Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və misirli həmkarı Əbdülfəttah əs-Sisi iki ölkə arasında müqavilələrin imzalanması mərasimindən sonra birgə mətbuat konfransı təşkil ediblər. Xəbəri “Anadolu” verib.
Prezident Ərdoğan əs-Sisinin Türkiyə səfərindən məmnunluğunu ifadə edərək deyib ki, Prezident əs-Sisi fevral ayında Qahirəyə səfəri zamanı onları çox səmimi qəbul edib. Onun sözlərinə görə, Qahirəyə səfər iki ölkə arasında münasibətlərdə yeni dönüş nöqtəsi olub.
Ərdoğan bildirib ki, türk iş adamları Misir iqtisadiyyatına əhəmiyyətli töhfələr verib, təxminən 3 milyard dollar sərmayə qoyublar. O, türkiyəli sahibkarları Misirə investisiyaları artırmağa çağırıb.
Ərdoğan qeyd edib ki, danışıqlarda Fələstindəki vəziyyət də müzakirə edilib: “Türkiyə və Misir Fələstin məsələsində ortaq mövqedədir. 11 aydır davam edən soyqırımına son qoymaq, daimi atəşkəs rejiminin mümkün qədər tez bərqərar edilməsi və humanitar yardımın maneəsiz axınının təmin edilməsi bizim prioritetlərimiz olaraq qalır”.
Misir prezidenti Əbdülfəttah əs-Sisi Türkiyəyə səfərini iki ölkə arasında köklü əlaqələrin daha da inkişafının göstəricisi adlandırıb. O, Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında bildirib: “Biz bəyan etmişik ki, Yaxın Şərqdə təhlükəsizlik və rifah mövcud münaqişələrin aradan qaldırılması ilə əldə edilə bilər”.
Sisi qeyd edib ki, Misir humanitar yardımın Qəzzaya çatması üçün hər cür səy göstərir. Qahirə hər cür maneələrə baxmayaraq, bunu həyata keçirməyə çalışır.
P.ƏMİRCANOV
XQ