Elnur Fərzəliyev: “Qiymətlərə yenidən baxılmalı və qiymətləndirmə əraziyə uyğun aparılmalıdır”
Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsi Maliyyə Nazirliyi tərəfindən tənzimlənir və bu proses bazar qiyməti əsasında aparılır. Bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.
Paytaxtda söküləcək binalarla bağlı danışarkən E.Əzizov vurğulayıb ki, köhnə binaların da insanlar kimi əvvəli və axırı var: "Köhnə binalar sökülür, onların yerində yeni binalar tikiləcək. Aparılan siyasətin nəticəsidir ki, bu gün Bakı şəhəri genişlənir, gözəlləşir".
Qeyd edək ki, Bakıda siyahıya alınan 130 binadan 65-i ilə bağlı sənədlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunub. Hazırda komitə digər yerli qurumlarla birgə inventarlaşdırma işləri aparır. Bu binaların sakinləri mənzillərin müqabilində kompensasiya alaraq evlərini tərk edəcəklər. Sakinlər isə bildirir ki, kompensasiya məbləği bazar qiymətinə uyğun deyil. Bu səbəbdən də sakinlər söküləcək evlərə veriləcək kompensasiya məbləği ilə razılaşmır.
“Standart olaraq hər yerə stabil qiymət ödəmək olmaz, həmin ərazidəki mənzillər bazar qiymətləri ilə qiymətləndirilməlidir”
Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, daşınmaz əmlak bazarında ciddi qiymət artımı olduğu üçün evləri sökülən və ya söküləcək sakinlərə ödənilməli olan kompensasiya məbləğinə də yenidən baxılmalıdır: “Bakının təsdiqlənmiş Baş Planına uyğun olaraq 2040-cı ilədək köhnə binalar sökülməli, yeni, müasir yaşayış binaları inşa olunmalıdır. Amma əlbəttə ki, sakinlərin mülkiyyət hüquqları qorunmaq şərtilə. Əmlak bazarında, bəllidir ki, son dövrlərdə ciddi qiymət artımı var. Ona görə də kompensasiya məbləğlərinin hesablanmasına yenidən baxılmalıdır. Kompensasiya məbləğlərində artım edilməlidir. Təbii ki, qiymətləndirmə əraziyə görə fərqlənəcək"
Ekspertin sözlərinə görə, paytaxtda söküntü işləri 2 formada aparılır. Biri dövlət tərəfindən, digəri özəl şirkətlər tərəfindən. Torpaqların dövlət ehtiyacları üçün satın alınması zamanı hər hansı yaşayış binasının, qeyri-yaşayış obyektinin sökülməsi, sakinlərin köçürülməsi zərurəti yarandıqda qiymətləndirmə qanuna müvafiq şəkildə aparılır və sakinlərə kompensasiya ödənilir: “Elə bir məbləğ olmalıdır ki, mərkəzdə mənzil almağa yetsin. Qanunda belədir. Amma söküntü işləri özəl tikinti şirkətləri tərəfindən aparıldıqda sakinlərə yeni tikiləcək binalarda mənzillər təklif edilir, bundan əlavə 2-3 il müddətinə - tikinti işləri nə qədər davam edəcəksə, həmin müddət ərzində sakinlərə həm kirayə haqqı ödənilir, həm də əşyaların daşınma xərcləri”.
Həmsöhbətimiz onu da vurğuladı ki, qiymətləndirmə standart formada aparıla bilməz: “Çünki Bakının çox sayda rayonları var. Hər ərazinin metrostansiyaya yaxın və uzaq olması ilə bağlı qiymətləri var. Yəni standart olaraq hər yerə stabil qiymət ödəmək olmaz. Həmin ərazidəki mənzillər bazar qiymətləri ilə qiymətləndirilməli və ona uyğun formada da pul ödənilməlidir. Ancaq onu da nəzərə almaq lazımdır ki, kompensasiyanın artması daşınmaz əmlak bazarında qiymətlərin qalxmasına səbəb ola bilər. Çünki söküntü ərazisi genişlənir, çox evlər sökülər və bazara kütləvi alıcı daxil olar. Tələbat artdıqca, qiymətdə nisbətən artım ola bilər. Hazırda Bakının Nərimanov, Nəsimi, Binəqədi, Yasamal rayonlarında birotaqlı “Xruşşovka” layihəli mənzilin satış qiyməti 90-115 min manat arasında dəyişir. Belə mənzillərin sahəsi 30 kvadratmetrdır. Deməli, bir kvadratmetrin qiyməti 3500-3800 manat arası dəyişir. Vətəndaşın 30 kvadratmetrlik evini söküb 60 min manat verdikdə, o, ən yaxşı halda həmin birotaqlını Xırdalan, Sumqayıt şəhərindən ala bilər. Bu da kütləvi etiraza səbəb olar ki, Bakıda yaşayır, evi sökülürsə, ona ən azından yaşadığı ərazidə ev alacaq pul, ya da ev verilməlidir. Bu baxımdan, qiymətlərə yenidən baxılmalı və qiymətləndirmə əraziyə uyğun aparılmalıdır”.
Günel CƏLİLOVA