmmədov 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum olunub. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib və dərhal məhkəmə iclas zalından azad olunub. Hökmdən narazı qalan məhkum apelyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Daha sonra Emin Məmmədov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət etmişdi.
Kamal Məmmədov