Hüquq elmləri doktoru, professor İlham Rəhimovun Globalinfo.az-a müsahibəsini təqdim edirik:
– İlham müəllim, ilk sualımız sentyabrın 1-də Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlıdır. Bu seçkilərdən sonra ölkəmizin yeni mərhələyə qədəm qoyduğunu iddia etmək olarmı?
– Əslində, bütün seçkilər ölkə üçün gələcəkdə müəyyən dəyişikliklərə səbəb olur. Fikrimcə, parlament seçkiləri də cəmiyyətimizdə inkişafa təkan verəcək.
– Seçkilərdə iştirak etməməyiniz cəmiyyətdə bəzi suallar yaradır. Müsbət imicə sahibsiniz, böyük təcrübəniz var, eləcə də maddi imkan baxımından seçkiyə qatılmaq, nəticə əldə etmək üçün kifayət qədər resursa maliksiniz. Deputat mandatı əldə etmək sizə maraqlı deyil, yoxsa burda başqa amillər var?
– Bu sualı mənə çoxu, o cümlədən tovuzlu həmyerlilərim tez-tez verir. Onlar seçkilərə qatılmağımı, deputat olmağımı istəyirlər. Amma mən artıq qərarımı vermişəm: siyasətlə məşğul olmuram…
– Siz cəmiyyətdə daha çox siyasətçi kimi qəbul olunursunuz…
– Yaşadığımız cəmiyyətdə istəsək də, istəməsək də proseslərin içindəyik. Ona görə bəzən hansısa məsələlərlə bağlı fikirlər səsləndiririk. Amma mən siyasətlə yox, elmlə məşğulam və elm mənim üçün bütün məşğuliyyətlərdən daha cəlbedici görünür. Ona görə də vaxtımın əksər hissəsini elmə həsr edirəm, məhsuldar yaradıcılıqla məşğulam, yeni kitabım üzərində işləyirəm. Yeri gəlmişkən, “Dünya dinlərində cinayət və cəza. Tarixi, dini, hüquqi və fəlsəfi aspektlər” adlı sonuncu kitabım bu yaxınlarda işıq üzü görüb.
– Rusiya Prezidenti Vladimir Putin avqustun 18-19-da Azərbaycana rəsmi səfər etdi. Kritik dövrdə baş tutan səfəri və onun yekunlarını necə qiymətləndirirsiniz? Dostunuz və tələbəlik yoldaşınız olan Rusiya lideri ilə səfərlə haqda hər hansı dialoqunuz olmuşdumu?
– Putin prezidentliyi dövründə Azərbaycana bir neçə dəfə səfərə gəlib. Lakin onun son səfəri əvvəlki səfərlərindən kəskin şəkildə fərqləndi, dünyada və Azərbaycanda böyük maraqla qarşılandı, ciddi müzakirələrə səbəb oldu. Hamını daha çox maraqlandıran yeganə sual bu idi: Putin Rusiya-Ukrayna müharibəsinin şiddətləndiyi, Ukraynanın Kurska daxil olduğu vaxtda Bakıya rəsmi səfərə nəyə görə gəlib?..
– Bakıda iki lider – Əliyevlə Putin arasında nələr müzakirə edilib?
– Adətən, rəsmi səfərlərdə dövlətlərarası münasibətlər müzakirə olunur. Digər tərəfdən, Əliyev və Putin müzakirə olunan məsələlər barədə mətbuata və ictimaiyyətə geniş məlumat veriblər.
– Prezidentlərin müzakirə etdikləri mövzularla bağlı Sizin hər hansı məlumatınız varmı?
– Yalnız onu deyə bilərəm ki, Prezidentlərin apardığı müzakirələrdə mənə də aid olan bir məsələ var idi. Hər iki prezident Sankt-Peterburq Universiteti bazasında Bakıda Rusiya-Azərbaycan universitetinin yaradılması haqqında razılığa gəliblər. Hansı ki, həmin universitetin yaradılmasında və görüləcək işlərin təşkilində mənim də iştirakım planlaşdırılır…
– Putinin Bakıya səfərindən sonra onunla bu barədə müzakirə apardınızmı?
– Putinin Bakıya səfərindən bir həftə sonra onunla Moskvada görüşdüm, səfər barədə təəssüratlarını öyrəndim. Rusiya nəhəng, nüvə silahına malik qonşu dövlətdir. Azərbaycanın bu ölkə ilə dostluq münasibəti qurması çox yaxşı haldır.
