AZ

Putinə qarşı həbs ritorikası - hüquqi nihilizm, yoxsa...

Rusiya da dost ölkələrdən Avropa liderlərinin saxlanılmasını istəyə bilərmi?

Rusiya prezidenti Vladimir Putin Monqolustana səfər edən andan onun həbs ritorikası başladı. Gözlənildiyi kimi, ilk bəyanat Ukraynadan gəldi. “Monqolustanın Beynəlxalq Cinayət Məhkəməsinin Putin barədə məcburi həbs qərarına əməl etməməsi BCM və beynəlxalq cinayət mühakiməsi sisteminə ciddi zərbədir”.

Bunu Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Georgi Tixi deyib: “Monqolustan təqsirləndirilən cinayətkarın ədalətdən qaçmasına icazə verdi və bununla da onun hərbi cinayətlərinə görə məsuliyyəti bölüşdü. Bunun Ulan-Batora təsirini təmin etmək üçün tərəfdaşlarla işləyəcəyik”.

Xatırladaq ki, Monqolustan sözügedən qərar çıxarıldıqdan sonra Putinin səfər etdiyi ölkələr arasında Roma Statutunu ratifikasiya etmiş yeganə dövlətdir.

Həmçinin müxtəlif Qərb və Avropa təsisatları da Monqolustana bununla bağlı tənələr etməyə başladılar.

Elxan

 Elxan Şahinoğlu 

Politoloq Elxan Şahinoğlu deyib ki, Qərb Ulan-Batordan Monqolustana səfər edən Rusiya prezidenti Vladimir Putinin həbsini tələb edir, Moskva isə “prezidentimi həbs etsən, başın bəlaya girəcək” deyə hədələyir: “Monqolustan Roma statutuna qoşulanda Putinin bu ölkəyə səfəri mövzusu müzakirə predmeti deyildi. Bəlkə də Ulan-Bator Putini Monqolustana Roma statutuna qoşulmadan əvvəl dəvət edib. Monqolustan Çingizxanın dövründəki imperiya deyil ki, Rusiya prezidentinin əllərini qandallayıb Beynəlxalq Məhkəməyə təhvil versin. BRİCS-in zirvə toplantısı Cənubi Afrika Respublikasında keçiriləndə bu ölkənin dövlət başçısı Putin zəng edərək, ona açıq dedi ki, tədbirə gəlməməyiniz məsləhətdir, onlayn qoşulun. Çünki Cənubi Afrika Respublikası da Roma Statutuna qoşulub. Putin ora getmədi. Monqolustan Cənubi Afrika Respublikası deyil, Rusiya və Çin arasında sıxılıb qalmış ölkədir. Monqolustanı pis vəziyyətə salan Putindir. O bu ölkəyə səfərə getməyə də bilərdi. Bu ölkə ilə iqtisadi mövzuları Rusiyanın baş naziri Mişustin müzakirə edə bilərdi. Putin Monqolustana getməklə beynəlxalq aləmə mesaj göndərib ki, Roma Statutunu saymır və onu imzalayan ölkə Rusiya prezidentinin həbsinə risk etməz”.

Ümumən bir dövlətin fəaliyyətdə olan qanuni prezidentinin beynəlxalq axtarışla saxlanılması ədalət prinsipi sayıla bilərmi? Bu, dünyada çaxnaşmalar yarada bilən məsələdir. Məsələn, sabah da Putin adekvat olaraq ona dost, müttəfiq olan ölkələri bir yerə toplayıb Moskva statutu (şərti) formalaşdıra bilər, tələb qoyular ki, Avropa ölkələrinin liderləri bu ölkəyə girdikdə onu saxlasınlar. Bu cür tendensiyalar nə vəd edir?

