AZ

"Revanşist qüvvələr Ermənistan siyasətində həmişə olacaq" - MÜNASİBƏT BİLDİRİLDİ

"Ermənistanın hazırda siyasətini bir cümlə ilə belə ifadə etmək olar: Ermənistan sülh sazişinin imzalanması prosesini mümkün qədər gecikdirmək, əldə etdiyi vaxt ərzində hərbi-iqtisadi cəhətdən özünü gücləndirməklə gələcək qisas müharibəsinə hazırlaşmaq istəyir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

O bildirib ki, bu gün Ermənistan dövlətinin həm daxili, həm də xarici siyasətində revanşist qüvvələrin hələ də ciddi təsirə malik olmasını və fəal şəkildə iştirak etdiklərini heç bir halda kənara qoymaq, səhv nəzər etmək olmaz: "Çünki Ermənistanın həm hakimiyyətində, həm müxalifətində, həm də cəmiyyətində revanşist qüvvələr bu dəqiqə də öz təsirlərini saxlamağa çalışırlar. Bu gün də Ermənistanın siyasətinə müəyyən qədər təsir göstərirlər. Revanşist qüvvələrin belə fəal olmasının aydın məsələdir ki, məqsədi var. Revanşist qüvvələri Ermənistanda saxlayıb himayə etmək, onları gücləndirmək və məhv olub sırandan çıxmasına imkan verməməyin arxasında Ermənistan dövlətinin, dünya erməni lobbisinin planları var. Dünya erməni lobbisi və Ermənistan siyasi elitası revanşist qüvvələrin qalıb yaşamasında və güclənməsində maraqlıdır. Bu planların arxasında dayanan məqsəd odur ki, revanşist qüvvələri gücləndirib yaşatmaqla birinci növbədə Azərbaycana təzyiq məqsədi güdürlər. Çünki indiki şəraitdə Azərbaycanın qəti şəkildə arzulamadığı və çox ciddi şəkildə mübarizə apardığı perspektivlərdən biri Ermənistanda revanşistlərin yenidən hakimiyyətə qayıtmaq perspektividir. Azərbaycan bunun qarşısını almaq üçün ciddi cəhdlər göstərir.

Bu şəraitdə Ermənistandakı revanşist qüvvələrin ruhlandırılması və gücləndirilməsi sülh danışıqları prosesində Azərbaycana birinci növbədə təzyiq göstərmək məqsədi daşıyır. Bununla Azərbaycana mesaj verilir ki, əgər Azərbaycan indiki Ermənistan hakimiyyətinin şərtlərinə loyal yanaşmasa, o zaman növbəti mərhələdə Ermənistanda belə dağıdıcı və təcavüzkar baxışlara, siyasətə malik revanşist qüvvələr hakimiyyətə gələ bilər. Azərbaycana revanşist qüvvələri gücləndirməklə təzyiq göstərmək istəyirlər".

"İkinci məqsəd revanşist qüvvələrin, ümumiyyətlə, sıradan çıxmasının qarşısını almaq və müəyyən müddətdən sonra nə vaxtsa Ermənistan dövləti gücləndiriləndən, hərbi, iqtisadi, siyasi cəhətdən tam hazır olandan sonra açıq-aşkar Azərbaycana qarşı revanşist müharibəyə başlamaqdır. Beləliklə, bu iki məqsəd bu gün Ermənistanda revanşist qüvvələrə verilən dəstəyin pərdə arxasında dayanan iki başlıca məqsədidir.

Revanşist qüvvələrin Ermənistan siyasətindən çıxıb gedəcəyini düşünmək, onların yox olacağını düşünmək sadəlövhlük olardı. Revanşist qüvvələr Ermənistan siyasətində həmişə olacaq. Çünki revanşist qüvvələrin Ermənistan siyasətində qalmasını, Ermənistan hakimiyyəti də, cəmiyyəti də istəyir. Dünya erməni lobbisi və erməni mafiyası da istəyir. Ona görə ki, bunların hamısını birləşdirən vahid erməniçilik ideologiyası var. Bu ideologiyanın da aparıcı tezislərindən biri Türk dünyasından və şəxsən də Azərbaycandan qisas almaqdır. Buna görə də Azərbaycan Ermənistandakı revanşist siyasətə, qüvvələrə verilən bu dəstəyin əsasında dayanan əsl məqsədləri heç vaxt unutmamalı və siyasəti buna uyğun qurmalıdır, necə ki, qururuq" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Seçilən
81
1
sia.az

2Mənbələr