AZ

Kəlbəcərin məşhur “İstisu” mineral suyu 30 ildən sonra yenidən istehsal olunur

Azərbaycanın Kəlbəcər rayonunun dağlıq ərazilərində yerləşən “İstisu” mineral suyu, təbii halda 60°C-dən yuxarı temperaturda çıxan nadir termal su kimi yenidən istehsal edilməyə başlayıb. Bu təbii su mənbəyini 1600 metr yüksəklikdəki termal su yataqlarından götürür və minerallarla zəngin olması ilə seçilir. İstehsalı ilk dəfə 1976-cı ildə başlamış “İstisu” geniş şöhrət tapmışdı, lakin Ermənistanın işğalı nəticəsində 30 il ərzində istehsal dayanmışdı.

Fins.az xəbər verir ki, İndi-illər sonra “İstisu” mineral su zavodu müasir texnologiyalarla yenidən fəaliyyətə başlayıb və regionun məşhur suyunu istehlakçılara təqdim edir. Almaniyanın “Krones” şirkəti tərəfindən təchiz edilmiş və quraşdırılmış avtomatlaşdırılmış istehsal xətləri ilə fəaliyyət göstərən zavodda suyun təbii xüsusiyyətləri qorunaraq illik 100 milyondan çox şüşə butulka istehsal edilir.

“İstisu” suyu natrium bikarbonat və sulfatla zəngin mineralları ilə insan orqanizminə faydalıdır. Tərkibində olan kalsium, maqnezium və digər faydalı elementlər sayəsində sağlamlığa müsbət təsir göstərir. Zavod beynəlxalq standartlara uyğun fəaliyyət göstərir və AZS 216–2006, ISO 9001:2015, ISO 22000:2018 kimi keyfiyyət və təhlükəsizlik sertifikatlarına malikdir.

Zavodda təxminən 100 nəfər işlə təmin edilib və işçilərin əksəriyyəti Kəlbəcər və Laçın rayonlarının sakinləridir. Ətraf mühitin qorunmasına xüsusi diqqət yetirilir və zavodun fəaliyyətində ekoloji cəhətdən təmiz istehsal prosesləri tətbiq olunur. Məqsəd resursların davamlı istifadəsi və tullantıların minimuma endirilməsi ilə ətraf mühitə zərər vermədən keyfiyyətli məhsul istehsal etməkdir.

Fuad Mədətov
Fins.az

Seçilən
140
fins.az

1Mənbələr