Abutalıb

Abutalıb Səmədov

“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutu yalnız kiçik dövlət rəhbərləri üçün işləkdir. Rusiya kimi böyük dövlətin prezidentinin Roma Statutuna görə həbs olunması real deyil: “Hər hansı bir dövlət belə bir addım atıb Vladimir Putini həbs eləyə bilməz. Üstəlik, səfər ərəfəsində bu məsələlər çox diqqətlə əvvəlcədən danışılır və hər cür gözlənilməz hadisə istisna olunur. Əgər problem olsa öncədən səfər ləğv olunur. Məsələn, belə bir addım BRİKS-in Cənubi Afrika Respublikasında keçirilən sammiti ərəfəsində baş vermişdi və ölkə rəhbəri Rusiya prezidenti Putindən xahiş etmişdi ki, səfərə gəlməsin. Putin də getmədi. Ancaq Monqolustan səfərində aydın idi ki, gözlənilməz heç nə ola bilməz və Ukrayna Xarici İşlər Nazirliyinin etirazı, Monqolustanın məsuliyyət daşıdığının bəyan edilməsi, digər bir sıra ölkələrin Monqolustana etiraz eləməsi vəziyyəti dəyişməyəcək. Böyük dövlətlərin liderlərinin Beynəlxalq Cinayət Məhkəməsinin orderi ilə həbs olunması mümkün deyil. Xüsusilə nüvə dövlətlərinin liderlərinin. Kiçik dövlətlərə münasibətdə isə belə bir addım atıla bilər. Yaxud prezidentlik səlahiyyəti başa çatdıqdan sonra belə bir addımın atılması mümkündür. İndi Monqolustana qarşı hansı tədbirlər görürləcək? Onsuz da Roma Statutunu təsdiq eləyən dövlətlər yalnız BMT üzvü olan dövlətlərin bir hissəsini əhatə edir. Çox nüfuzlu dövlətlər bu statutu qəbul eləməyiblər. Monqolustanı çıxarmaqla Beynəlxalq Cinayət Məhkəməsi heç nə qazana bilməz. Hansısa addımın atılması da gözlənilmir. Ümumiyyətlə, bu praktika güman edirəm ki, yanlış praktikadır və iri dövlətlərin hegemonluğuna xidmət eləyir. Dövlətin başçısı toxunulmazdır və onun hansısa ölkədə həbs olunması hesab edirəm ki, yolverilməzdir. Əgər o cinayət törədibsə, yalnız hakimiyyət müddəti başa çatdıqdan sonra həbs orderinin icrası mümkündür və təmin oluna bilər. Əgər hamı üçün bunu eləmək mümkün deyilsə, onda yalnız zəif dövlətləri seçmək və onların liderlərini məsuliyyətə cəlb etmək yalnışdır. Bu praktikadan Beynəlxalq Cinayət Məhkəməsi imtina eləməlidir. Əks halda, xoşagəlməz tendensiyalar yarana bilər və bu beynəlxalq münasibətlərə çox ciddi zərbə vurar, çox ciddi problemlər  yarada bilər”.

İkili

Xəyal Bəşirov

Hüquqşünas Xəyal Bəşirov isə bildirdi ki, Rusiya tərəfinin azacıq da olsa narahatlığı, qorxusu olsaydı, prezident Putin Monqolustana səfər etməzdi. Rusiya tam əmin idi ki, Monqolustan dövləti Putinin həbsini həyata keçirməyəcək. Roma Statutunun böyük dövlətlərin liderlərinə tətbiq edilməsinin mümkün olmadığını bu hadisə təsdiqləmiş oldu: “Beynəlxalq Cinayət Məhkəməsi 1998-ci ilin iyul ayında Roma Statutunu qəbul edib. Roma Statutu 2002-ci ildə qüvvəyə mindi. Bu günə qədər Roma Statutunu təsdiqləyən dövlətlərin sayı səhv etmirəmsə, 137-dir. Ən son ötən ilin martında Ermənistan da buna qoşulub. Nəzərə alaq ki, həmin 137 dövlətin ərazisində Roma Statutunun tələbləri, o cümlədən də ona uyğun şəkildə qəbul edilmiş qərarlar qüvvədədir. Qəbul edilmiş qərarlardan biri də Rusiya prezidenti Vladimir Putinin həbsinə dair verilmiş orderdir. Roma Statutunu imzalayan tərəflərdən biri elə Rusiyanın özü idi. Lakin proses ratifikasiya məsələsinə gələndə imtina etdi. ABŞ isə Roma Statutunu imzalamaqdan öncədən imtina edib. Onsuz da Qərblə Rusiya arasında bütün məsələlərdə mübarizə gedir. Roma Statutu da bu mübarizədə alət kimi istifadə olunur. Gələcəkdə Rusiya tərəfinin də təzyiq üçün başqa bir adla "Roma Statutu" yaratması istisna deyil. Rusiya özünə yaxın hesab etdiyi, onunla yaxın olan dövlətlərlə birlikdə belə bir sənəd qəbul edə bilər. Bununla da Qərbdən olan siyasi liderlərin məsuliyyətə cəlb edilməsi məsələsini legitimləşdirə bilər. Deməli, əslində Roma Statutu dünya siyasi münasibətlər sistemində mənfi tendensiyalara yol açır. Şübhəsiz ki, biz Ukrayna müharibəsinə haqq qazandırmırıq, istənilən dövlətin ərazi bütövlüyünə təhdid yaradılmasının, onun xalqının hüquqlarını pozan addımların hüquqi məsuliyyəti olmalıdır. Lakin Rusiyaya, Rusiya prezidentinə ən böyük səlahiyyəti verən də BMT Təhlükəsizlik Şurasındakı dövlətlərdir. Dünyanı nüfuz dairələrinə bölən dövlətlər BMT Təhlükəsizlik Şurasının bir sıra məsələlərə adekvat münasibət ortaya qoymasına mane olurlar. Beləliklə, Rusiyaya da hüdudsuz hərəkətlər etmək imkanı yaratmış olurlar".

Hüquqşünas vurğuladı ki, Azərbaycan xalqına qarşı ağır müharibə cinayətləri törətmiş Ermənistanın Roma Statutunu imzalaması hadisəsi əslində bu sənədin nüfuzuna, mahiyyətinə, imicinə ciddi xələl gətirib və onun oyuncaq bir sənəd olması mənzərəsini yaradıb: “Bu amilləri nəzərə alsaq, əslində Roma Statutu dar çərçivədə konkret qütbün maraqlarına xidmət eləyən sənədlərdən biridir”.  

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Seçilən
55
38
musavat.com

10Mənbələr