– Səfərlə bağlı detallara vardımı? Bakı barədə, Azərbaycan haqda xüsusi olaraq nələr dedi sizə?
– Putin Bakının gözəlliyindən danışdı. Söhbətimizdə Bakını həddən ziyadə sevdiyini dedi. Bütövlükdə Azərbaycanla bağlı müsbət fikirlərini bölüşdü mənimlə. Həmçinin qonaqpərvərlikdən, qarşılanmasından da çox razılıq etdi. Putinə aid Bakı ilə bağlı kiçik bir xatirəmi ilk dəfə sizinlə bölüşmək istəyirəm. 2016-cı ildə Putin Bakıya gələndə məni səhər yeməyinə dəvət etmişdi. Söhbət əsnasında ondan Bakı şəhəri ilə bağlı təəssüratını soruşdum. Mənə cavab verdi ki, şəhərdə son illər görülən işlərə və Bakının belə gözəlləşməsinə heyran qalıb. Sonra çox maraqlı bir cümlə işlətdi: “Əgər Heydər Əliyev bunları görsəydi, oğlu ilə fəxr edərdi”.
– Rusiya Erməniləri İttifaqı Prezident Putinə müraciət edib. Onlar Bakıda həbsdə olan separatçı-terrorçu liderlərin azad edilməsi üçün Putindən kömək istəyib. Xüsusən Ruben Vardanyan məsələsində aktivlik göstərirlər. Necə düşünürsünüz, Putin separatçıların, xüsusən də Vardanyanın azad edilməsi məsələsində Bakı ilə danışıqlar apararmı? İş adamı kimi tanınan Vardanyan haqqında fikirləriniz nələrdir?
– İnanmıram ki, bu mövzu iki dövlət başçısının müzakirə predmeti olsun. Eyni zamanda xatırlatmaq istəyirəm ki, sözügedən şəxs öz xahişi ilə Rusiya vətəndaşlığından imtina etmişdi.
– Son vaxtlar Rusiyanın Ermənistan-Azərbaycan danışıqlarında bir qədər geri çəkildiyi qənaəti yaranmışdı. Ancaq Rusiya prezidentinin Bakı səfərindən sonra bu qənaət tamamilə aradan qalxdı. Putin Bakıda olarkən bildirdi ki, danışıqlar barədə Nikol Paşinyana məlumat verəcək. Ardınca İlham Əliyevlə telefon danışığı baş tutdu. Bundan sonra Rusiya XİN üçtərəfli işçi qrupunun Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirməli olan marşrutu müzakirə etdiyini bildirdi. Sizin fikrinizcə, burada ictimaiyyətdən gizlədilən hansısa məsələlər müzakirə edilibmi?
– Məncə, görüş çərçivəsində, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması, eyni zamanda Rusiyanın vasitəçilik istəyinin müzakirəsi və Azərbaycanın buna razılıq verməsi istisna deyil. Ümumiyyətlə, rəsmi Bakı üçün prosesin hansı variant əsasında baş tutmasının əhəmiyyəti yoxdur. Sülh danışıqlarının Moskvada da baş tutması mümkündür. Əslində Rusiya heç vaxt vasitəçilik niyyətindən geri çəkilməyib, sadəcə, indiyə kimi Ermənistan buna razılıq vermir.
Azərbaycan Ermənistandan fərqli olaraq bütün qərarları, o cümlədən sülh danışıqları ilə bağlı qərarı müstəqil qəbul edir. Bu gün heç bir ölkə Azərbaycana diktə edə bilməz, həmçinin Rusiya.
– Bəs, rəsmi Bakının Moskvanın təsiri altında olması fikri necə yaranıb?
– Mənim fikrimcə, dünyada baş verən proseslərdən anlayışı olmayanlar yalnız belə düşünə bilər ki, Rusiya hansı ölkə ilə yaxşı münasibət qurursa, həmin dövlət Moskvanın diktəsi ilə hərəkət edir. Hazırda Azərbaycan və Rusiya müttəfiq dövlətlərdir. Hər iki dövlət arasında dostluq münasibətləri var. Rusiya, mənim başa düşdüyüm və bildiyim qədər, nəinki Azərbaycanın, eləcə də keçmiş qonşu respublikalarının problemlərinin yükünü öz üzərinə götürmək istəmir. Eyni zamanda öz yükünü də dost dövlətlərin üzərinə qoymaq fikrində deyil. Rusiya keçmiş Sovet İttifaqının bütün xalqları ilə yalnız iqtisadi, humanitar və siyasi sahələrdə mehriban münasibətlər qurmaq istəyir.